Ağcabədidə inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı videomüşavirə keçirilib - (+FOTO=2 AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı videomüşavirə keçirilib (+FOTO=2 AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədi Rayon İcra Hakimiyyətində inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə videomüşavirə keçirilib. Müşavirədə Ağcabədi rayon prokuroru Salman Səmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları da iştirak edib. İnzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru videobağlantı vasitəsilə müşavirəyə qoşulub.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə rayon ərazisində pambıq səpini işlərinin gedişi, ipəkqurdu toxumunun paylanmasına hazırlıq və bələdiyyələr tərəfindən qanunvericilk normalarına əməl olunması məsələləri müzakirə edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, hava şəraiti ilə əlaqədar pambıq səpinində bir neçə gün fasilə yaransa da, artıq səpini davam etdirmək olar. Buna görə də, yerlərdə səpin işləri qısa müddətdə başa çatdırılmalı və pambığın kompleks becərilməsinə başlanılmalıdır. Bildirilib ki, aprel ayının 29-da rayona 1500 qutu ipəkqurdu toxumunun gətirilməsi planlaşdırılır. Bununla əlaqədar kümçülər tərəfindən ipəkqurdu toxumunun qəbuluna hazırlıq işləri yekunlaşdırılmalıdır.

Bələdiyyələrlə bağlı məsələyə toxunan rayon icra hakimiyyətinin başçısı bildirib ki, şəhər, qəsəbə və kənd bələdiyyə sədrləri və üzvləri qanunvericiliyin tələblərini bilməli və onlara əməl etməlidirlər. Diqqətə çatdırılıb ki, bələdiyyə fonduna məxsus torpaqlar vətəndaşlar tərəfindən zəbt olunur, təyinatı dəyişdirilir. Bəzi vətəndaşlar əvvəllər icarəsində olan və təyinatı üzrə istifadə etmədiyi torpaqlara icarə müddəti bitdikdən və öz təyinatına qaytarıldıqdan sonra da yenidən haqq iddia edir. Bəzi icarədarlar icarə haqqını ödəmir və buna bələdiyyələr tərəfindən göz yumulur. Bu məsələlərdə yerli icra nümayəndələrinin də üzərinə vəzifə düşdüyünü deyən R.Hüseynov bildirib ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyətləri müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmalı, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməli və müvafiq tədbirlər görməlidirlər.

Müşavirədə Ağcabədi rayon prokuroru – baş ədliyyə müşaviri Salman Səmədov bələdiyyələrin fəaliyyətini tənzimləyən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının qanunları, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə haqqında ətraflı danışaraq, bələdiyyə sədrləri və üzvlərinin öz fəaliyyətlərində bu qanunların tələblərinə əməl etmələri olduğunu bildirib. Yeni qanunların və qanunvericilikdə baş verən dəyişiklərin öyrənilməsi üçün bələdiyyələrin mütəmadi şəkildə üzvləri üçün tədris məşğələ toplantıları keçirmələrini tövsiyə edib.

Videobağlantı ilə müşavirədə iştirak edən bələdiyyə sədrləri də çıxış edərək, onları maraqlandıran sualları ünvanlayıb, həmçinin görülmüş işlər barədə məlumat veriblər.

Sonda rayon icra hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini əməl olunması, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin yerlərdə davam etdirilməsini tövsiyə edib.

Qeyd edək ki, ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda, rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyar görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə mütəmadi videokonfrans formatında iclaslar keçirilərək yerlərdəki vəziyyət öyrənilir, kənd təsərrüfatı işlərinin gedişi, koronavirus infeksiyasına qarşı pofilaktik tədbirlər barədə tapşırıq və tövsiyələr verilir.

Öz işini yeni qayda və tələblərə uyğunlaşdıran rayon icra hakimiyyətində vətəndaş müraciətləri üçün yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzi də fəaliyyət göstərir və “qaynar xətt”ə gələn zənglər, whatsapp mobil tətbiqi və digər onlayn vasitələrlə daxil olan bütün müraciətlər dərhal operativ şəkildə qanunamüvafiq cavablandırılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !