Rusiya işğalının 100 illiyinə bəzi düşüncələrim -

Rusiya işğalının 100 illiyinə bəzi düşüncələrim

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bir qrup Azərbaycan aydını – dəyərli dövlət böyüklərimiz Azərbaycan Xalq Cümhuriyyətini yoxdan var elədi. Bu Cümhuriyyət 23 ay yaşadı. 23 ayda bir çox dövlətlərin 23 ildə edə bilmədiklərini etdi bu böyük insanların qurduğu Cümhuriyyət.
Azərbaycan insanı müstəqil dövlətin nə olduğunu gördü. İnsana – şəxsiyyətə hörmət qoyuldu. Yabançıların istismarı sona çatdı. Vətən övladlarımız azad yaşamağın nə olduğunu o zaman anladı.
Lakin düşmən də boş durmadı o qısa dönəmdə. Səfərbər olundu. İçəridəki xainləri də bir an belə boş buraxmadı və planlar cızdı ki, bu Cümhuriyyəti məhv etsin.
Düşmən bacardı da bunu! İçəridəki xainlərlə birləşən rusların 11-ci Qırmızı Ordusu 1920-ci il aprelin 28-də Şərqin ilk cümhuriyyətini devirdi. Böyük rus şovinizmi yenidən üzərimizdə hakim kəsildi. Ermənilərlə birləşən, içimizdəki xainləri də yanına alan rus işğalçıları milli liderlərin zülmlə qurduğu bir müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyətini devirib sonrakı illərdə bütün milli aydınlarımızı, millətin qaymaqlarını güllələtdirdi, yox etdi.
Bütün bunları ruslar etdi, rus işğalçıları etdi. Adını Sovetlər qoydular. Sovet İttifaqı qurdular, bizim də guya könüllü şəkildə ora birləşdiyimizlə bağlı yalanlar uydurub özümüzə də sırıdılar. Yeni nəsillər elə bildi ki, Azərbaycan doğrudan da könüllü olaraq bu birliyə qoşulub və işğalçı rus ordusunu xilaskar kimi qəbul etdi. Ona görə də 11-ci Qırmızı Orduya illər uzunu “11-ci Qızıl Ordu” dedi xalqımız. Biz aldadıldıq. Uşaqdan böyüyə hər birimizin beyninə yeridildi ki, böyük rus xalqı olmasa batarmışıq!
Lakin taleyin ədaləti bərqərar oldu illər sonra. 1991-ci ildə Azərbaycan xalqı bu mənfur İttifaqdan ayrılıb öz müstəqilliyini elan etdi. İşğalçı Rusiya da bu durumla barışmaq zorunda qaldı. Lakin bəd əməllərindən də əl çəkmədi. Erməniləri üzərimizə salıb arxasında duran Rusiya torpaqlarımızın işğalına səbəb oldu. Milli olan nə varsa onun üzərindən xətt çəkmək üçün bütün uzantılarını işə saldı.
Bu gün Azərbaycan müstəqildir. Dönməz bir müstəqilliyə sahibik indi. Lakin baxırıq ki, bəzi yarımqafalılar və Moskva uzantıları millətin milli kimliyini 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal etmiş mənfur əcdadları kimi ayaqlar altına atmaqdadırlar. Bu ünsürlər hər yerdə Azərbaycan kimliyini və Azərbaycan dilini sıxışdırmaqla məşğuldur. Azərbaycanlı olduqları halda öz aralarında rus dilində danışmağa üstünlük verən bu qanıqarışıqların əcdadları kimi sabah dövlətimizi Moskvanın ayaqları altına atmayacağının heç bir təminatı yoxdur!
Biz bir millət olaraq qürurumuzdan vaz keçməməliyik! İçimizdə olan, Azərbaycanın çörəyini yeyib nankor çıxan heç kimə güzəşt edilməməlidir! Bu dövlət neçə-neçə mərd oğulların qanı hesabına yenidən müstəqillik qazandı və bu müstəqilliyi kiminsə şıltaqlığına heç kim qurban verməməlidir!
Biz bu dövləti qorumalıyıq! Rusiya işğalından qorumalıyıq! Bəli, məhz Rusiya işğalından! Çünki son vaxtlar yenə də Moskvanın sahibləri SSRİ-nin bərpasından danışır. Azərbaycanda da bəzi beyinsizlər belə bir ittifaqa qucaq açmağa hazır olduqlarını həyasızcasına hayqırmaqdadırlar. Onlara keçid verilməməlidir!
Millətin hər bir fərdi vəzifəsindən və sosial durumundan asılı olmayaraq ölkəmizi xarici qüvvələrin ayaqları altına atmağa hazır olan, rusca düşünüb rusca danışmağı öz ana dilimizdən üstün tutanların hər birinin qarşısını kəsməlidir!
AZƏR HƏSRƏT azerhasret.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !