Prezidentin statusu və bəzi texniki məsələlər haqqında - Azər HƏSRƏT yazır (+FOTO=5)

Prezidentin statusu və bəzi texniki məsələlər haqqında Azər HƏSRƏT yazır (+FOTO=5)

 Koronavirus erası başlayandan yeni texnologiyalardan istifadə də bir şərt olub. Artıq dünyanın hər tərəfində böyük-böyük qurumların, ayrı-ayrı dövlətlərin rəhbərləri öz fəaliyyətini internet üzərindən, bəzən də kabinetdən-evdən çıxmadan həyata keçirir.

Azərbaycan da istisna deyil. Üstəlik, illər öncədən Prezident İlham Əliyevin sərgilədiyi strateji uzaqgörənliyi sayəsində ölkəmiz də qəfil yaxalandığı bu bəla dönəmində informasiya-kommunikasiya texnologiyalarından yetərincə uğurla istifadə edir. Prezidentin özü şəxsən adi günlərdə olduğu kimi indi də işinin başındadır, hətta daha artıq şövqlə – yorulmadan çalışır. Çalışır ki, bütün dünyanın əlində əsir-yesir olduğu koronavirus bəlasından xalqımızı mümkün qədər az itki ilə çıxarsın. Və bacarır da. İndiki mərhələ üçün Azərbaycan məhz İlham Əliyevin düzgün taktikası və həssaslığı sayəsində fəlakət ölkələri sırasında deyil. Əlbəttə, sonra nə olacağını heç kim proqnozlaşdıra bilməz. Lakin indiki durum qənaətbəxşdir.

Bizimsə sözümüz bunda deyil. Dedik axı, həyat davam edir, Prezident də daxil olmaqla hər kəs üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Çalışmalıdır da. Biz də jurnalist olaraq yaxşıya yaxşı, pisə pis deməyə davam edirik. Öz konstruktiv tənqidlərimizi yazır, xoş məramımızı düzgün anlayanların işinin daha keyfiyyətli alınmasına kənardan töhfə verməyə çalışırıq. Elə bu yazımız da o qəbildəndir.

Aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Keneşinin (Şurasının) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Az.TV və İTV başda olmaqla bütün kanallarımızda bunu izlədik. Hər şey əla, qaydasında idi. Görüntülər uyğun şəkildə təqdim edilirdi. Yəni Prezident İlham Əliyev vəzifəsinə uyğun olaraq göstərildi. Təbii ki, bizim bu görüntülərlə bağlı heç bir sualımız yaranmadı. Videokonfransın texniki tərəflərini kimin və ya hansı qurumun təmin etdiyini bilmirik. Lakin etiraf edirik ki, yetərincə peşəkar təmin edilmişdi. Söhbət, bir daha qeyd edirik, işin görüntü tərəfindən gedir. President.az saytındakı videolardan aldığımız bu şəkillərlə dediyimizi təsdiq edə bilərik.

 

 

Türk Keneşinin toplantısından ümumi görüntü
 
Prezident İlham Əliyevin Türk Keneşinin toplantısında çıxışını əks etdirən görüntü

 

Lakin cari ilin 1-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş 14 aprel tarixli videokonfransın görüntüləri haqqında bunu deyə bilmərik. Təəssüf ki, bu dəfə yetərincə peşəkarlıq nümayiş etdirilmədi, Prezident İlham Əliyevin ümumi fonda fərqləndirilmiş – seçilən görüntüləri təqdim edilmədi. (Söhbət hamının ümumi ekranda görünməsi halından gedir.) Nazirlərin də qatıldığı bir videokonfransın görüntülərində ölkə prezidentinin ən aşağıda digərlərindən biri kimi təqdim edilməsi əsla və əsla uyğun davranış deyil. Bir daha təəssüf edirik ki, belə bir görüntü TV kanallarımızda təkrar-təkrar yayımlandı. Belə anlaşılır ki, bu videokonfransın texniki təchizatını təmin edənlər ya öz işlərində naşıdır, ya da siyasi etiketi anlamırlar.

 

İlin 1-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş 14 aprel tarixli videokonfransdan görüntü
Eyni səhv aprelin 17-də yenə də Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi videobağlantılı iclasda müşahidə edildi. Cəmi 3 nəfərin iştirak etdiyi videobağlantıda Prezidentin təbii olaraq üst sırada tək, nazirlərin isə aşağı sırada yanaşı verilməsi lazım idi. Lakin ümumi görüntüdə Prezident İlham Əliyevlə İqtisadiyyat Naziri Mikayıl Cabbarov bərabər statuslu vəzifəlilər kimi yanaşı təqdim edildi.

Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi videobağlantılı iclasdan görüntü

 

Bunu adi halla izah edərsək, sanki Prezident bu iki nazirlə masa arxasında bir toplantı keçirir, orda Mikayıl Cabbarov gedib düz Prezidentin yanında oturur. Belə olarmı? Təbii, nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində hansısa nazir və ya başqa şəxs belə toplantılarda prezidentlə bərabər statuslu kimi yanaşı otura bilməz. Di gəl ki, yenə də TV kanallarımız ölkə Prezidentini bir nazirlə eyni statuslu kimi göstərən görüntüləri efirə verməklə yanlış etmiş oldu. Düzdür, TV yetkililərimiz deyə bilər ki, bizə Prezident Administrasiyasından belə təqdim edilib, olduğu kimi də efirə vermişik. Belə də olub əslində. Ona görə də PA-da bu işlərlə kim məşğul olursa, bundan sonra belə məsələlərə diqqət etməsi şərtdir.

Yeri gəlmişkən, xüsusi rəğbət bəsləmədiyim Rusiyanın yenə də xüsusi rəğbətim olmayan Prezidenti Vladimir Putinin də bənzər videokonfranslarından birinin şəklini təqdim edirəm.

 

Rusiya Prezidenti Vladimir Putinin videobağlantılı toplantılarının birindən efirə verilmiş görüntü

 

Göründüyü kimi Rusiya Prezidenti videokonfransda iştirak edənlərdən fərqləndirilərək təqdim edilir. Yəni onu da ümumi olaraq digərləri ilə eyni cür təqdim etmirlər. İstər-istəməz tamaşaçı anlayır ki, bu adam digərlərindən biri deyil, hamıdan birincidir…

Sözardı: Bizi qaralayanlar indi bu yazımı da donos dəftərlərinə əlavə edəcəklər yəqin. Vecimə də deyil. Mən Prezident İlham Əliyevə sadiqəm və onunla bağlı istənilən yanlış davranışı ictimailəşdirməkdən çəkinmirəm. Məqsədim işini bilməz adamların işinə daha məsuliyyətlə yanaşmasına yardımçı olmaqdır…

Sözardına sözardı: Üzvü olduğum İctimai TV və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının toplantılarında Şirkətin o vaxtkı direktoru Cəmil Quliyev həmişə Şura iclaslarında gəlib masanın lap aşağısında otururdu. Ha illah edirdik ki, yuxarı başa keçin, təşəkkür edib yerində qalırdı. Sonra Şirkətə Balakişi Qasımov direktor seçildi. O da eyni qaydada masanın başında oturmağa heç vaxt cəhd eləmədi. Yəni vəzifəsi gərəyincə belə etməsi lazımdı, edir də. Çünki həm Cəmil Quliyev, həm də Balakişi Qasımov etiketin nə olduğunu yaxşı anlayır. Lakin bugünlərdə sözü gedən KİV DF haqqında bunu deyə bilmirik. Artıq keçmiş icraçı direktor Vüqar Səfərli Müşahidə Şurasının bütün iclaslarında başda və tək oturdu bu illər ərzində. Bir dəfə Osman Gündüz Müşahidə Şurasının iclasından bir şəkli paylaşıb tənqidi fikirlərini yazandan sonra Vüqar Səfərli Şura sədrini də yanında oturtmağa başladı…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !