TÜRK DÜNYASININ COĞRAFIYASI VƏ ETNOSU ÜÇCİLDLİYİ ÜZƏRINDƏ IŞLƏR DAVAM EDİR -

“TÜRK DÜNYASININ COĞRAFIYASI VƏ ETNOSU” ÜÇCİLDLİYİ ÜZƏRINDƏ IŞLƏR DAVAM EDİR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi öz fəaliyyətini elan edilmiş karantin şəraitinə uyqunlaşdıraraq onlayn şəkildə davam etdirir. Əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqatlarını davam etdirməklə yanaşı “Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçüncü cildi üzərində işlərini uğurla tamamlamağa çalışırlar.
Əvvəlcədən aparılmış bölgüyə əsasən İnstitutun 20-dən artıq alimi öz bölmələrini yazıb, elektron formada kitabın buraxılışına məsul olan, İnstitutun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənova göndərirlər. O hər bir bölməni redaktə edir, ayrı-ayrı dövlət və qurumların coğrafiyası haqqında verilmiş məlumatların eyni sxem üzrə olmasını gözləməklə onların üzərində işləyir və çapa hazırlayır.
M.Həsənovun məlumatına əsasən bu möhtəşəm əsər son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilmiş ən mühüm işlərdən biridir. Kitabın birinci cildi 2019-cu ildə çap edilmişdir ki, həmin cild eyni zamanda rus dilinə tərcümə edilmiş və nəşr edilərək oxucuların istifadəsinə verilmişdir. Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və MDB məkanında yerləşən Türk dilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki milli Türk qurumlarına göndərilməsi nəzərdə tutulur. Kitabın ikinci cildi də bu ilin əvvəllərində çapdan çıxmışdır.
“Regional coğrafiya” adlanan və 3 fəsildən ibarət olan əsərin birinci fəsli müstəqil Türk dövlətlərinə həsr edilib. Burada həmin dövlətlərin həm fiziki, həm də iqtisadi-sosial coğrafiyası haqqında məlumatlar öz əksini tapır.
İkinci fəsil Rusiya Federasiyası tərkibində olan milli türk qurumlarının, o cümlədən Çin Xalq Respublikasının tərkibindəki Sintsızyan-Uyğur Muxtar rayonunun fiziki və iqtisadi-sosial coğrafiyasına həsr edilib. Kitabın üçüncü fəsli isə müstəqil dövləti və milli qurumu olmayan türk xalqlarının coğrafiyasından bəhs edir.
İşin gedişini təhlil edən direktor müavini “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin “Regional Coğrafiya” adlanan bu cildinin də yüksək elmi keyfiyyətlə hazırlanıb vaxtında çap edilərək oxuculara çatdırılacağına əminliyini bildirib.
M.Həsənov həmçinin bildirib ki, Coğrafiya İnstitutunun elmi seminarları aprelin 22-dən etibarən öz işini əvvəlki kimi, hər həftənin 3-cü günləri onlayn şəkildə davam etdirəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !