Təranə Məmmədova: - Övladıma koronavirus epidemiyasını necə izah edim?

Təranə Məmmədova: ”Övladıma koronavirus epidemiyasını necə izah edim?”

- ”Övladıma koronavirus epidemiyasını necə izah edim?” sualı hazırda bütün valideynləri düşündürən ən əsas problemlərdən biridir.
- Əgər uşağınız bağçaya getmirsə və yaşı 3-dən azdırsa, o zaman koronavirus haqqında heç nə deməyinizə ehtiyac yoxdur. Bu yaşda uşaqlar üçün vacib olan əsas məsələ valideynlərinin təlaşsız və özlərinin güvəndə olduğunu hiss etmələridir.
- 3-6 yaş arası uşaqlar üçün sadə açıqlama kifayətdir: “Uşaqlar bir müddət bağçaya getməyəcək, çünki qripə bənzər bir virusdan xəstələnə bilərlər...” Əsla uşağa bu virusun ölümcül fəsadlarından danışmaq olmaz. Əks halda uşaqlarda əsassız fobiyalar, enurez, yuxu və yemə pozuntusu kimi problemlər yarana bilər.
- 7 yaşdan yuxarı uşaqlarla isə problemi ətraflı müzakirə etmək olar. İlk olaraq koronavirus haqqında hansı məlumatları bildiyini soruşmalı, daha sonra doğru informasiyanı çatdıraraq, bunun keçici bir vəziyyət olduğunu bildirməlisiniz.
Əgər müzakirə zamanı uşağınızın qorxduğunu hiss edirsinizsə, onu sakitləşdirməyə çalışın və ciddi əməl etməsi gərəkən qaydaların onu təhlükədən qoruyacağına inandırın.
1.Karantin müddətində heç kəslə toxunaraq təmas qurmaq və 3 metrdən yaxın məsafədə dayanmaq olmaz.
2.Əlləri tez-tez sabunla yumalı, tibbi maskadan istifadə etməliyik.
3.Buruna, ağıza və gözə əllərlə toxunmaq təhlükəlidir.
4.Başqa şəxslərin əşyasından istifadə etmək olmaz.
Əgər uşağınız bir müddət sonra qorunma yollarına əməl etməkdən bezərsə, bu halda bunları oyun, yaxud yarış şəklində etmək lazımdır (1 dəqiqədən az olmamaq şərtiylə kim əllərini tez yusa mükafat qazanacaq və s).
- Karantin müddətində övladlarınızla çoxlu vaxt keçirib, bütün ailə üzvləriylə birlikdə maraqlı oyunlar oynamağa çalışın. Ev tapşırıqlarını birlikdə edin, film izləyin, nağıllar oxuyun. Bu zaman həm birlikdə əylənəcəksiniz, həm də uşaqlar özlərini güvəndə hiss edərək, qorxularından azad olacaqlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !