Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: - təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının bugün Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görülür. Kifayət qədər maarifləndirmə işi aparılsa da, sosial mediada yayılan, etibarlı mənbələrə söykənməyən məlumatları doğru xəbər kimi qəbul etmək və inanmaq psixoloji gərginliyə səbəb olur. Mütəxəssislər qeyd edir ki, əhval-ruhiyyə nə qədər pessimizmə köklənsə, virusa yoluxmaq riski də bir o qədər yüksək olar. Bu səbəbdən Bakı Dövlət Universitetinin (BDU) Psixolji Yardım Sektoru sizə aşağıdakı tədbirləri məsləhət görür.
Yeni növ koronavirusla (COVİD-19) bağlı əhalinin əksəriyyətində təşviş müşahidə edildiyindən, bu müddət ərzində diqqət yetirməli olduğunuz nüanslar:
Sosial media və KİV-də pandemiya təhlükəsi ilə bağlı informasiya axınına məruz qalmaq həyəcan və təşvişə səbəb ola bilər. Həmçinin müxtəlif informasiya ilə yüklənmək koqnitiv (informasiyanı mənimsəmək qabiliyyəti) və duyğusal yorğunluq yarada bilər. Buna görə valid mənbələrdən müəyyən məlumatlarla kifayətlənmək tövsiyə edilir;
Ətrafınızda azyaşlılar olarkən virus haqqında müzakirələrə diqqətli yanaşmaq lazımdır. Çünki, uşaqlar görmədikləri xəstəlik haqqında həyəcan müşahidə edirlərsə, daha kəskin reaksiya verə bilirlər. Bu səbəbdən uşaqlara əməli addımlar (müntəzəm olaraq əlləri yuyub təmiz saxlamaq kimi) öyrətmək lazımdır. Bu onların virusa yoluxma riskini azaltmaqla yanaşı, vəziyyətə nəzarət hissini də artıra bilər;
Övladlarınıza virusun qarşısını almaq naminə infeksiyaya nəzarət, özünüqoruma qaydalarının aşılanması böyük əhəmiyyət kəsb edir. Uşaqlar dünyanı etibar ediləcək məkan kimi qavramağa ehtiyac duyurlar. Bu qavrayış böyüklərin davranış və hissləri ilə birbaşa bağlıdır.
Azərbaycan hökuməti Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün sistemli mübarizə aparan qabaqcıl ölkələr sırasındadır və bu tədbirlər lazımi səviyyədə həyata keçirilir. Vətəndaş olaraq biz də həyata keçirilən tədbirlərə qoşulmalı, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik.
Sosial özünütəcrid dönəmində COVİD-19 virusu ilə bağlı təlaşa düşməmək, xofa qapılmamaq, təmkinli davranmaq üçün nələrə diqqət etmək lazımıdır:
Karantin zamanı sosial münasibətlərə önəm vermək, sevdiyiniz insanlarla virtual əlaqə yaratmaq sizi psixoloji olaraq daha dözümlü edəcək. Əgər özünüzü yalnız hiss edirsinizsə, düşünün ki, dünyanın 170 ölkəsində hər kəs mövcud şəraitlə ilə əlaqədar evdə qalır;
Evdə keçirdiyiniz vaxtı səmərəli etmək üçün yeni fəaliyyətlərə başlamaq sizin psixi sağlamlığınıza müsbət təsir göstərəcək. Bunlara kitab oxumaq, idman və musiqi ilə məşğul olmaq, dil öyrənmək, onlayn kurslarda iştirak etmək və s. kimi fəaliyyətlər aid ola bilər;
Evdə qalmaq sizə həm də yazmaq, yaratmaq, yeni ideyalar, maraqlı layihələr üzərində işləmək kimi imkanlar verir;
Sosial izolyasiya zamanı cəmiyyətə ən çox təsir edən faktor bu dönəm ərzində sosial fəaliyyətin məhdudlaşdırılması və pandemiyanın gedişatı ilə əlaqədardır. Çünki virusun doğuracağı nəticələrin məchul qalması, insan təbiətinə ən çox narahatlıq doğuran nüansla – situasiyaya nəzarət edilə bilinməməsi – ilə bağlıdır. Bu zaman insanlarda təşvişlə yanaşı, qorxu, aqressiya, özünü dəyərsiz hiss etmə kimi hallar müşahidə edilə bilər. Bunun qarşısını almaq üçün ilk olaraq mövcud şəraitin fövqaladə hal olduğunun qəbul etmək gərəkdir;
Sosial mühitdən uzaq olmağı özünüzlə və sevdiyiniz insanlarla daha çox vaxt keçirməyiniz üçün əlverişli fürsət kimi dəyərləndirin. Hər kəsin həyatında etmək istədiyi, lakin zaman ayıra bilmədiyi bəzi fəaliyyətlər var ki, bu fəaliyyətlər həmin şəxsin özünü qiymətləndirməsində xüsusi rol oynayır. Xüsusi karantin vəziyyəti buna nail olunması üçün əla fürsətdir;
Psixoloqların insanlara bu situasiya ərzində tövsiyə etdiyi məqamlardan biri də imkan olduqca hədəflərinizi xatırlamağınızdır, çünki hədəflər bizi yaşamağa sövq edən ən böyük motivasiyadır (bu günlərin müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın);
Xüsusi vurğulamaq lazımdır ki, mövcud şəraitdə fiziki fəaliyyətin  kəskin azalması orqanizmdə stress hormonunun (kortizol) çoxalması ilə nəticələnə bilər. Buna görə də hər gün istisnasız şəkildə fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur. Fiziki fəaliyyətin xoşbəxtlik hormonunun (endorfin) ifrazına səbəb olduğu elmə məlumdur;
Karantin zamanı günləri (mümkünsə həftələri) planlamağınız tövsiyə olunur ki, gün ərzində boşluğa düşməyəsiniz (“vaxtım çoxdur, amma heç vaxtım yoxdur” kimi). Hətta, karantindən sonra nələr edəcəyinizi planlaşdırmağınız belə sizə xoş təsir edəcək.
Sizi, Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək olmağa çağırır, çətin günlərdə səbirli olmağınızı arzu edirik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !