Dünya təşviş içindədir - - Tahir Süleymanov yazır

Dünya təşviş içindədir - Tahir Süleymanov yazır

 Dünya təşviş içindədir. İnkişaf etmiş hegemon ölkələr koronavirusa kütləvi yoluxur, Avropa Ittifaqında olanlar bir-birini qırır, Amerika Çində maska oğurluğu edə-edə "Ay da mənimdir" deyir, Hindistan polisi insanları dəyənəkləyir, Fransa, Almaniyadakılar Afrika əhalisi üzərində testlər aparmaq eşqinə düşür, "demokratik" dünya susur, Belarus da "özünüz bilərsiz" deyir...
Rusiya İtaliyaya, okeanın o tayına yardımlar göndərir, İranı yada salan yoxdur, Türkiyə öz çarəsini qılır, SSRİ dağıldığı kimi "şengen zonası" qapanır, balaca ölkələr böyüklərə baxıb əl-ayağa düşür, imkanı olanlar kimsəsiz ada alır, kasıblar da "bir abbası" dərdi çəkir...
Kəbə bağlanıb, Vatikanda "pəncərə" qarşısına toplaşan yox, Qüdsdə "divar" önünə gələnlər qeybə çəkilib. İnsanlar ev dustağına çevrilib, qorxu, xof dünyanı caynağına alıb. Ingiltərədə "mənəviyyat zirvəsi" qərarı qəbul edilib, ağır xəstələr qarşısında "kim ölsün-kim qalsın" seçimləri edilir...
Dünya savaşlarından sonra hər dəfə olduğu kimi texnoloji sıçrayışlar birə beş artır, müasir cihazlar uğurla sınaqlardan keçirilir, bəşər aləminin psixoloji nəbzi yoxlanılır, qloballaşma dövründə "evdə qal"la nəzarətə götürülür, idarə edilir, gələcək onilliklərə hazırlıqlar görülür...
İlk dəfə olaraq planetar masştabda ümumi təlimlər keçirilir, region savaşları, dini ayrı-seçkiliklər yaddan çıxır, bəşəriyyətin ulduz savaşlarında kütləvi karantinləşməsi, hospitallaşması, "bir-iki əldən", vahid mərkəzdən idarə olunması yoxlanılır, təmin edilir...
Asteroidlər yaxınlaşır, üçüncü dünya savaşı kosmosa daşınır. Artıq "dayandoldurum" yerüstü silahlar, tanklar, piyada döyüşçüləri işə yaramır. Kosmik Silahlı Qüvvələrin davamı olaraq, yeni, tam robotlaşmış Texniki Hərbi Qüvvələr sistemi formalaşdırılır, hazırlanır...
İldən-ilə bəşər əhli fantastik sürətdə çoxalır, məcburiyyətdən ancaq "çörək dərdi" düşünülür. Qlobal robotlaşma məkanında bu sayda əhaliyə ehtiyac da duyulmur, getdikcə insan əməyinə tələbat da azalır. Sıravi insanların bilmədikləri çox mətləbləri zaman yetişdikcə bəşər aləmi görəcək...
Sivilizasiya inkişaf etdikcə, "artıq" insanlar planetdə çoxalır. Mənəviyyat itdikcə, qocalara, xəstələrə qarşı soyqırım əməliyyatı aparılır. Planeti idarə edənlərə sağlam qullar lazımdır.
Hələ ki, Asiya, Afrikadakı ucuz işçi qüvvəsi yetərli, sərfəlidir. Böyük əksəriyyəti də 50 yaşdan o tərəfə keçə bilmir...
"Demokratiya beşiyi" Avropada miqrasiya pərdəsi altında mədəni qullar, ucuz işçi qüvvələri çalışır, Rusiya da keçmiş respublikalardan olan qullarla doludur. Dünyanın brend şirkətləri çoxdan Asiyaya köçürülüb. Amerika da eyni durumdadır. 2 milyonluq Qətər əhalisinin 1,5 milyonu gəlmə qulluqçulardır. Əmirliklərdə də oxşar vəziyyətdir.
Dünya futbol topları təminatının 80-90%-i Pakistanın ucuz işçi qüvvəsinin üzərinə düşür, messilər, ronaldolar, o toplarla oynayaraq yüz milyonlar qazanır. "Adidas"ın birkalarında görünən çinliliyi, vyetnamlığı artıq heç kimi təəccübləndirmir. Acından ölməmək üçün qulluq edənlər özlərini cənnətdə hiss edirlər. İnkişaf etmişlərin əhalisi çoxdandır 5-10 qəpiyə işləmək istəmir...
Dünya dəyişir, karantindən sonra daha da fərqli olacaq. Bir tərəfdən bəşər aləmi anlayacaq ki, "dünya malı dünyada qalır", digər tərəfdən idarəçilərlə idarə olunanlar arasında şiddət artacaq. Gələcəkdə xeyirlə şərin region, dini savaşları deyil, ümumibəşər qarşıdurması baş verəcək...
Koronavirus bəla gərirməklə yanaşı dünyanın bağlanmış gözlərini açır. Varlısı da, kasıbı da əlacsızdır. Pullular yüz milyonluq yaxtalarını, on milyonluq təyyarələrini, milyonluq maşınlarını sürə, keflərini çəkə bilmirlər. İmkansızlar da bir parça çörək üçün dövlətdən, varlılardan yardım gözləyirlər...
Təzadlı görünsə də, bu sınaq, insanları bir-birindən ayırmaqla, evlərə daşımaqla daha da yaxınlaşdırır. İnsan tanımadığı insan həyatı uğrunda könüllü olaraq ölümə gedir, yoluxur, xəstə ilə birgə ölür. Milyonlarla insanlar ehtiyacı olanlara, bir-birilərinə təmənnasız yardım edirlər. İnsanlar ölsə də, insanlıq ölməyib hələ...
İnsan, İnsanlıq simasından çıxanlar təlaşdadırlar, belə olmamalıdır, insanlar bir-birini qırmalıdır. İnsan övladı isə, bu çətinliklərdə xristian, müsəlman, dinsiz olmağı yox, ilk olaraq yenidən insan olmağı öyrənir artıq. Unudulmuş, yalançı deyil, həqiqi mərhəmət hissləri geri qayıdır. Qayıdırsa, deməli bəşəriyyət ölməyəcək. Dünyanı yaxşılar xilas edəcək...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !