Mənalı ömür yaşamış əsl ziyalı.. - +FOTO=26

Mənalı ömür yaşamış əsl ziyalı.. +FOTO=26

(Portret cizgiləri)
Yadıma gəlir ki, 2013-cü ildə Şabranda Novruz bayramı şənlikləri keçiriləndə bizi məktəbdən həmin tədbirdə iştirak etməkçün aparmışdılar. Orada 400 nəfərədək məktəbli vardı. Şabran rayon Təhsil və Mədəniyyət şöbələrnin müdirləri bizi 60 yaşlarında, nurani sifətli, orta boylu, hərəkətlərində yaşına uyğun olmayan çevilik, cəldlik olan bir insanla tanış etdilər. Dedilər ki, bu insan tanınmış yazıçı-rejissor Ağalar İdrisoğludur və Şabran rayonunda Novruz bayramı şənliyini hazırlamağagəlib. Sonra söz həmin şəxsə verildi. O, qalın qaltanlı səsilə, aydın danışığı ilə, gülər üzüylə hamını salamladı. Şabran rayonu və Novruz bayramı ilə bağlı bizim bilmədiyimiz çox maraqlı fikirlər söylədi. 10-15 dəqiqəlik çıxışıyla hamını ələ aldı. Novruz bayramı tədbirini necə hazırlayacağı ilə bağlı da bizə qısa məlumat verdi. Həmin gündən aktyor-baletmeystr Vüsal Mehrəliyevlə birlikdə bizimlə rəqslər və plastik hərəkətlər qurmağa başladı. Onun dediyi tapşırıqları yaxşı yerinə yetirdiyimə görə bir dəstənin başçısı məni təyin etdi. Bütün məktəblilər onunla çox həvəslə məşq edirdi. Çünki o, yeri gələndəzarafat edir, qısa lətifə danışır və dəqiq edə bilməyənlərə hərəkətləri elə ustalıqla, şişirdilmiş formada göstərirdi ki, hamımız ucadan gülürdük... O özünün məntiqi düşüncəsi, ağlı, yaxşı təşkilatçılığı ilə hər birimizi ovsunlamışdı. Dərslərə candərdi yanaşan biz yuxarı sinif şagirdləri Novruz bayramı şənliyinin məşqlərinə böyük həvəslə gəlirdik.
Az bir vaxtda Ağalar İdrisoğlu bizimlə çox maraqlı Novruz bayramı şənliyi hazırladı. Bu tədbir rayonda çox maraqla qarşılandı. Həmin müddətdə biz, Ağalar İdrisoğlunun və aktyor-baletmeystr Vüsal Mehrəliyevin sayəsində bir neçə rəqs də öyrəndik. Tədbirdən sonra, Ağalar İdrisoğlu bizdən ayrılanda hamımız çox məyus olmuşduq. Savadlı, ziyalı, hər kəslə tez dil tapan, xarakterimizi az bir vaxtda öyrənən belə bir insandan ayrılmaq istəmirdik. Hamı onunla şəkil çəkdirmək istəyirdi... Mən də şəkil çəkdirdim. Bu gün həmin şəkli əziz bir xatirə kimi saxlayıram. O vaxtlar mən yenicə şeirlər yazmağa başlamışdım. Bir gün utana-utana yeni yazdığım şeirləri ona təqdim etdim. Elə yanımdaca oxudu və mənə yaxşı məsləhətlər verdi. Məni həvəsləndirdi ki, yeni şeirlər yazım. Həmin il mən orta məktəbin 10-cu sinfində oxuyurdum. 2014-cü ildə Ağalar İdrisoğlu Şabran rayonuna yenidən gəldi. Xocalı ilə bağlı tamaşa hazırladı. Novruz bayramı şənliyinin hazırlanmasına rəhbərlik elədi. Biz məktəblilər həmin tədbirdə yenə də böyük həvəslə iştirak etdik. Mən bir daha yazdığım şeirləri ona göstərdim. Oxudu. Yaxşı məsləhətlər verdi. Çoxlu kitablar oxumağı, poeziyanın sirlərini daha yaxşı öyrənməyi bir böyük müəllim kimi tövsiyyə etdi.
Orta məktəbi bitirəndən sonra daha onunla təmasda olmadım. 2015-16-cı illərdə o, yenə Şabrana tədbirlər hazırlamağa gəlmişdi. Amma biz görüşə bilmədik. Beləliklə, daha sonra Ağalar İdrisoğlunu görmədim. Ara-sıra mətbuatdan, saytlardan onun hekayələrini, məqalələrini oxuyurdum. Televiziyada onun quruluş verdiyi tamaşalarla bağlı çıxışlarını görürdüm. Ayrı-ayrı yazıçıların tədbirində, teatr tamaşalarında dediyi maraqlı fikirləri də eşidirdim. Onun məsləhətindən sonra ədəbiyyata, şeir yazmağa marağım çox artmışdı. Hərdən məqalələr də yazırdım. Amma illər keçəndən sonra Ağalar müəllimin oxuduğu şeirləri bir daha təzədən oxudum və gördüm ki, onlar elə də maraqlı deyil. Deməli, o, məni həvəsləndirmək üçün belə deyibmiş. Həmin illərdən beynimdə bir fikir qalmışdı. Ağalar müəllimlə bağlı bir yazı işləmək istəyirdim. Axır ki, bu yaxınlarda onun telefon nömrəsini tapıb zəng etdim. Əlbəttə, mən onun yadında qalmamışdım. Axı orada dörd yüz nəfər məktəbli vardı. Həm də o vaxtdan yeddi il keçib...
2020-ci ilin əvvəlində onunla zəngləşdik və görüşməyi planlaşdırdıq. Beləliklə, biz onun quruluşçu rejissor işlədiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrındakı iş otağında görüşdük. Bu otaqda bədii və sənət əsərlərindən ibarət yüzlərlə kitab, afişa var idi. Əsl sənət otağını, muzeyi xatırladırdı.
Biz onunla Şabranda keçirdiyi və quruluş verdiyi bir-birindən maraqlı tamaşaları, teatrlaşdırılmış kütləvi səhnələri xatırladıq. Baxışlarından, danışığından gördüm ki, həmin illər onun üçün də əziz illər kimi yaddaşında qalıb. Sonra yeddi il ərzində məni maraqlandıran sualları bir-bir ona verdim. Ağalar İdrisoğlu özünəməxsus səbrlə, məntiqlə, bəzən də yumorla həmin sualları cavablandırdı.
- Ağalar müəllim, Siz Azərbaycan teatrı, ədəbiyyatı və jurnalistikası mühitində çox yaxşı tanınırsız, ən bacarıqlı teatr təşkilaçılarından birisiz. İstər Bakı və Sumqayıtda, istərsə də respublikanın bir sıra teatrlarında tamaşalar qurmusuz, el şənliklərinə, kütləvi tədbirlərə ssenarilər yazıbsız və rejissor kimi quruluş veribsiz. Azərbaycan teatr aləmində Sizin özünüzə görə ad-sanınız var. Amma butün bunlarla yanaşı, istərdik rejissor, aktyor, yazıçı, dramaturq, jurnalist, publisist Ağalar İdrisoğlu ilə daha yaxından tanış olaq. Belə tanışlığa isə istər-istəməz uşaqlıq, yeniyetməlik illərindən başlamaq lazım gəlir.
- Gülnar xanım, məni belə böyük təmtəraqla təqdim etdiyinizə görə sizə çox təşəkkür edirəm. Qaldı uşaqlığıma? Uşaqlığım, yeniyetməliyim çox məşəqqətli, ağır, iztirablı keçib. Açığı həmin illəri yada salanda kövrəlirəm… (O, bir müddət susdu. Sonra söhbətinə davam elədi.)
1950-ci il mart ayının 16-sında Masallı rayonunun Digah kəndində dünyaya göz açmışam. Bu kənd artıq Masallı şəhərilə birləşib və əfsuslar olsun ki, adını da tarixdən siliblər. Ən acınacaqlısı budur ki, belə böyük və maraqlı tarixlər yaşamış kənd Masallı şəhərinin adicə bir küçəsi adlanır. Bəli, acınacaqlı olsa da bu, bir həqiqətdi… Əvvəlcə, kəndimizdəki səkkizillik, sonra da Masallı şəhərindəki Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi bitirmişəm. Böyük çıxmasın, qələmə, yazıb-yaratmağa əvvəldən özümdə tükənməz bir həvəs, bir ehtiras hiss etmişəm. İlk yazılarım 1966-67-ci illərdə Masallının “Çağırış”, “Azərbaycan pioneri” qəzetlərində çap olunub. Qələmlə yanaşı, məndə qoşa qanad kimi teatra, səhnəyə də güclü meyl olub. Masallı Mədəniyyət evində Şakir Həsənov və Adil Səfərovun birlikdə yaratdıqları və rəhbərlik etdikləri Miniatür Teatrı məndəki səhnə eşqini daha da artırıb. Fürsətdən istifadə edərək həmin ilk sənət müəllimlərimə dərin təşəkkürümü çatdırmaq istəyirəm. Adil Səfərov dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Əfsus ki, belə bir sənətkar Masallı mühitində yaşadığına görə respublikada aktyor kimi lazım olan səviyyədə tanınmadı. Amma çox istedadlı insan idi. Şakir Həsənov isə sonralar teatr aləmindən uzaqlaşıb, mühəndis kimi işini davam etdirdi. İndi təkcə Azərbaycanda yox, çoxlu xarici ölkədə məşhur olan “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin sədridir. O, xarici ölkələrdə tikinti sahəsində gördüyü böyük işlərə görə ən böyük mükafatlar, qızıl medallar, prizlər alıb. Hətta dünyada inşaat sahəsində məşhur olan Beynəlxalq dərəcəli “Sokrat” mükafatına və qızıl medala da layiq görülüb. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına və “Əmək” ordeninə layiq görülüb. Amma teatr sahəsində qalıb işləsəydi, inanıram ki, indi Xalq artisti adını almaqla respublikanın ən tanınmış aktyorlarından, rejissorlarından biri ola bilərdi. Çünki o, böyük fitri istedada malik idi. Onun daxili aləmində təkcə aktyorluq, rejissorluq yox, həm də yazıçıya məxsus olan böyük istedad, təxəyyül vardı. Bu gün də onunla təmasda olan adamlar az bir vaxtda Şakir Rəfi oğlu Həsənovun təsiri altına düşürlər... Onun söylədiklərinə maraqla qulaq asırlar.
- Belə başa düşürəm ki, orta məktəbi qurtarandan sonra, necə deyərlər, çətin yol ayrıcında qalmısız- qələm, yəni yazı-pozunu davam etdirmək, ya da ki…
- Düz deyirsiz, orta məktəbi bitirəndən sonra həqiqətən iki yol ayrıcında qaldım… ya jurnalistika fakültəsinə qəbul olmalıydım, ya da səhnəni, teatrı seçməliydim. Bilmirəm nədənsə ikincini seçdim. 1971-ci ildə sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verdim və SSRİ Xalq artisti, professor, böyük aktyor və rejissor Mehdi Məmmədovun kursuna qəbul olundum. Amma bir ildən sonra qələm eşqi güc gəldi, istədim oradan Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə keçim. Amma Mehdi müəllim özünün uzaqgörən müdrik ağlı, məntiqli fikirlərilə, ləngər, asta danışığı, qaltanlı səsilə məni bu sevdadan döndərdi və dedi:
- Qal, elə burada oxu... Sonra xeyrini özün də görəcəksən.
Sevimli müəllimimin sözlərinə qulaq asıb, elə orada da oxudum. İndi də görürəm və başa düşürəm ki, o, mənə çox ağıllı, əsl pedaqoq, valideyn kimi yaxşı məsləhət verib. 1975-ci ildə həmin fakültəni bitirəndən sonra təyinatla Şəki Dövlət Dram Teatrına göndərildim. O vaxt Şəki teatrı təzəcə yaranmışdı. Baş rejissoru da çox istedadlı insan, Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini yenicə bitirmiş və Azərbaycana gəlmiş rəhmətlik Vaqif Abbasov idi. Onun Şəki teatrına baş rejissor getməsini də biz o vaxtkı Mədəniyyət naziri, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırovdan xahiş eləmişdik. Aktyor və truppa müdiri kimi mən də ona bacardığım kimi köməklik edirdim...
- Bəs necə oldu ki, Sumqayıt teatrına dəyişildiz?
- Kurs yoldaşlarımızla aramızda fikir ayrılığı yarandı. Kursun demək olar ki, yarısı Şəkidə işləmək istəmədi. Mən də onlarla birlikdə ərizə verib, teatrdan çıxdım. Həm də elə o dövrdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olundum və həmin gündən taleyimi Sumqayıtla bağladım. 1976-cı ilin fevral ayından bu şəhər minlərlə insan kimi mənim də tale şəhərim oldu.
- Eşitdiyimə görə, bütün bu illər ərzində Sumqayıtın mədəni həyatında çox fəal iştirak etmisiz.
- Bilirsiz, mənim xasiyyətim elədi ki, hara düşsəm orada bekar dayana bilmirəm. Yəni, necə deyərlər, əlimi qoynuma qoyub oturmaq mənim xarakterimdə yoxdur. Teatrda çalışmaqla bərabər, mən Sumqayıt şəhərindəki 49 nömrəli texniki-peşə məktəbində Respublika texniki-peşə məktəbləri arasında ilk dəfə “Ümid” adlı Teatr-Studiya yaratdım. Çünki hələ ali məktəbdə oxuyanda “Azərnəşr”dəki Mətbuat İşçilərinin Mədəniyyət evində dram dərnəyi yaratmışdım. Orada kiçik həcmli pyeslər hazırlayırdım. Yəni bu sahədə artıq təcrübəm vardı. “Ümid” adlı bu Teatr-Studiyada yarıtmaz müəllimləri, peşə öyrədən rüşvətxor təlim ustalarını tənqid edən səhnəciklər, tamaşalar hazırladım. Onlardan ən kəskini elə 49 nömrəli texniki-peşə məktəbində ədəbiyyat müəllimi işləyən Qalib Əhmədovun yazdığı “Usta Haşım” bir pərdəli satirik pyesi oldu. Daha doğrusu, əvvəlki tənqidlərə dözənlər üçün bu tamaşa bir qığılcım oldu. Bunu da Sumqayıtdakı texniki-peşə məktəblərinin rəhbərləri, müəllimləri, peşə öyrədən ustaları çox böyük narazılıqla qarşıladılar. Onlar tərəfindən mənə dəhşətli təzyiqlər oldu. Hətta tamaşa oynanılan vaxt özlərini səhnədə görən bəzi müəllimlər və peşə öyrədən ustalar səhnəyə çıxıb, onların rollarını oynayan uşaqlara hücum da elədilər. Səs-küy salıb tamaşanı oynamağa qoymadılar. Ona görə də Sumqayıtdakı Texniki-Peşə məktəbləri idarəsinin rəisi olan Laura xanım Bünyatova məni məcbur elədi ki, Teatr-Studiyanın işini dayandırım. Amma başladığım bu böyük işi dayandıra bilməzdim. Çünki ətrafımda yüzə yaxın həvəskar vardı. Həmin vaxtlar yenicə təhvil verilən Oktyabr ( indiki 28 may) Mədəniyyət evinin direktoru İsmayıl Mustafayevlə danışıb, kollektivi bu Mədəniyyət Evinə gətirdim. Artıq bu kollektiv həmin konfliktlərə, söz-söhbətlərə görə Sumqayıtda tanınmağa başlamışdı. Çünki həmin adamlar özləri də bilmədən bizi məşhurlaşdırdılar. Qısa vaxt içərisində bu Teatr-Studiyanın başına, inanın ki, Sumqayıt şəhərindən üç yüz əlli nəfərə qədər adam yığışdı. Mən və yaxın dostlarım olan mütəxəssislər onlara aktyor sənəti, səhnə danışığı, plastika, musiqi, ədəbiyyat, tarix, psixologiya və jurnalistikadan institut səviyyəsində dərslər keçməyə başladıq. Yaratdığım bu kollektiv 1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılməş tamaşasını rəhmətlik Baba Rzayev və mənim quruluşumda oynamaqla Qızl medal aldı. Elə həmin ildə də Azərbaycan Mədəniyyət naziri, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırovun əmri ilə Xalq Teatrı adına layiq görüldü. Sonradan bu kollektivə Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı da deyirdilər. Fəxrlə söyləyə bilərəm ki, indi respublikanın bir çox teatrlarında mənim xeyli yetirməm çalışır. Onlardan bəziləri hətta fəxri adlar da alıblar. Həmin kollektivdə yetişənlərdən çoxu başqa ali məktəblərə qəbul olub həkim, müəllim, jurnalist, mühəndis, rəssam, musiqiçi və başqa peşə sahələrinin də yaxşı mütəxəssisi oldu. Onlar indi də məni görəndə böyük hörmətlə salamlaşırlar. Çoxunu əlbəttə, mən artıq tanımıram. Amma onlar dərin ehtiramla deyirlər ki, “biz sizin kollektivdə yetişmişik. Sizi böyük müəllimimiz bilirik. Çünki siz bizə təkcə təhsil yox, həm də maraqlı həyat dərsi keçmisiz. Bizi həyata hazırlayıbsız”. Əlbəttə, mən bu sözlərdən böyük qürur duyuram. Çünki həmin insanlar Teatr-Studiyada və Xalq Teatrında həm ədəbiyyat, incəsənətin bütün növləri, jurnalistika, psixologiya sahələri üzrə təhsil alır və həm də onlara Oktyabr ( indiki 28 May) adlanan Mədəniyyət Evinin binasını təmizləmək, orada növbətçi qalmaq, tamaşaların dekorasiyasını, əlbəsələrini düzəltmək, paltarlarını tikmək, məktəblərə biletlər yaymaq, Sumqayıtda keçirilən mədəni-kütləvi tədbirlərdə çox yaxından iştirak etmək həvalə olunmuşdu. Onlar da həmin işləri böyük həvəslə, cavabdehliklə görürdülər. Elələri vardı ki, Sumqayıt Milis ( indiki Polis) şöbəsində xırda xuliqanlığa görə qeydiyyatda idilər. Mən onları böyük rus pedaqoqları Makarenko və Uşinski üsulu ilə tərbiyə edir, həyatın həqiqətlərini onlara başa salır və cəmiyyətçün yararlı insanlara çevrilməsinə çalışırdım. Bunu görən Milis şöbəsindəki uşaq inspektorları da onların adlarını öz siyahılarından çıxarır və mənə təşəkkür edirdilər. Çoxunun valideynləri deyirdilər ki, “ uşaqlarımız bizdən çox sizə inanır və sizi sevirlər”. Beləliklə, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, həmin vaxt bir çox uşaqların həbsxanalara düşməsinin qarşısını məhz mən almışam. Yuxarıda dediyim kimi, hətta həmin uşaqlarla biz 1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Feyruz Məmmədovun yazdığı “Bir bayraq altında” adlı teatrlaşdırılmış tamaşanı da oynamışıq. On beş respublikanın içərisində bu tamaşamızla biz birinci yerə çıxmışdıq. Bu tamaşanın quruluşçu rejissorları kimi Əməkdar incəsənət xadimi, mərhum Baba Rzayevə və mənə, rejissor, Başqırdıstanın Əməkdar artisti Konstantin Xristaforoviç Şahbazidiyə və baş rolun ifaçısı , onun həyat yoldaşı Tamara Şahbazidiyə “Qızıl” medal da verdilər. Kollektivin üzvlərinin çoxu isə qızıl, gümüş və bürünc medallar aldı. Deməli, Teatr- Studiya, Teatr yaratmaq mənim şakərimdi. 2007-ci ildə elə sizin Şabran rayon Mədəniyyət İdarəsinin nəzdində “Şabran” Teatr-Studiyasını da mən yaratmışam. Orada da 15-dən çox tamaşaya quruluş vermişəm. İndi də həmin kollektiv öz işini davam etdirir. 2018-ci ildə kollektivə Xalq Teatrı adı verilib. Həm də Şabran məktəblilərinə ədəbiyyatı, teatr sənətini və bütövlükdə incəsənəti sevdirə bilmişəm. Yadımdadır ki, siz məktəblilər mənim bu sahədəki söhbətlərimə, həyatla bağlı dediyim fikirlərə maraqla qulaq asırdınız.
- Bəli, yadımdadır. Elə mənim özümə çoxlu məsləhət veribsiz.O məsləhətlər indi də köməyimə çatır. Teatr təşkilatçılığınız öz yerində… Bunu heç kəs dana bilməz. Aktyorluğunuzu da başa düşdük. Bəs axı Siz həm də rejissor kimi tanınırsız. Peşəkar rejissorluğunuz Sumqayıt teatrından başlayır?
- Yenə bayaq dediyimin üstünə qayıdıram. Məndə boş-bekar oturub kimdənsə nəyisə gözləmək yoxdu. Uğurlumu, ya uğursuz, başım daşamı dəyəcək, ya pambığa- fərqi yoxdur, mütləq irəli getməliyəm. Bu, mənim amalım, ali məqsədimdi. Mən belə yoğrulmuşam. Çünki xarakterim sanqvinikdi. Sanqviniklər həyatda çox gücü, tarazlanmış, hərəkətdə olan, məntiqə söykənən əsəb proseslərilə xarakterizə olunan insanlardı. Onlar fəal yaradıcılıqla işləməyə qadir adamlar olurlar. Onlar çox asanlıqla bir emosional vəziyyətdən digərinə keçə bilirlər. Onlar əgər istəsələr, qarşılarına həlli çətin məsələlər qoyub, onları məntiqlə, asanlıqla həll eləyə bilərlər. Yeri gəlmişkən onu da deyim ki, mən 1981-ci ildə Moskvada rejissorluq fakültəsinə qəbul olunanda, Dövlət Teatr Sənəti İnstitutunda mənə dərs deyən müəllimlərimin köməkliyilə “İnasnın özünü dərk” fəlsəfəsilə bağlı çox geniş bir yazı işləmişəm. Təxminən 4 çap listi kitab həcmindədi. Təxminən 40-50 səhifədi. Mən bunu bir neçə dəfə qəzetlərdə, saytlarda da çap elətdirmişəm. Həmişə maraqla qarşılanıb. Orada psixalogiyaya söykənərək – dörd xarakterdə olan insanların- xaleriklərin, sanqviniklərin, fleqmatiklərin, melanxoliklərin xarakterlərini lazım olan səviyyədə təhlil eləmişəm. Bu da mənə qırx ildir ki, bədii əsərlərmi yazanda, rejissor kimi pyeslər üzərində işləyəndə çox köməklik eləyir. Hansı teara rəhbərlik eləmişəmsə, hansı tearda tamaşa hazıramışamsa bunları orada işləyən aktyorlara, aktrisalara da öyrətmişəm ki, onlara rolları üzərində işləmək asan olsun. Bunlar rejissorlara pyesin geniş təhlilində, obrazların xarakterini açmaqda çox koməklik eləyir.
Hə, qaldı rejissorluğa... Rejissorluğa həvəsim hələ orta məktəb illərindən başlayıb. Həmin vaxtlar Şakir Həsənov və Adil Səfərovun Masallı Mədəniyyət Evində yaratdıqları Miniatür Teatrında çıxış etdiyimdən və səhnəyə böyük marağım olduğundan orta məktəbdə yaratdığımız Dram dərnəyində məktəb yoldaşlarımla səhnəciklər hazırlayırdım. Bu səhnəciklər orta məktəb yoldaşlarımın xoşuna gəlirdi və maraqla baxırdılar. Ordu sıralarında da bədii özfəaliyyətlə məşğul olmuşam. Ordudan qayıdandan sonra Masallıdakı MTS-də dostum Nadir Adıgözəlovla “Traktorçu” kollektivində səhnəciklər hazırlayırdım. Hətta həmin səhnəciklərlə rayon tədbirlərində çıxış edirdik. Ali məktəbdə aktyorluq fakültəsində oxuyanda, bizimlə birlikdə 6 nəfər rejissorluq fakültəsinin tələbəsi təhsil alırdı. Demək olar ki, dərslərimiz çox vaxt bir yerdə keçirdi. Bu illərdərejissorluğa marağım daha da artdı. Sonralar tələbə yoldaşım, çox istedadlı insan, gözəl aktyor və rejissor Hüseynağa Atakişiyev və mən aktyor sənəti üzrə təhsil alandan sonra rejissorluğa da yiyələnib, peşəkar rejissor olduq. Elə hər ikimiz ali məktəbdə oxuyanda Dram dərnəklərində tamaşalar hazırlayırdıq. Mən, yuxarıda dediyim kimi, keçmiş “Azərnəşrin” binasında olan Mədəniyyət evində Dram dərnəyi yaratmışdım. Orada bir pərdəli pyeslər və kompozisiyalar hazırlayırdım. Ali məktəbi bitirəndən sonra Sumqayıt Texniki-Peşə Məktəblərinin “Ümid” adlı Teatr-Studiyasını yaratdım. Ona görə də rejissorluq sənəti üzrə ali təhsil almaq haqqında ciddi fikirləşirdim. Bilirdim ki, rejissorluq peşədir. Bu sahədə hökmən təhsil almaq lazımdı. Hətta dostum Vaqif Abbasov söz vermişdi ki, məni Moskvaya aparıb, özü oxuduğu Dövlət Teatr Sənəti İnsitutunun rejissorluq fakültəsinə daxil olmağıma köməklik edəcək. Əfsus ki, bu fikir reallaşa bilmədi. Vaqif Abbasov 1981-ci ilin aprel ayında dünyasını dəyişdi. Mən onsuz Moskvaya gedib, həmin ali məktəbə “5” qiymətlərlə daxil oldum. Özü də Vaqif Abbasovun oxuduğu musiqili teatrlar rejissorluğu fakültəsinə.
Beləliklə, 1981-86-cı illərdə Moskvada Andrey Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsində oxudum. Onu desəm, yəqin orijinallıq eləmərəm ki, Moskvanın teatr mühiti, o şəhərin sənət dünyası, orada gördüyüm tamaşalar, yaradıcılıq təcrübəsi - hansı səviyyədə olur-olsun – hər cür institutdan, peşə təhsilindən qat-qat yüksəkdir. Açığını deyim ki, bu günün özündə də Moskvanın sənət havası mənə öz təsirini yenə davam etdirməkdədir. Və bununla birlikdə Moskvada rejissorluq təhsili almağım, orada dərs deyən, artıq adları SSRİ teatr tarixinə düşən və hətta xarici ölkələrdə məşhur olan müəllimlərdən bu sənətin sirlərini öyrənməyimə çox şadam. Ona görə də Mariya Osipovna Knebeli, Anatoli Efrosu, İakim Şaroyevi, Aleksandr Barmakı, Yuri Lyübimovu, Oleq Yefremovu, Mark Zaxarovu, Aleksey Qonçarovu, Oleq Tabakovu, Mixail Ulyanovu, Vyaçeslav Spesivtsevi və başqalarını heç vaxt unuda bilmirəm. Onlardan rejissor sənətinin sirlərini öyrənmişəm. Əlli ildir ki, sənət aləmindəyəm, amma onun 45 ilindən çoxunu peşəkar rejissor kimi işləyirəm. Moskvaya rejissor təhsili almağa getməmişdən əvvəl isə bu sənətlə bağlı Mehdi Məmmədovdan, Ədalət Ziyadxanovdan, Vaqif Abbasovdan, Vaqif Şərifovdan, Arif Ağayevdən, Mərahim Fərzəlibəyovdan, Konstantin Xristaforoviç Şahbazididən də bu sənətlə bağlı xeyli şey öyrənmişəm. Həm də xeyirxah insan, əsl ağsaqqal və təmənnasız dost olan, milliyyətcə yunan, Başqırdstanın Əməkdar artisti Konstantin Xristaforoviç Şahbazidi mənim Moskvada imtahanlar verməyə hazırlaşmağıma çox köməklik edib. Rəhbərlik etdiyim Xalq teatrının işlərində də mənə yaxşı məsləhətlər verib. O, uzun illər Rusiya teatrlarında baş rejissor, quruluşçu rejissor işləmişdi. Təqaüdə çıxandan sonra Sumqayıta gəlib, həyat yoldaşı, aktrisa Tamara Şahbazidi ilə burada yaşayırdı. Onların uşaqları yox idi. Mənə və həyat yoldaşım Elmira xanıma öz övladları kimi baxır və bizim uşaqları öz nəvəsi bilirdilər.
- Səhv etmirəmsə, bir müddət Ağdam teatrında da çalışmısız.
- Bəli. 1985-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı və o vaxtlar Mədəniyyət Nazirliyində İncəsənət İdarəsinin rəisi olan, dəyərli ziyalı, əsl dost, tanınmış yazıçı, publisist, dramaturq, ssenarist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının təklifilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərildim. Mənim Ağdamda özümü unudaraq teatrda gecə-gündüz çalışmağıma göz qoyan, sənətə qiymət verən, hələ Şəki teatrına göstərdiyi hədsiz qayğıdan tanıdığım, Ağdam rayonunun o vaxtkı birinci katibi, dəyərli ziyalı, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin tövsiyəsi ilə çox keçmədi ki, mən Ağdam teatrında baş rejissor və direktor vəzifələrini eyni vaxtda yerinə yetirməyə başladım. Burada kollektivin böyük istəyi və təkidi oldu. Onlar Sadıq müəllimə yazılı müraciət yazıb, məndən əvvəlki baş rejissoru və direktoru işdən çıxarmağı və məni onların yerinə təyin etməyi tələb edirdilər. Böyük təşkilatçı insan, ədəbiyyatın, incəsənətin dərin bilicisi Sadıq Murtuzayev və o vaxtkı Mədəniyyət naziri, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırov kollektivin bu arzusunu reallaşdırdı. Məni bu teatra baş rejissor və direktor təyin elədilər. Ağdamda işlədiyim təxminən 3 il 4 ay ərzində 16 tamaşaya quruluş verdim. Bunların da çoxu dünya xalqlarının tanınmış pyesləri idi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, həmin tamaşaların hamısı Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında bir tarixi hadisəyə çevrildi. Bu tamaşaların hamısı tamaşaçılar və mütəxəssislər tərəfindən maraqla qarşılanırdı. Onlardan bəziləri hətta Ümumittifaq səviyyəsində qeyd olundu, Moskva mətbuatında anıldı. Həmin vaxtı Ağdamda keçirilən bütün mədəni-kütləvi tədbirlərin, “Natəvan” qızlar bayramının ssenari müəllifi, quruluşçu rejissoru da mən olmuşam. Həmin tədbirləri çox yüksək səviyyədə hazırlamışam. Hətta Şuşa şəhərində dahi Üzeyir Hacıbəyovun 100 illik yubileyi münasibətilə hazırlanan möhtəşəm teatrlaşdırılmış tamaşanın da ssenari müəllifi və quruluşçu rejissoru məhz mən olmuşam. O vaxtlar, yəni 1985-ci ildə ermənilər bu tədbirin baş tutmamasına çox təzyiq göstərsələr də, onların arzusu ürəklərində qaldı... Şuşada Üzeyir Hacıbəyovun yubileyi çox möhtəşəm keçdi.
- Ümumittifaq səviyyəsində deyəndə Siz yəqin fransız dramaturgiyası festivalı ərəfəsində hazırladığınız Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” tamaşasını nəzərdə tutursuz? Mən Sizi yaradıcılığınızda bu tamaşanın xüsusi rolu olduğunu oxumuşam.
- Bəli. O vaxt müəyyən bir ölkənin dramaturgiyasına həsr olunmuş festival tamaşalarına mütləq Moskvadan komissiya gəlib baxırdı. Onda da belə oldu. SSRİ Mədəniyyət Nazirliyinin 5 nəfərdən ibarət komissiyası Ağdama məhz Alber Kamyunun bu səhnə əsərinə baxmağa gəldilər. Onlarçün maraqlı idi ki, görəsən bu vaxta qədər “Ağdam” çaxırından tanıdıqları həmin rayonda böyük fransız ədibinin bu fəlsəfi əsərini necə hazırlayıblar? Onu da deyim ki, pyesin əsl adı “Anlaşılmazlıq”dı, biz onu “Qismət” elədik… İstedadlı yazıçı, dramaturq, jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı bu pyesi çox yüksək peşəkarlıqla tərcümə eləmişdi. Özünü tərif olmasın, “Qismət”in rejissor yozumu və aktyor oyunu komissiyanın çox xoşuna gəldi. Həmin tamaşada o vaxt baş rolu, dünyadan vaxtsız köçmüş, çox istedadlı bir aktrisa – Əməkdar artist Simuzər xanım Namazova oynayırdı. Ruhu şad olsun. ( Bu rolun ikinci ifaçısı cavan aktrisa Xanirə İsgəndərova idi.) Komissiya bu tamaşaya baxandan sonra istər Bakıda, istərsə Ümumittifaq mətbuatında tamaşa tərifləndi, bu barədə ressenziyalar çap olundu. Sovetlər İttifaqında Alber Kamyunun dram yaradıcılığına bəlkə də ilk müraciətlərdən biri Ağdam teatrında olmuşdu. “Qismət” pyesinə də keçmiş İttifaqda məhz ilk quruluş mənim rejissorluğumla bizim teatrda verilmişdi. Komissiya üzvlərindən birinin zarafatla dediyi söz indi də yadımdadır. “- Da, oçen interesno. Eto “konyak Kamyu Aqdamskoqo razliva”. ( Hə, çox maraqlı tamaşadı. Bu, Ağdam istehsalı olan əsl “Kamyu konyakıdı”.) Ümumiyyətlə, Ağdam teatrındakı işlərimi ömrümün ən məhsuldar işlərindən və illərindən hesab edirəm. Həm də Sadıq Murtuzayev başda olmaqla rayon rəhbərliyindən, Ağdam camaatından və teatrın kollektivindən çox razıyam. Eləcə də başda dünya şöhrətli məşhur alim Xudu Məmmədov olmaqla Ağdam ziyalılarından da çox razıyam. Onlar özlərinin ağıllı məsləhətlərilə mənə çox köməklik ediblər. Tamaşalarımın ən böyük təbliğatçıları olublar. Təsəvvür eləyin ki, hər bir tamaşanın premyerasına Bakıdan Ağdama ən azı 20-30 alim, yazıçı, sənət adamı gəlib baxırdı və bu tamaşalar haqqında böyük fəxarətlə danışırdılar. Xudu Məmmədov isə tez-tez Ağdama gəlir və teatrda mənim otağımda oturub, mənə çoxlu məsləhətlər verirdi. Sadıq Murtuzayev və Xudu Məmmədov teatrı bir növ Ağdamın mədəniyyət mərkəzi etmişdilər. Onların tez-tez teatra gəlməsinə görə rayonun təsərrüfat rəhbərləri də tez-tez teatra gəlib, bizim problemlərimizə köməklik edirdilər. Hətta o zaman Sadıq Murtuzayevin təşəbbüsü və təşkilatçılığı ilə teatr üçün analoqu olmayan bir böyük bina da tikilirdi. Əfsus ki, Qarabağ müharibəsi buna imkan vermədi...
Ağdam Dövlət Dram Teatrında işlədiyim dövrdə orada çox maraqlı, istedadlı aktyor truppası vardı. Onlardan mən Narınc Məlikovanın, Qurban Mirzəyevin, Bəylər Nəcəfovun, Simuzər Namazovanın, Fatma Mahmudovanın, Tofiq Qarayevin, Siyavuş Sultanovun, Səyyaf Əlizadənin, Nazir Rüstəmovun, Səkinə Süleymanovanın, Svetlana Həkimovanın, Cəmilə Məmmədovanın, Vəlyəddin Quliyevin, Vaqif Qasımovun, Yusif Əsgərovun, Nizami Mirzıyevin, Nizami Avirənin, Akif Mirzəyevin, Elxan Mikayılovun, Qabil İbrahimlinin, Aida Qasımovanın, Xanirə İsgəndərovanın, Fəqumə Yusifovanın və başqalarının adını çəkmək istəyirəm. Bunların hamısı istedadlı və peşəkar insanlar idi. Ağdam teatrında baş rəssam işləyən Çingiz Abdullayev respublika səviyyəli rəssam idi. Teatrda məndən əvvəl çox maraqlı rejissorlar olan- Heydər Şəmsizadə, Rafiq Atakişiyev, İldırım Cabbarov, Vaqif Şərifov, Ədalət Ziyadxanov, Məmmədkamal Kazımov kimi sənətkarlar teatrın bədii yaradıcılığına rəhbərlik eləmişdilər. Mənim vaxtımda çox dəyərli, əsl vətənpərvər insan, 1960-cı illərdə Azərbaycanın üç rəngli bayrağını Qız qalasından asdığına görə həbs olunan və istedadlı rejissor olan Cavid Hilaloğlu bir neçə maraqlı tamaşa hazırlamışdı. Teatrın uzun illər direktoru çox böyük təşkilatçı insan, dəyərli ziyalı Məmməd Əmirov olmuşdu. Onun vaxtında Ağdam teatrı xeyli uğura imza atmışdı. Mən o teatrda quruluşçu rejissor və baş rejissor işləyən zaman, bir vaxtlar bizim təhsil aldığımız Azərbaycan Dövlət İncəsənət İnstitutunun uzun illər rektoru işləmiş, sənətşünaslıq elmləri doktoru, xeyirxah insan, Azərbaycan incəsənəti üçün çoxlu kadr yetişməsində əvəzsiz xidmətləri olan müdrik şəxsiyyət, amma sonralar 13 il müddətinə həbs olunan Rahib Hüseynov Ağdamda İslah Əmək Kaloniyasında həbsdə idi, sonralar Sadıq Murtuzayevin təklifilə o, rayonun mədəni işlərinə köməklik edirdi və tez-tez teatra gəlir və mənə maraqlı məsləhətlər verirdi... Mənim hər uğuruma da bir valideyin, mənəvi ata kimi çox sevinirdi.
Bir sözlə, həmin insanların hər biri mənim yaradıcı şəxsiyyət kimi yetişməyimdə, ədəbiyyatı, incəsənəti daha dərindən bilməyimdə, dərk eləməyimdə böyük işlər gördülər. Məgər onları yaddan çıxarmaq olarmı?..
- Sizə belə yüksək hörmət, inam vardısa, bəs necə oldu ki, təzədən Sumqayıta qayıtdız?
-Hə... Sonra aləm qarışdı… Qarabağ müharibəsi başladı. Qısaca onu deyim ki, sonrakı hadisələrdə Teatr- yenə güvənc, dirəniş, dayaq nöqtəsi oldu…Sadıq Murtuzayev yarıtmaz ölkə başçısı, “bambılı”, Qarabağ torpaqlarımızın verilməsində ən böyük günahkarlardan biri olan Əbdürrəhman Vəzirovun təkidi və bic siyasətilə Ağdamdan Abşeron rayon rəhbərliyinə dəyişdirildikdən sonra Ağdam rayon partiya komitəsinin birinci katibi Aydın Quliyevlə dil tapa bilmədik. Aramızda konfliktlər yarandı. Daha doğrusu, bəzi çirkin əməlli adamlar Sadıq Murtuzayevin kadrı olduğuma görə bizim aramızda konfliktlər yaratdılar. Rayon bürosunun iclasında Aydın Quliyevlə böyük mübahisəmiz oldu. Teatr üçün gördüyüm bu qədər işləri Aydın Quliyevin qiymətləndirməməsi mənə pis təsir elədi. Ona görə də Azərbaycan Mədəniyyət Nazirliyi məni 1989-cu ilin yanvar ayının 29-da Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin elədi. Əlbəttə həmin vaxt bu şəhərin birinci katibi olmuş, dəyəli ziyalı, adı böyük hərflərlə yazılan insan, sonralar Azərbaycan Respublikası baş nazirinin birinci müavini işləmiş və1991-ci ilin 20 noyabr tarixində Qarakənd üzərində vurulan Helikopterdə faciəli surətdə şəhid olan mərhum Zülfü Salah oğlu Hacıyev Mədəniyyət naziri Polad Bülbüloğlundan təkidlə tələb etdi ki, “Ağalar İdrisoğlu Sumqayıtın kadrıdır və Sumqayıta qayıtmalıdı”. Bu təklifi ona ikinci katib Eldar İsmayılov və Humantar şöbənin müdiri Şakir Abuşov vermişdilər. Sonra hər ikisi mənə Sumqayıt teatrının işlərini uğurla qurmaqda çox köməklik elədilər.
Beləliklə, 1989-cu il 29 yanvar tarixindən həmin teatrın direktoru oldum. (Bir həftə sonra isə Ağdam teatrından çıxmağım haqqında əmr imzalandı.Yəni mən işdən çıxmamış başqa işə keçməyim haqqında əmr verildi.) Bir il yarımdan sonra isə kollektivin təkidilə, seçki yolu ilə Sumqayıt teatrının həm direktoru, həm də bədii rəhbəri seçildim. Yenə Sumqayıtda “dinc” dayanmadım. Sumqayıt Dövlət Dram Teatrının Musiqili-Dram Teatrına çevrilməsi ideyasını irəli sürdüm. Bu ideya bəyənildi və teatra 80 əlavə ştat verildi. Bu təzə yaranan Musiqili-Dram Teatrında ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasına quruluş verdim. Bütün şəhər ictimaiyyəti və müəssisələrdə işləyən insanlar tamaşanı böyük uğurla qarşıladılar. Tamaşa haqqında mətbuatda çox yazıldı. Televiziya verilişləri hazırlandı. Çox orijinal üslubda hazırlanan həmin tamaşanın ilk premyerası 1992-ci ilin 16 aprelində oldu. Həmin vaxtdan Sumqayıt Dövlət DramTeatrı Sumqayıt Dövlət Musiqili-Dram Teatrı kimi öz təsdiqini tapdı. Teatrda peşəkar orkestr və balet truppası yaratdıq. Bu sahədə gözəl musiqiçi, təşkilatçı, Sumqayıtdakı 1 nömrəli musiqi məktəbinin direktoru, ağsaqqal dostum, rəhmətlik Darvin Quliyevin, baletmejstr Telman Cəlilovun, dirijor Fuad Əzimlinin xidməti çox oldu. Aktyorların demək olar ki, hamısının maraqlı səsləri olduğu öz təsdiqini tapdı.
Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Sumqayıt teatrına rəhbərlik etdiyim 10 ilə yaxın bir müddətdə bu teatr intibah dövrünü yaşayıb. Bu təkcə mənim fikrim deyildi, həmin vaxt teatr haqqında yazan mütəxəssislər də bunu təsdiqləyirdilər. O zaman Sumqayıtın əksər ziyalısı teatrın ətrafında toplaşmışdı. Həmçinin respublikanın və paytaxt Bakının yüksək təfəkkürlü ziyalı alimlərinin, yazıçılarının, incəsənət xadimlərinin, jurnalistlərin, müəssisə rəhbərlərinin çoxu Sumqayıt teatrının tamaşalarına baxmaq üçün tez-tez bu şəhərə gəlirdi. Tamaşalar haqqında maraqlı yazılar dərc edirdilər. Sumqayıtın üzdə olan müəssisə rəhbərləri, ziyalıları teatrın bədii şura üzvləri idilər. Xaos, anarxiya hökm sürdüyü, stul davası getdiyi həmin illərdə biz həftənin 6 günü tamaşalar göstərirdik. Hər bir tamaşamız anşlaq olurdu. Əlbəttə qətiyyətlə demək olar ki, bütün bunlar kollektivə rəhbərlik edən birinci şəxsdən asılı idi. Ölkələrdə də belədi. Ölkə başçıları yerində olmayanda, xalqını lazım olan kimi sevməyəndə həmin ölkələrin insanları yaxşı yaşamır, anarxiya baş alıb gedir. Hüquq-mühafizə orqanları, güc strukturları hər şeyi ələ alıb, millətin başına oyun açırlar...
İndi mənə ən ağır gələn budur ki, çox böyük əziyyətlə, əsəb gərginliyilə, öz sağlamlığımın, itirilən vaxtımın hesabına aldığım ştatları məndən sonra təyin olunan teatr rəhbərləri musiqili tamaşalar hazırlamadığından Nazirlər Kabineti 2014-2015-ci illərdə həmin 80 ştatı teatrdan aldı və Musiqili sözünü də teatrın adından çıxardı. Sumqayıt mədəniyyətinə zərbə vurduqlarına, həmin 80 ştatın pulunu lazım olan yerlərə sərf etmədiklərinə, teatrı Musiqili-Dram Teatrı kimi işlədə bilmədiklərinə görə teatrın həmin rəhbərlərini işdən çıxarmaq və cəzalandırmıq lazım idi. Amma təəssüflər olsun ki, belə yarıtmaz adamları nəinki işdən çıxarmırlar, əksinə, hətta vəzifələrini də böyüdürlər... Bax, acınacaqlı olsa da, bunlar Azərbaycan həqiqətləridi... Belə haqsızlıqlar yəqin ki, həmişə davam edəcək. Çünki bunu bir adam, Prezident tək həll edə bilməz. İlk öncə bizim hər birimiz özümüzə qarşı cavabdeh olmalıyıq. Çox əfsus ki, belə deyildir. Dahi Cəlil Məmmədquluzadə də bunu təsadüfi yazmayıb: “ Ey Böyük Yaradan. Nə olaydı mən axşam yatıb, səhər oyananda görəydim ki, Almaniyadayam, adım da Hansdır”...
- Boynumuza alaq ki, 1990-cı illərdə teatrlar maliyyə cəhətdən çox sıxıntı çəkdi. Belə bir vaxtda 80 əlavə ştat almağınız təəccüb doğurur.
- Hələ bu harasıdır?! Açığını deyim ki, 80-ci illərin axırı, 90-cı illərin əvvəlində teatrlar demək olar ki, “öz başını dolandırmalı” idi. Teatr özü əsər, müəllif seçməli, yerin “altındanmı-üstündənmi” vəsait tapıb teatrda işləyənlərin əmək haqqını verməliydi. Sözün əsl mənasında o vaxt teatrlarda çalışanların çoxu, necə deyərlər, “acından köpük qusurdu”. Teatrların əksəriyyəti aylarla maaş üzü görmürdü. O zaman Azərbaycanın əksər teatrlarında çoxlu istedadlı aktyor və aktrisa ailələrini dolandırmaq üçün başqa işə keçməli olurdular. Amma Sumqayıt teatrında mən hamıya lazım olan şərait yaratdığıma görə heç kim işdən çıxmadı. Belə bir vaxtda Sumqayıt teatrında elə bir ay olmadı ki, mən camaatın maaşını gecikdirim, yaxud kollektiv sıxıntı çəksin. Həmin vaxtlar mən teatr işçilərinə hətta ikiqat əmək haqqı verirdim. Çünki Sumqayıt şəhərinin mədəni-kütləvi tamaşalarını da bizim teatr hazırladığına görə, şəhər büdcəsindən mədəni-kütləvi tədbirlərə ayrılan vəsaiti şəhər rəhbərliyi vaxtlı-vaxtında hesabımıza köçürürdü. Mən də həmin pulu ikinci əmək haqqı kimi kollektivə verirdim. Bununla birlikdə həmin çətin dövrdə mən Sumqayıt teatrının kollektivini nəinki rayonlara, hətta Azərbaycandan uzaqlara -Dağıstana, Qazaxıstana, Şimali Osetiyaya, Gürcüstana qastrollara aparırdım. Xüsusilə Qazaxıstan Respublikasının Cambul və Çimkənd vilayətlərinə qastrolda SSRİ Xalq artisti, Qazaxıstan Teatr Xadimləri İttifaqının prezidenti, türkdilli xalqların görkəmli rejissoru, SSRİ Ali Sovetinin deputatı Əzirbaijan Mambetovla şəxsi dostluğum böyük rol oynadı. Qazaxıstana axırıncı 40 ildə Azərbaycandan heç bir teatr kollektivi qastrola getməmişdi. İlk dəfə qastrola gedən məhz Sumqayıt Dövlət Musiqili-Dram Teatrı oldu. Hər bir çıxışımız böyük anşlaqla, sürəkli alqışlarla qarşılandı. Hətta Sovetlər Birliyi dağılanda, millətlər arasında müharibələr getdiyi vaxtlarda bizim teatrın Şimali Osetiyaya Georgi Xuqayevin yubileyinə qastrola getməyi böyük möcüzə oldu. Çünki o zaman çeçenlərlə inquşlar arasında torpaq üstündə müharibə gedirdi. Şimali Osetiyaya da yol Çeçenistandan keçirdi. Yubileyə Sovetlər Birliyindən dəvət olunan 20 teatrdan cəmi iki teatr gəlmişdi. Onlardan biri məhz biz idik... Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrında Georgi Xuqayevin Azərbaycan dilinə tərcümə elədiyim iki pyesinə- “Qocaların məhəbbəti” və “Varlı ev” tamaşalarına quruluş vermişdim. Hər iki tamaşa çox maraqlı alınmışdı. Bu tamaşalar haqqında həmin vaxtlar respublika mətbuatında çoxlu maraqlı ressenziyalar yazılmışdı. Yuxarıda yazdığım ki, hər iki pyesi dilimizə orijinal formada mən tərcümə eləmişdim. Orada Georqi Xuqayev və “Azərbaycanfilmin” çəkdiyi “Qanun naminə” kinofilmində baş rol olan Mehmanın ifaçısı, milliyyətcə osetin Bimbulat Vatayevlə tanışlığım yarandı. Bimbulat ( Bibo) Vatayev Osetin Milli Dövlət Dram Teatrının bədii rəhbəri və Georqi Xuqayev isə baş rejissoru işləyirdilər. Dostluğumuz onlar dünyasını dəyişənə qədər davam elədi.
- Heç kəsdən gizli deyil ki, o vaxt teatrların çoxunun repertuarına təsadüfi adamların zəif pyesləri daxil edilirdi. Sizdə vəziyyət necə idi?
- Bizim teatrda müəlliflərdən bir-ikisi yerli yazar idi. Qalanları isə məşhur dramaturqlar idi. Yerli dramaturqların yazdığına heç də zəif pyes deməzdim. Onların hər bir tamaşası böyük maraqla qarşılanırdı. Həm də o vaxtlar Sumqayıtda imkanı olanlar teatra hərtərəfli dəstək olurdular. Bunun nəyi pis idi ki? Onları nəzərə almasaq, o vaxtkı Sumqayıt Teatrının repertuarına fikir verin. Cəlil Məmmədquluzadənin “ Ölülər”, Vasili Şukşinin “Diribaş adamlar”, Redyard Kiplinqin “Öz xoşuna yaşayan pişik”, Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbilli”, Anarın “Zəncir”, Slovomir Mrojekin “Polis”, Georqi Xuqayevin “Qocaların məhəbbəti”, “Varlı ev”, Əbdürrəhim bəy Haqverdiyev və Jan Keverin “Ağa Məhəmməd şah Qacar”, Əbdürrəhim bəy Haqverdiyevin “ Kimdir müqəssir”, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın!”, Şamo Arifin “Qınamayın məni”, Əkrəm Əylislinin “Bir cüt bədşük ağacı”, mənim yazdığım “Şah İsmayıl”, “Sabir Rüstəmxanlının portret cizgiləri”, Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərvişi Məstəli şah”, Şərəf Başbəyovun “Dəmir qadın” , Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri” və dünya dramaturgiyasından bir neçə məşhur əsər bizim repertuarımızda idi. Teatra rəhbərlik etdiyim 10 ilə yaxın bir müddətdə biz 60-a yaxın tamaşaya bir-birindən maraqlı quruluşlar vermişdik. Teatr rəhbərlik etdiyim vaxtdan əvvəl - 20 il müddətində isə cəmi 60 tamaşa hazırlamışdı. Bu rəqəm məhz mənim başçılığımla teatrın necə yaxşı işləməsinə bir sübutdur.
O vaxt Sumqayıt teatrı respublika teatrları üçün də yaradıcılığını göstərnəkdə bir meydan idi. Onlar özlərinin ən maraqlı tamaşalarını Sumqayıta gətirib, burada oynayırdılar. Onların tamaşalarını da biz təşkil edirdik. Respublika televiziyasının və mətbuatın nümayəndələrini dəvət edirdik ki, gəlib həmin teatrları işıqlandırsınlar. Axı o vaxt mən həm də Azərbaycan Teatr Xadimləri İttifaqının katibi və Sumqayıt Bölgə Şöbəsinin sədri idim. Məhz ona görə də bu işi özümün borcum bilirdim.
Həmçinin vurğulayım ki, o zamanlar bütün respublika teatrlarının həsəd apardığı çox peşəkar aktyor truppamız vardı. Vaqif Əliyev, Valeh Kərimov, Kamil Məhərrəmov, Məzahir Süleymanov, Məmməd Ələkbərov, Xanlar Muradov, Tofiq Bayramov, Svetlana Həkimova, Vaqif Rəsulov, Afaq Bəşirqızı, Səmayə Sadıqova, Növrətsə Həşimova, Kazım Abdullayev, Şahmar Qəribli, Sabir Qurbanov, Rafiq İbrahimov, Namis Şirməmmədov, Gülsolmaz Qafarova, Ulduzə Nəsirova, Firəngiz Babayeva, Heybət Hörmət, Nazir Rüstəmov, Almaz Amanova, Rüstəm Rüstəmov, Nadir Xasıyev, Yasəmən Malik, Hüsniyyə Mürvətova, İlahə Səfərova, Rauf Ağakişiyev, İlham Səfərli, Akif Mirzəyev, Mikayıl Tahirov, Elman Əhmədov. Nizami Mirzəyev və onlarla istedadlı aktyor, aktrisa işləyirdi və mənimlə birlikdə Sumqayıt teatrının inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Eləcə də teatrın rejissorları- mərhum dostlarım Yusif Əkbərov, Ədalət Ziyadxanov, Şahmar Qəribli və hazırda yaşayan Firudin Məhərrəmov maraqlı tamaşalar hazırlamaqla teatrın inkişafına çox köməklik edirdilər. Teatr, məhsuldar yaradıcılığı ilə sözün həqiqi mənasında bir “qaynar qazan” idi. Tamaşaçıların sevimli məkanına çevrilmişdi. Sumqayıt ziyalıları Teatrı özlərinin doğma evi bilirdilər. Onlar Teatrın işini lazımi səviyyədə təbliğ edirdilər. Bu haqda mətbuatda xoş sözlər yazırdılar...
- Belə çıxır ki, həmin illərdə Siz Sumqayıt teatrını, əgər belə demək mümkünsə, “ovcunuzun içində” saxlamısız. Çox teatrın yerindən tərpənməyə taqəti olmayanda Siz Sumqayıt teatrını respublikadan uzaqlara qastrola aparmısız. Gürcüstanda, Dağıstanda, Şimali Osetiyada və başqa yerlərdə qastrolda olmusuz. Bəs sonra necə oldu ki, birdən-birə 1997-ci ildə ərizə yazıb, bədii rəhbəri və direktoru olduğunuz Sumqayıt Dövlət Musiqili-Dram Teatrından işdən çıxıb, Dağıstana üz tutduz?
- Bəli, çox açıb-ağartmaq, xırdalamaq istəmirəm. Çünki bu haqda artıq çapa hazırladığım “Sərhədsiz dünyamız” kitabımda hər şeyi ətraflı yazmışam. O illərdə başıma gətirilən dəhşətli hadisələr, müsibətlər həmin kitabımda ətraflı əksini tapıb. Bununla bağlı bir neçə bədii həkayəm də var. Amma xüsusilə vurğulayım ki, mən tez-tez paxıllığa, gözügötürməzliyə tuş gəlmişəm, - desəm, buna da inanın. Açıq-açığına, belə deyək: həmişə ayağımın altını qazıblar… Teatr rəhbəri olduğuma görə yüksək rütbəli məmurlar həmişə təmənna umublar. Mən özüm heç vaxt rüşvət almadığıma görə heç kimə də rüşvət vermək istəmirdim. Bax ona görə də yüksək rütbəli məmurlar bütün güclərini sərf edirdilər ki, teatrda konfliktlər yaratsınlar... Çünki onların mayası rüşvətlə yoğrulmuşdu. Onları teatrın böyük uğuru yox, pul maraqlandırırdı. Bu haqda “Əbləhlərin son oyunu” hekayəmdə hər şeyi bədii formada dəqiqliklə yazmışam. Beləliklə, onlar axır ki, 180 nəfərlik kollektivdən 5 nəfər nankor, çörəyi dizinin üstündə olan tapıb, Mədəniyyət Nazirliyinə məndən şikayət məktubu yazdırdılar... Daha doğrusu məktubu necə yazmağı onlara diktə elədilər. Bu mənə çox pis təsir etdi. Çünki həmin şikayət edən adamlara Teatrda lazım olan şərait yaratmışdım... Yəni zərbəni kimdən gözləsəm də onlardan gözləmirdim... Elə bil bundan sındım... Hər şeydən təngə gələrək ərizə yazıb işdən çıxdım və getdim Dağıstana işləməyə. Orada Dağıstan-Azərbaycan Beynəlmiləl Estrada Teatr Truppasını yaradıb, ona rəhbərlik etdim. Bu teatr truppasında mənimlə birlikdə Sumqayıt teatrından işdən çıxan aparıcı aktyorlar- Xalq artisti Məzahir Süleymanov, Əməkdar artistlər Rauf Ağakişiyev, Almaz Amanova, istedadlı aktyorlar Sabir Qurbanov, Rübabə Məcidova, Vidadi Yusifov, yaxşı qarmonçalan Zöhrab Xasayev, musiqi rəhbəri Zakir Məhərrəmov, bir qrup musiqiçilər, müğənnilər də vardı. Dağıstandan isə bizim teatr truppasına ayrı-ayrı millətlərdən olan bir qrup istedadlı insanlar da qoşuldu. Bunlar azərbaycanlılar- Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərli, Mahir Məlikov, Sevda Bəybalayeva. Rəhilə Ömərli, Dağıstanın Əməkdar Mədəniyyət işçisi Yaqut Xandadaşova, aktrisa-müğənnilər Diləfruz Şıxməmmədova, Ləzgi Dövlər Musiqili-Darm Teatrında işləyən Əməkdar artistlər Fəridə, Zərifə Qorxmazova bacıları, çox istedadlı ləzgi bacıları Aza Həsənli və Minarə Şahnəbi, Tabasaran mügənniləri- Dağıstan Respublikasının Əməkdar artistləri Məryəm Qazıyeva, Abdulla Mirzəkərimov, darginlər, avarlar, kumuklar, tabasaranlılar, laklar, noqaylar, rutullar, saxurlar və başqa millətlərdən olan insanlar da vardı. Təxminən 25-30 nəfərlik bir kolektiv idik. Biz, Dağıstanın bütün bölgələrində ayrı-ayrı tamaşalardan parçalar oynayır, mahnılar oxuyur, maraqlı rəqs nömrələri göstərirdik. Monoloqlar söyləyirdik. Tamaşalara gələn insanlar həddindən artıq çox olduğuna görə biz, tamaşalarımızı əksər vaxtlar meydançalarda və stadionlarda göstərirdik. Bütün bu tamaşa-konsertlərin də koferansiyesi mən özüm olurdum. Hər bir tədbirimizdən əvvəl ayaqlarımızın altında qoyun kəsirdilər. Tamaşalardan sonra böyük banketlər olurdu. Yenə də musiqilər çalınır, mahnılar oxunurdu. Günlərimiz çox maraqlı, şən keçirdi.
Fəxr edirəm ki, iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində az da olsa mənim də zəhmətim, xidmətim olub. Yuxarıda dediyim kimi həmin vaxtlar Azərbaycandan və Dağıstandan olan çox peşəkar aktyorlar, aktrisalar mənimlə birlikdə işləyiblər, hər iki respublikanın dostluq əlaqələrinin möhkəmlənməsinə çalışıblar. Bilirsiz ki, mədəniyyət ən böyük diplomatiyadır. Həmin illərin bəhrəsi olaraq “Sərhədsiz dünyamız” kitabımı, bir neçə pyes, çoxlu hekayə yazmışam.
Dərbənddə 1948-ci ildə bağlanan Azərbaycan Dövlət Dram Teatrını bərpa etmək o vaxt müşkülə çevrilmişdi. Seyid Qurbanovun, Hüseynbala Hüseynovun, Məhəmməd Qurbanovun və mənim böyük səyimizlə bu müşkülə düşən iş reallaşdı. Mən Dərbənd ziyalılarına təklif etdim ki, Beynəlmiləl Estrada Teatr Truppasını təzə açılacaq Dağıstan Azərbaycan Dövlət Dram Teatrı ilə birləşdirək. Hamı bununla razılaşdı. Təəssüf ki, yenə də buradan - Bakıdan, Azərbaycan Mədəniyyət Nazirliyindən “işi burdular”… Yeni yaranan Teatra məni yox, iki nəfər səriştəsizadamlardan birini baş rejissor və digərini isə direktor təyin etdilər. İşi bilmədiklərindən onların aralarında böyük konfliktlər yarandı. Bu zərbə kollektivə pis təsir etdi. Sonra hər ikisi işdən çıxarıldı. Onların ucbatından teatrın bu gün də özünün binası yoxdur... Açığını deyim ki, həmin vaxtı, yəni 2000-ci ildə Azərbaycandakı məmurların bu cür namərd hərəkətinə çox acıdım, həvəsdən düşdüm, yenidən Azərbaycana qayıtmaqdan özgə çarəm qalmadı. Amma mənim o teatrla bağlı çoxlu planım vardı. Hətta təhsil aldığım Moskvadakı Dövlət Teatr Sənəti İnstitutunda dağıstanlı-azərbaycanlı həvəskarlardan ibarət qiyabi aktyorluq kursu açmağı planlaşdırmışdıq. Bu kursa müəllimim Aleksandr Aleksandroviç Barmak və mən başçılıq edəcydik. Teatrın bina məsələsini həll etmək barədə Dağıstan rəhbərliyilə danışmışdıq. Amma Azərbaycan Mədəniyyət Nazirliyinin o vaxtkı rəhbərlərinin kobud səhvi və namərd hərəkətləri bütün bu planları pozdu.1998-ci ildə yenidən bərpa olunan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yuxarıda dediyim kimi hələ də binası yoxdur... Deməli, bizim Dağıstanda bir mədəniyyət qalamız var, o qalanın da binası yoxdur. Mənə elə gəlir ki, bu, millətimiz üçün bir utanc yeridi. Görəsən, Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri hörmətli Polad Bülbüloğlunun bundan xəbəri varmı? O bununla bağlı hansı xeyirxah işləri görür?
- Siz bir müddət Azərbaycan Teatr Xadimləri İttifaqında da çalışmısız?
- Bəli, o zaman Teatr Xadimləri İttifaqının prezidenti böyük aktyor, Xalq artisti, dostum Həsənağa Turabov idi… Biz Teatr Xadimləri İttifaqında çox böyük işlər gördük. Ayrı-ayrı janrlarda respublika və beynəlxalq səviyyəli festivallar keçrdik. “Qızıl Dərviş” mükafatını təsis etdik. Əfsus ki, dörd ildir bu mükafatı Teatr Xadimləri İttifaqı bilmirəm hansı səbəbdənsə ləğv edib. O vaxt İttifaqın prezidenti Həsənağa Turabov, sədr Azər Paşa Nemətov, idarə heyyətinin üzvləri, katiblər Qəzənfər Topçiyev, Yaşar Nuriyev, İrina Duxovnaya, Bala Qasımov, Kamal Aslanov və mən idim. Hammızın teatr aləmində, təşkilatçılıqda böyük səriştəmiz vardı. Bir-birimizi yarı sözdən başa düşürdük. Hətta mən Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə Şöbəsinin sədri olmaqla, Abşerondan başlayaraq Dağıstana qədər olan Dövlət teatrlarının və Xalq teatrlarının işlərinə köməklik edirdim. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, İrəvan və Füzuli Dövlət Dram Teatrları məhz mənim böyük köməkliyim sayəsində təşəkkül tapa bildilər. Abşeron Mədəniyyət evində məskunlaşan İrəvan Dövlət Dram Teatrına dekorasiyadan tutmuş aktyorları qastrola aparacaq avtobusa qədər mən köməklik etdim. Sumqayıt şəhərində onların tamaşalarını tez-tez təşkil etdim. Füzuli Dövlət Dram Teatrı isə qaçqınlıq dövrü yaşadığından bu teatrı da gətirib, Sumqayıtda Səməd Vurğun adına Mədəniyyət Evində kirayənişin qaldığımız binada yerləşdirdim. Onların tamaşalarının hazırlanmasına, dekorasiyalarının düzəlməsinə, səhnə kostyumlarına, hətta bizim teatrın aktyorlarının onların tamaşalarında oynamasına, özüm başda olmaqla rejissorlarımızın həmin tamaşalara quruluş verməsinə də lazım olan bütün şəraiti yaratdım. Əlimdən hansı köməklik gəlirdisə, hamısını edirdim. Amma təəssüf ki, həmin teatrların rəhbərləri bu haqda heç vaxt heç nə deməyiblər və yazmayıblar… Belə dönük adamlardan mən necə inciməyim?.. Atalarımız deyib ki, “dönük, yaxşılığı unudan adamla Vətən xaini arasında elə də böyük fərq yoxdur”.
- Bu illər ərzində, səhv etmiriksə, qələmdən də ayrılmamısız. Bir-birinin ardınca məqalələr, publisist yazılar, ressenziyalar, pyeslər, hekayələr, povestlər, hətta romanlar da yazmısız.
- Bəli, elədir ki, var. Bəzən darıxdığım, sıxıntı keçirdiyim günlərdə təsəllimi qələmdə tapırdım. Ürəyimdə yığılanları ağ vərəqlərə köçürürdüm. Əlbəttə, keyfiyyət baxımından deyə bilmərəm, hər halda nəsr əsərlərimin, pyeslərimin arasında gözə dəyən, diqqət çəkən nümunələr az deyil. Xüsusilə hekayələrimin, novellalarımın, pyeslərimin içərisində... Əlbəttə, əsas qiyməti oxucular və tamaşaçılar verə bilər.
Mən respublikanın ədəbiyyat və teatr aləmində demək olar ki, 50 ildən artıq can qoymuşam. Teatr tamaşalarında 40-dan artıq rol oynamışam. Ayrı-ayrı janrlı 140- dan çox tamaşaya quruluş vermişəm. İstər-istəməz mənim adım afişalara, proqramlara dramaturq, rejissor kimi yazılıbsa, deməli, Azərbaycan teatrının tarixində imzam görünəcək. Qaldı yazdığım pyeslər, povestlər və hekayələrə… deyim ki, “Həyatın astanasında” pyesim 1981-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb. “İnan mənə” pyesim 1985-ci ildə 48 dramaturqun pyesləri içərisində SSRİ dramaturqları müsabiqəsinin üç laureatından biri olub. Həmin pyes 1986-cı ildə SSRİ dramaturqlarının ən yaxşı pyeslər toplusu antalogiyasında çap olunub. Həmin pyeslər toplusunun adı belədir: “Məhəbbət və başqaları”. Hekayələrimi, novellalarımı oxuyanlar da həmişə xoş sözlər deyirlər.
“Şah İsmayıl” pyesim 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ( indiki Mədəniyyət Nazirliyi) keçirdiyi “Ən yaxşı pyeslər” müsabiqəsində 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb. Birinci mükafat isə heç bir pyesə verilməyib. Ümumiyyətlə, bu vaxta qədər irili-xırdalı 15 pyes və 20-dən çox ssenari yazmışam. Tamaşaya qoyulanı da var, qoyulmayanı da. Sevinirəm ki, tarixi şəxsiyyətlər olan Şah İsmayılın və Şeyx Şamilin həyatından pyes yazmışam. Oxuyanlar deyirlər ki, hər iki pyes yaxşıdır. Peşəkar səviyyədə yazılıb. “Şah İsmayıl” pyesim Sumqayıt və Gəncə teatrlarında tamaşaya qoyulub. Hətta bu pyes “Qızıl Dərviş” mükafatını alıb. 2020-ci ildə isə Qusar Dövlət Ləzgi Dram Teatrında tamaşaya qoyulacaq. Tərcümə etdiyim əsərlər də az deyil… Həmçinin bu illər ərzində jurnalistikadan da ayrılmamışam. Quruluşçu rejissoru olduğum Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə paralel, uzun illərdir “Azad Azərbaycan” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıram. Məqalələrim, portret yazılarım, ressenziyalarım, oçerklərim, publisist yazılarım “Azad Azərbaycan”, “Ədəbiyyat”, “Ədalət”, “Səs”, “Təzadlar”, “525-ci qəzet”, “Azad qələm”, “ Sumqayıt” və digər qəzetlərdə, “Sia.az”, “Az. PRESS. az”, “Tezadlar. az”, “Birlik. az”, “AZİM”. az və başqa saytlarda çap olunur. Ümumiyyətlə, bu vaxta qədər çap olunan 1000-dən çox məqalənin, ressenziyanın, portret yazılarının, tarixi məqalələrin, müsahibələrin, publisist yazıların və oçerklərin müəllifiyəm. Özümü heç vaxt nə teatrsız, nə səhnəsiz, nə də qələmsiz təsəvvür edə bilmərəm. Bəli, mən bu işlərdən böyük zövq və ilham alıram. Sözsüz ki, mənə mane olanlar, qarşıma kötük atanlar çox olub… İndi də çoxdur... Amma mən onlara heç vaxt fikir vermirəm. Əslində onlar mənə pislik etməklə, məni daha yaxşı işləməyə həvəsləndirirlər. Onlara məhəl qoymayıb, yalnız özümün müqəddəs işlərimlə məşğulam. Çünki hər bir pisliyə özümün peşəkar, yaxşı işimlə cavab verdikdə, düşmənlərim istəsələr də, istəməsələr də geri çəkilməli olurlar. Onlar nə qədər dinsiz, imansız olsalar da Allah xofundan və el qınağından qorxurlar. Mən düşmənlərimə çox minnətdaram ki, onlar məni həmişə işləməyə həvəsləndiriblər. İyrənc hərəkətlərilə məni həmişə mübariz ediblər...
- Qəribə burasıdır ki, bu illər ərzində ədəbiyyat və teatr sahələrinin heç birindən soyumamısız...
- Sizə bir ailə sirrimi açım. Mənə həyatdan vaxtsız köçmüş Ağa adlı böyük qardaşımın adını qoyublar.Ağa sözünə də “lar” əlavə ediblər.1944-cü ildə atam Böyük Vətən Müharibəsində olduğundan, anamın qucağında acından ölən Ağa adlı rəhmətlik 4 yaşlı qardaşımın həyatdakı və sənətdəki yükü də mənim çiyinlərimə düşüb. Bir sahədən ayrılıb digəri ilə daha sıx şəkildə məşğul olmaq, sənətin ayrı-ayrı, bacardığım sahələri arasında ögey-doğmalıq salmağı heç vaxt özümə rəva bilməmişəm və bilmərəm … Həmin qəmli, kədərli hadisələrlə bağlı mənim “Anamın nağılı” və “Qardaşım” adlı hekayələrim var. Vaxtınız olsa, oxuyun. Tərif üçün demirəm.Oxuyanlar deyirlər ki, çox maraqlı hekayələrdir. Ümumiyyətlə, bədii əsərlərimin çoxunun məzmununu özümün həyatımdan və başqalarının başına gəlmiş hadisələrdən götürürəm. Həmçinin yuxuda gördüyüm bəzi hadisələri sonra yazıya köçürürəm. Mən çox maraqlı yuxular görürəm.
- Siz 50 illik yaradıcılıq dövrünüzdə 150-dən çox hekayə, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 20 ssenari, 7 povest, 6 roman, 1000-dən çox publisist yazılar, məqalələr, oçerklər yazıbsız. 140-dan çox tamaşaya quruluş veribsiz. 40-dan çox rol oynayıbsız. Azərbaycanın ayrı-ayrı teatrlarına 26 ilrəhbərlik edibsiz. Ədəbiyyat, incəsənət, jurnalistika sahəsində bu qədər xidmətləriniz olduğu halda bəs niyə bu vaxta qədər lazım olan qiymətinizi almayıbsız? 10 nəfərdən ibarət ailə üzvünüzlə iki otaqlı mənzildə yaşayırsız? Sizə qarşı olan bu münasibətəən azından düşmənçilik, biganəlik, namərdlik adını vermək olar. Elə deyilmi?
-Sizin bu sualınıza “Canavarlar” adlı maraqlı pritçam ilə cavab vermək istəyirəm. Qısa məğzi belədir: Bir canavar sürüsü qarlı, şaxtalı meşədə özlərinə yemək axtarmaq, acından ölməmək üçün bir neçə gün ov axtarırlar, amma heç nə tapa bilmirlər. Artıq bu canavar sürüsünün aclıqdan öləcəyini görən bir canavar belə qərar verir ki, sürüdən ayrılıb, bir kəndə gəlsin. Belə də edir. O, kəndə, bir kişinin həyətinə pənah gətirir. Həmin adama öz dilində yalvarır ki, ona çörək versin, nə desə onunçün edəcək. Bu ailəyə sadiq heyvan olacaq. Həmin kişi onun dediyini edir. Artıq bu canavar canavarlıqdan çıxıb, bu ailəyə sadiq it olur. Onların hər buyuruğunu it kimi yerinə yetirir. Hətta canavar kimi ulamağı da yadırğayır. Amma bir gün ev sahibinə deyir ki, yenidən meşəyə qayıdıb, canavar kimi yaşamaq istəyir. Çünki it həyatı onu bezdirib.
Bunu eşidən ev sahibi canavara deyir:
-Əslində biz insanlar da elə canavar kimiyik.Yəni canavar xislətliyik.Bir-birimizi məhv eləməkçün həmişə bir-birimizin qanını içməyə hazırıq. Amma bizə yal, vəzifə, rüşvət veriləndə, çoxumuz canavarlıqdan çıxıb, sadiq it oluruq. Bax, sən acından ölməməkçün öz canavar şərəfini, ləyaqətini bir kənara atıb, bizə pənah gətirdin. Hətta bir qarın çörəyə, bir parça ətə görə canavar cildindən çıxıb, it oldun. Onu bil ki, hər bir canlı bir gün çörək, yemək tapa, bir gün tapmaya bilər. Amma buna görə, təki qarnı doysun deyə şərəfini, ləyaqətini itirən bir də onları tapa bilməz. Sən də bir qarın yeməyə, yala görə şərəfini, ləyaqətini itirdiyindən daha bir də heç vaxt canavar ola bilməyəcəksən. Ona görə də meşəyə getməyi yadından çıxart… Çünki oradakı ləyaqətini, şərəfini qoruyan canavarlar səni qəbul etməzlər…
Əlbəttə, bu, bir qədər uzun pritçadır. Amma son məğzi belədr ki, vay o gündən insan, təki yaxşı yaşamaq, qarnını doyurmaq, kiməsə məddahlıq etmək, yarınmaqçün şərəfini, ləyaqətini itirsin. Sonra o, şərəfini, ləyaqətini heç vaxt daha geri qaytara bilməz...
Mən də öz şərəfimi, ləyaqətimi qorumaq üçün məddahlıq etməmişəm. Hətta bəzi özümdən yüksək rütbəli məmurları, vəzifəli adamları layiq olmadığına görə tərifləməmişəm. Ona görə də onlar mənə lazımi qiymətləri vermirlər. Məni böyük ailəmlə iki otaqlı mənzildə saxlamaqdan hətta ləzzət alırlar. Yəqin ki, məni bu yolla imtahana çəkirlər. Məni məddah etmək istəyirlər. Ən acınacaqlısı odur ki, bununla bağlı ölkə başçısına, Mədəniyyət Nazirliyinə yazdığım məktublara görə nəinki mənəev, heç həmin məktublara cavab belə vermək istəmirlər… Belə isə, həmin məmurlardan daha nə gözləyim?.. Onsuz da hər birimiz pulundan, varından, dövlətindən asılı olmayaraq, sonda iki-üç metrlik torpaqda əbədi uyuyacaq. Bu da hər adama qismət olmur. Ona görə də hamı bu dünyada “rəhmət” qazanmalıdı.
- Səhv etmiriksə, Siz indi həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorsuz.
- Bəli. Onu da deyim ki, arada, binasızlıq ucbatından Dövlət Gənclər Teatrı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı birləşdi. İstedadlı aktyor, rejissor, tələbəlik yoldaşım, rəhmətlik Hüseynağa Atakişiyevin vaxtilə yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrı ilə birlikdə hamımız Dövlət Gənc Tamaşaçılar Teatrına sığındıq. Kamera Teatrı da üstəlik…
- Axı həmin teatrların birləşməyi və bir-birinə qaynayıb-qarışmağı nəsə ağla sığışmır. Çünki, o teatrların hərəsinin öz yolu, öz prinsipləri vardı. Bu üç ayrı-ayrı dəsti-xətti olan teatrların birləşdirilməsi kimin “ağlının” məhsulu idi?
- Mənimçün də bu günə qədər sirr olaraq qalır ki, bu işi kim etdi. Bu ideyanı ölkə başçısına kimverdi? Mənə elə gəlir ki, teatr sistemini, teatr dünyasını dərindən bilən adam belə işi görməzdi. Bu, ancaq diletant adamın “ağlının” məhsuludur. Onu da fikirləşirəm ki, həmin teatrları yalnız və yalnız ümumi yaradıcılıq yolu və sənət mənafeyi birləşdirə bilər və yəqin ki, bu proses nə qədər çətin görünsə də, hər halda öz həllini tapmalıdı. Amma səmimi deyim ki, mən də bu teatrların birləşməsini müsbət qarşılamamışam… Bu haqda dəfələrlə mətbuatda yazmışam. Həmin yazılarıma görə də həmişə Mədəniyyət Nazirliyi və teatr rəhbərliyi tərəfindən təpkilərlə qarşılanmışam. Mənə lazım olan şəraitin yaradılmamasının da əsl səbəbi “dilimin belə uzun olması və ipə-sapa yatmamağım olub”. Yəni fikirləşdiklərimi, düşündüklərimi “ütüləmədən”, “ kiminsə xoşuna gəlməyə bilər” fikini əsas götürmədən mətbuatda çap etdirmişəm. Onu da vurğulayım ki, bu birləşmədə Dövlət Gənclər Teatrına görünməmiş, çox dəhşətli, böyük zərbə dəyib. Bu teatrın bir tamaşasını belə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil etmədilər. Repertuar Dövlət Gənc Tamaşaçılar Teatrının və Kamera Teatrının çoxu bəsit, zəif, primitiv, hətta bəzi özfəaliyyət səviyyəli tamaşaları hesabına formalaşdı. Bu haqda mən Mədədniyyət naziri Əbülfəs Qarayevə kəskin formada etiraz məktubu yazsam da, Dövlət Gənc Tamaşaçılar Teatrının o vaxtkı direktoruna və baş rejissoruna böyük iradlarımı bildirsəm də heç bir xeyri olmadı. Çünki onlar qorxdular ki, Dövlət Gənclər Teatrının yüksək peşəkar tamaşaları arasında onların tamaşaları primitiv və zəif olacaqdı. Tamaşaçılar da bunu görəcəkdi. Onda ortaya belə suallar çıxacaqdı: “Dövlət Gənclər Teatrı niyə Gənc Tamaşaçılar Teatrına birləşdirildi? Bu teatrları birləşdirmək kimin çirkin əməlinin məhsuludu?” Hətta indi yeri gəlib və demək istəyirəm: Teatrın o vaxtkı baş rejissoru mənim kəskin etirazlarımı görüb, açıq-açığına dedi ki, “Dövlət Gənclər Teatrının tamaşalarını repertuara salmağa bizə yuxarıdan icazə vermirlər. Ola bilər ki, siz buna inanmayacaqsınız, amma bu, bir həqiqətdi”. Bu, Hüseynağa Atakişiyevə, həmin teatrın kollektivinə və Dövlət Gənclər Teatrına qarşı ən böyük düşmənçilik oldu. Kimin haqlı, kimin haqsız olduğunu isə zaman göstərəcək... Atalar deyib ki, “hər şeyin zamana ehtiyacı var”.
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu vaxt ərzində yəqin ki, tamaşalar hazırlamısız?
- Bəli. 2001-ci ildən işlədiyim Dövlət Gənclər Teatrında 8 tamaşaya quruluş vermişdim. Səkkiz ildə belə az tamaşa hazırlamağımın səbəbi bu oldu ki, 2001-ci ilin may ayının 8-də infarkt oldum. Həkimlərin yaşamağıma ümidləri yox idi. Amma mənim özümün yaşamağa ümidim həddindən çox olduğundan və Böyük Yaradanın nəzəri üstümdə idi deyə, sağ qaldım. Müalicəmə üç il vaxt sərf olundu. Bu illərdə tibb sahəsilə bağlı çoxlu kitablar, jurnallar oxudum. Çalışdım ki, özüm-özümün həkimim olum. Həmin vaxtı tamaşa hazırlaya bilməsəm də, bədii yaradıcılıqla ciddi məşğul oldum. Çoxlu hekayə, publisist yazılar, bir povest, bir roman, iki pyes yazdım. Sonra isə tamaşalar hazırladım. Bu tamaşaları hazırlamaq üçün dostum Hüseynağa Atakişiyev lazım olan bütün şəraiti yaratdı. Onun mənə kömək etdiyini görən Mədəniyyət Nazirliyindəki düşmənlərimin Hüseynağaya qarşı da münasibətləri pisləşdi...
2009-cu ildə Dövlət Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrının “evinə köçəndən” sonra “Əcəl atı” tamaşası bu teatrda ilk işim oldu. Bunu da çox böyük dava-şava ilə hazırladım. Çünki bütün bu illərdə mənə qarşı düşmən mövqedə olan adamlar var qüvvələrini sərf ediblər ki, mən tamaşalar hazırlamayım və özüm “üzü sulu” ərizə yazıb işdən gedim. Amma görürlər ki, bu mümkün deyil. Məni asanlıqla təslim etmək olmaz. “Daş-qayaya rast gəlib”. Mən həddindən artıq mübarizəm, asanlıqla təslim olan deyiləm. Çünki yaşadığım ağır, məşəqqətli həyat, arxasız, dayaqsız olmağım və həmişə öz Mənimi sübut etmək istəyim məni mübariz edib. Xarakterimi belə yoğurub. Həm də Şah İsmayılla və Şeyx ( İmam) Şamillə bağlı pyeslər yazmağım və uzun illər onların həyatını dərindən öyrənməyim də istər-istəməz xarakteimə təsir göstərib…
“Əcəl atı” tamaşası da bizimçün ən aktual mövzuya- Qarabağ dərdinə həsr olunub. Bu orijinal pyesin müəllifi Əməkdar mədəniyyət işçisi, çox istedadlı yazıçı-publisist, xeyirxah insan, Mədəniyyət Nazirliyində İncəsənət idarəsinə uzun illər böyük uğurla rəhbərlik etmiş, mənim kimi çoxlu arxasız sənət adamına dayaq olmuş Vaqif Əlixanlıdır. Və deyərdim ki, haysız-küysüz, səlis və gözəl xalq dilində yazılmış bu əsərdə bizə üz verən bu böyük dərdin kökləri qəribə şəkildə araşdırılır. Quruluşun yaxşı-yamanlığından söhbət getmir… Pyesin özü geniş diskussiya yarada bilərdi. Çünki bu pyesdə hadisələr, bizim adət etdiyimiz “üç badam, bir qoz” ətrafında cərəyan etmir. Ən təbii gerçəklik, xalq mifologiyasına, rəmzlərə söykənərək irəli gedir. Təkliyə, -Təsəvvüfə pənah aparır və bizim yaxamızdan yapışaraq silkələyir, ayıldır… Hələ onu demirəm ki, bu pyesdə Qəmər Məmmədovanın və Mehriban Abdullayevanın oynadıqları baş rol-Sədəf qarı sözün əsl mənasında hər iki aktrisanın yaradıcılıq hünəridi… Amma bilmirəm nə üçünsə teatrın rəhbərliyi repertuarda Qarabağ mövzusuna həsr olunan yeganə bu səhnə əsərini repertuardan çıxardı. Baxmayaraq ki, tamaşa həmişə anşlaqla gedirdi. Bu iyrənc iş, ermənilərin dəyirmanına su tökmək oldu… Məgər bizə Qarabağ mövzusunda səhnə əsəri lazım deyilmi? Bax bu sualın cavabını hələ də tapa bilmirəm. Mənim bu sualıma teatrın rəhbərliyi də heç bir məntiqli, tutarlı cavab verə bilmədi…Gah nala döydü, gah mıxa… Sadəcə fikirləşdim ki, bu adamlar həqiqətən “erməni dəyirmanına su tökənlərdi”. Bununla bağlı hətta mətbuatda da öz iradımı bildirdim. Əlbəttə, bu, direktorun xoşuna gəlmədi, amma cürət edib mənə heç nə deyə bilmədi. Sonra Firuz Mustafanın “Pələng ili” adında çox maraqlı pyesini səhnəyə çıxardım. Ondan sonra isə hər tamaşası böyük maraqla qarşılanan Panço Pançevin “Dörd əkizin nağılı” pyesini hazırladım. Sonra Xanımana Əlibəylinin “Aycan” tamaşasına quruluş verdim. Quruluş verdiyim hər dörd əsər bədii-dramaturji cəhətdən xeyli maraq doğursa da, çox təəssüf, respublika mətbuatında öz döşlərinə döyən, guya “problem dramaturgiyası” sorağında gəzib-dolaşan tənqidçilərin və teatrşünasların marağından kənarda qaldı. Deməli, “problem dramaturgiyası”, guya müasir həyatın ən dərin qatlarına nüfuz etmə barədə teatr söz-söhbəti sadəcə olaraq bir görüntüdü. Bunun dərinliyinə varan azdır, yaxud da varmaq istəmirlər. Ümumiyyətlə, teatrşünaslar teatrdan “qaçaq” düşüblər. Bir-iki teatrşünası çıxmaq şərtilə nə tamaşalara baxmaq, nə də həmin tamaşalardan yazmaq onları maraqlandırmır… Yəqin ki, onları heç Azərbaycan teatrı maraqlandırmır. Ümumiyyətlə hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini ən azından 10-15 teatrşünas bitirir. Görəsən onlar sonra nə işlə məşğul olurlar? Bu bəlkə də maddiyata bağlıdır. Teatrşünaslar, tənqidçilər əvvəllər məqalə, ressenziya yazanda onlara qonorar verilirdi. Amma indi qəzetlər, jurnallar qonorar vermirlər. Deməli, bəyənmədiyimiz Sovetlər quruluşu insanlara böyük dəyər verirdi. Hamı dolanırdı. Heç kimin banklara, mağazalara borcu yox idi. Elə mən özüm yazdığım pyeslərə, hekayələrə, məqalələrə, ressenziyalara görə yaxşı qonorar alırdım. Həmin pulla ailəmi saxlayırdım. Siz cavanlar həmin quruluşu görməyibsiz. Amma biz yaşlılar görmüşük. Bəyənmədik həmin quruluşu…
-Maraqlıdı, məgər sizə daha başqa tamaşalar hazırlamağa imkan vermirlər? Axı Siz Moskvada təhsil alıbsız. Öz işinizin peşəkarısız. 140-dan çox tamaşa hazırlayıbsız. Bu, heç də kiçik rəqəm deyil.
-Təsəvvür edin ki, imkan vermirlər. Çünki onlar istədiyi primitiv, zəif pyeslərə mən quruluş vermək istəmirəm. Mən hazırlamaq istədiyim dünya səviyyəli və çox maraqlı pyesləri isə onlar istəmirlər. Amma bu illərdə mən heç də bekar qalmamışam. Elə sizin Şabran rayonunda “Şabran” adlı Teatr-Studiya yaratmışdım. Orada 15-dan çox tamaşaya quruluş vermişdim. Çoxlu kütləvi tamaşalar hazırlamışdım. Siz də həmin kütləvi tamaşalarda oynayırdız. İndi həmin Teatr-Studiya 2018-ci ildə Xalq teatrı adını alıb. Eləcə də 2019-cu ilin sentyabr ayından dekabr ayınadək Mingəçevir Dövlət Dram Teatrında iki tamaşaya quruluş vermişəm. Bunlar- maraqlı yazıçı Qənbər Şəmşiroğlunun “Caninin etirafı (səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) iki hissəli faciə- məhəbbət odası və Redyard Kiplinqin “Mauqli” əsəri əsasında Nicat Kazımovla mənim cəhnələşdirdiyim “Mauqlinin yeni il arzuları” müziklına quruluş vermişəm. Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşasını çox böyük uğurla Milli Akademik Dram Teatrının səhnəsində 2020-ci ilin fevral ayının 17 və 18-də göstərdik. Tamaşaçılar və teatr mütəxəssisləri bu tamaşadan çox razı qaldılar. Bu, Mingəçevir Dövlət Dram Teatrının çox böyük qələbəsi idi. Siz də həmin tamaşaya baxdınız...
-Bəli, mənim də çox xoşuma gəldi. Həqiqətən yüksək peşəkar tamaşa idi.
-Bunlardan əlavə, Mingəçevirdə iki kütləvi tamaşa da hazırlamışam. Deməli, işləyən, öz işinin sevən və onun peşəkarı olan insanın qarşısını almaq elə də asan deyil. Qarşıma kötük atanlara çox vaxt mənim yazığım gəlir. Düşünürəm ki, “ay bədbəxtlər, ay yazıqlar, doğrudanmı mənə pislik etməkdən yorulmayıbsız? Axı bu yolla mənim qarşımı almaq mümkün deyil”.
- Hər halda teatr sahəsində Sizin bu cür səmərəli fəaliyyətiniz nəzərdən qaçmayıb. Gec də olsa, Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüsüz.
- Bəli. Nə yaxşı ki, çəkilən zəhmət gec-tez öz bəhrəsini verir. 50 ildən çox jurnalistika, teatr, ədəbiyyat və ümumiyyətlə sənət sahəsində xidmətlərimi belə yüksək qiymətləndirənlərə dərin təşəkkürümü bildirirəm. Bu fəxri adı mən ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1992-ci ildə almalı idim… Lakin mane oldular… Sonra da fəxri ada qarşı marağım itdi. Amma gec də olsa, haqq öz yerini tapıb.Yuxarıda dediyim kimi, bu 50 ildə mənə mane olanlar, mənim zəhmətlə əldə elədiyim uğurlarımı gözü götürməyənlər çox olub. İndinin özündə də var. Gündəlik həyatda və işimdə belə adamlar yenə də rastıma çıxır.Amma mən heç vaxt onlara qarşı kin-küdurət saxlamıram. Həyatımda hədsiz problemlər olub və mən onları bəzən səbrlə, bəzən əsəb gərginliyilə, böyük mübarizələrlə birər-birər dəf eləyə-eləyə, həyatımın hər pilləsini çox çətinliklə çıxmaqla, Allahın köməkliyilə gəlib axır ki, 70 yaşa çatmışam… Onu da vurğulayım ki, bu 70 ildə üzləşdiyim çətinliklərə, dəhşətli anlara, böyük vuruşlara görə mənə elə gəlir ki, 140 il ömür sürmüşəm…
- Bilirəm ki, Siz həyatda nikbin, ötkəm və mübariz insansınız. Bax, belə xarakterli Ağalar İdrisoğlu həyatda olan möcüzələrə, qəribəliklərə inanırmı?
- Çox maraqlı sualdır. Səmimi deyim ki, inanıram. Baxmayaraq ki, əsrimiz elm, texnika, internet, sosial şəbəkələr əsridir. Biz hər gün televiziyada, inernetdə dünyada baş verən dəhşətli qəribələikləri, möcüzələri də görürük. Qəzetlərdə, saytlarda oxuyuruq. Radiodan eşidirik. Yəni hər gün çoxlu informasiya alırıq… Bu informasiyalara da bəzən inanırıq, bəzən yox. Çünki indiki insanların düşüncəsi, təxəyyülü çox inkişaf edib. Amma onu da dərk edirik ki, həyat möcüzələrlə doludur. Elə kosmosun tədqiqatı və onlarca belə ağlagəlməz işlər böyük möcüzə demək deyilmi?..
İndi təsəvvür edin ki, 10 yaşından 14 yaşına kimi Masallı camaatının inək və camışını otaran, 15-17 yaşlarında Masallı Kərpic-Kirəmit zavodunda fəhlə işləyən, amma bu məşəqqətlərə, çətinliklərə baxmayraq, təhsilə böyük marağı olan oğlan, illər keçəndən sonra yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist kimi tanınan, SSRİ dramaturqları laureatı, Osman Mirzəyev adına respublika mükafatı laureatı, “Qızıl Dərviş” mükafatı laureatı, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu olur. Quruluş verdiyi (Baba Rzayevlə birlikdə) Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmız tamaşası Moskvada oynanılan vaxt, bu tamaşada oynayan 50 nəfər iştirakçıya verilən SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incəsənət üzrə 50 qızıl, gümüş və bürüc medallarını Azərbaycana Ağalar İdrisoğlu gətirir. Və təvazökarlıqdan uzaq olsa da bax, həmin oğlan 233 min əhalisi olan Masallı rayonunun və bu rayona qonşu olan rayonların ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, ilk peşəkar teatr rəhbəri, bədii rəhbər və direktoru olur. Uzun illər Azərbaycan teatrlarına rəhbərlik eləyir. Həmin bölgənin Moskvada tear rejissorluğu sahəsində ilk ali təhsil alan rejissorlarından və ilk Əməkdar incəsənət xadimlərindən biri olur. İlk azərbacanlı olaraq, SSRİ dramaturqları laureatı kimi mötəbər bir pilləyə yüksəlir. Eləcə də 500 minə yaxın əhalisi olan yaşadığım Sumqayıt şəhərində yuxarıda sadaladığım həmin bütün bu birinciliklər də məhz mənim adımla bağlıdır.Təsəvvür edin ki, heç bir arxası, dayağı, imkanlı, pullu qohumları olmayan, kasıb bir ailədə böyüyən bir oğlanın bu sahələrdə birinci olması, belə uğurlar əldə eləməsi məgər həyatın qəribəlikləri, möcüzəsi deyilmi? Axı uşaqlıq, yeniyetməlik, gənclik illərində bu, heç mənim ağlıma da gəlməzdi ki, illər keçəcək mən yalnız öz zəhmətimlə, istadadımla, ağlımın, savadımın, yuxusuz gecələrimin, təşkilatçılığımın, böyük səbrimin sayəsində çoxlu birinciliklərə imza atacam…
- Əlli ildən çox zaman kəsiyi müddətində ədəbiyyata, incəsənətə xidmət edirsiz. Uzun illər də teatrlara rəhbərlik etmisiz. Bu illərdə nə qəzanıbsız?
- Əgər səmimi desəm, heç nə. Sadəcə, bir qədər ad-san, bir qədər şöhrət, bir də infarkt qazanmışam. Övladlarım, onların xoş güzəranı üçün bir valideyn kimi həyatda demək olar ki, heç nə eləyə bilməmişəm. Bax, bu mənə mənəvi əzab verir. Doğrudur, çoxları buna inanmır. Deyirlər ki, ola bilməz, uzun illər teatrlara rəhbərlik edəsən və özünə lazım olan şərait yaratmayasan? Əlbəttə, mən onlara heç bir cavab vermirəm. Sadəcə, acı-acı gülümsəyirəm. Axı onlara saatlarla başa sala bilmərəm və deyə bilmərəm ki, mən elə teatr rəhbərlərindən olmuşam ki, qazandığımı yalnız teatrın işçilərinin şəraitinin yaxşılışmasına xərcləmişəm, sərf etmişəm. Onlara lazım olan şərait yaratmışam ki, öz işlərinə həvəslə yanaşıb, məşq elədikləri rolları peşəkar səviyyədə oynasınlar. Hətta özümün evə ehtiyacım olduğu bir vaxtda teatra ayrılan mənzillərdən heç birini özümə götürməyib, teatr işçilərinə vermişəm. Amma indi 10 nəfər ailə üzvümlə iki otaqlı mənzildə yaşayıram. Bu haqda lazım olan təşkilatlara müraciət eləsəm də hələ ki, mənə mənzil vermək istəmirlər. Min cürə bəhanələr gətirirlər.Təmənna güdürlər.Yəqin bu, sizə bir qədər qəribə gəlir.Yuxarıda dediyim kimi, mən məddah deyiləm.Bu məmləkətdə çox vaxt məddahların işi daha yaxşı gedir. Nə qədər acı olsa da, bu bir həqiqətdir və reallıqdır. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu belə olub və həmişə də belə olacaq… Çünki xislətimiz belədir.
Bizim - keçən əsrin 80-90-cı illərində rəhbər vəzifələrdə işləyənlərin çoxunun heç ağlına da gəlmirdi ki, kimdənsə nəsə umaq və ya işçiləri düşünməyib, yalnız özümüzə şərait yaradaq, rüşvət alaq. İndi o dövrün rəhbər işçilərinin əksəriyyəti mənim kimi kasıb, imkansız adamlardı…
Amma sizə bir fakt deyim. Mən Moskvada oxuyanda, Almaniyanın Düsseldorf Teatrının kollektivi Moskvaya qastrola gəlmişdi. Maraqlı tamaşalar göstərdilər. Tamaşalardan sonra A. V. Lunaçarski adına Dovlət Teatr Sənəti İnstitutunun müəllim və tələbə heyətilə həmin kollektivin görüşü oldu. Mark Tit Plavtın “Amfitrion” tamaşası bizim çox xoşumuza gəlmişdi. Teatrın direktorundan bu tamaşanın quruluşçu rejissorunu soruşduq. Dedi ki, o, quruluş verdiyi bu tamaşadan aldığı qonorarla xarici ölkələrə gəzməyə gedib. Çünki bu tamaşadan o, böyük məbləğdə qonorar qazanıb. Teatrın direktoru elə bir qiymət dedi ki, həmin vaxtlar keçmiş SSRİ-də məşhur olan rejissorlar və bizim institutda dərs deyən müəllimlər, özlərinin də teatrı olan Aleksandr Qonçarov, Mark Zaxarov, Anatoli Efros, Oleq Tabakov, İakim Şaroyev və başqaları ucadan, heyrətlə dedilər: “Ola bilməz. Bir tamaşaya görə bu qədər qonorar ağlasığmazdır”. Teatrın direktoru dedi ki, acı olsa da, bu həqiqətdi… Təsəvvür eləyin ki, biz Sovet dövründə yaşayan rejissorlar quruluş verdiyimiz tamaşaların çoxuna görə heç qonorar da almamışıq.Mən də bu vaxta qədər 140-dan çox tamaşa hazırlamışam.Təsəvvür edin ki, bizi istismar edib, beynimizin, təxəyyülümüzün məhsulunu oğurlayıb, qəpik-quruşa satın alıb, kölə kimi işlədiblər. Ən acınacaqlı hal budur ki, bu oyunlar bizim məmləkətdə bu gün də davam edir… Yazdığımız pyeslərə və işlədiyimiz teatrda yox, başqa teatrda quruluş verdiyimiz tamaşaya görə də bizə çox cüzi qonorar verirlər. Əgər mən bir kapitalist ölkəsində yaşasaydım və bu qədər tamaşa hazırlasaydım, bu qədər əsər yazsaydım görün özümə necə yaxşı şərait yarada bilərdim?!.. Həmin ölkənin ən varlı adamlarından biri olardım.
Bir acınacaqlı həqiqəti də deyim ki, bizim məmləkətdə teatr işçilərinin əmək haqqı o qədər azdır ki, dilim də gəlmir həmin məbləği deyim. Bu az əmək haqqına görə çoxlu istedadlı adamlar teatrda işləməyə gəlmək istəmirlər. Ona görə də sənətimiz cılızlaşır. İncəsənət sahəsində çalışan insanların əmək haqqına belə tarif qoyan məmurlar, bu tarifi yalnız onları alçaltmaq və təhqir etməkçün qoyublar. Bizim məmləkətdə adi bir polis serjantı Xalq artistindən, Əməkdar incəsənət xadimindən çox əmək haqqı alır. Buna nə ad vermək olar?.. Bax, bütün bunlar acı olsa da, bizim məmləkətdə dəhşətli, bağışlanılmaz bir həqiqətdi… Torpağının altı da, üstü də böyük sərvət olan bu məmləktədə insanlarımızın belə pis vəziyyətdə, ehtiyac içində, dilənçi kökündə yaşaması, bütün bunları görən, dərk eləyən ziyalılarçün çox böyük dərddi. Məhz buna görə də düşünən beyinli, savadlı insanlarımız belə ağır şəraiti olan ölkədə yaşamaqdansa xarici ölkələrə gedib orada yaşamağı daha üstün tutublar. Bu da millətimizə gec-tez baha başa gələcək. Çünki düşünən beyinlər xarici ölklərə getdikcə, savadsızlıq çoxalır və məmləkətimizdə nadanlıq baş alıb gedir…
- Yada salmaq nə qədər xoşagəlməz olsa da, bir məsələyə toxunmasam olmaz. 2014-cü ilin may ayından iyul ayına kimi hüquq-mühafizə orqanları ilə bir problem də yaşadız.
- ( Acı-acı gülümsünür.) Yaşadım, bəli. Amma mənə qarşı olan həmin haqsızlığı yada salmaq istəmirəm… Mənə ən çox tasir edənsə heç bir günahım olmadan, sifarişlə həbs olunmağım olub. Özü də bunun üçün Bakı şəhərinin keçmiş rəisi böyük miqdarda pul alıb. Ən dəhşətlisi budur ki, bunu mənə müstəntiq deyib. Onlar mənə 8 il həbs cəzası vermək istəsələr də, arzuları ürəklərində qaldı. Cəmi 58 gün məni Kürdəxanı Təcridxanasında saxladılar. Deməli, Allah öz sevdiyi bəndəsini qoruya bilir…Yenə mən öz Allahıma, yaxşı adamlara, dostlarıma minnətdaram. Elə düşmənlərimə də yamanlıq istəmərəm. Çünki həmin düşmənlərim məni daim sərvaxt olmağa məcbur edirlər... Bilirsiz, mən son vaxtlar, necə deyərlər, papağımı qabağıma qoyub özüm barədə çox fikirləşmişəm. Belə qərara gəlmişəm ki, ən böyük səhvimbəzi insanların mayasında olmayan mütləq nəcibliyi axtarmaqdı. Başıma gələnlər elə hamıya yaxşılıq etməyə çalışmağımdan və elədiyim yaxşılığın həddini-hüdudunu bilməməyimdəndi... Bu sözümün davamını gətirmək istəməzdim… Amma yeri gəlmişkən deyim ki, bir gün Həzrət Əliyə xəbər çatdırırlar ki, bəs filankəs sənin qaranca danışır. Həzrət Əli xeyli fikrə gedir və deyir: “Nə əcəb? Mənki ona heç bir yaxşılıq etməmişəm”. Amma sizə deyim ki, sifarişlə həbs edilməyimin, 58 gün Kürdəxanıda Təcridxanada olmağımın mənə çox xeyri dəyib. Orada olanda gələcəkdə yazacağım çoxlu maraqlı mövzular toplamışam.Və həm də heç nəyin ücbatından həbsxanada yatan bəzi insanlarla rastlaşmışam. Onların acı taleyini öyrənmişəm. Hamısını da gündəliyimə yazmışam. Rüşvətin orada və bütün hüquq, mühafizə orqanlarında necə tüğyan elədiyini, hər şeyin yalnız pulla həll olunduğunu, ən adi bir işin də öz qiyməti olduğunu görmüşəm və səmimi deyim ki, dəhşətə gəlmişəm. Həbsxanaya ayrılan ərzağın sehrli qüvvələrin əlilə necə yoxa çıxdığını və həbsdə olanlara it yalına oxşar, çox keyfiyyətsiz yeməklərin verildiyini görmüşəm. Hansı ki, həmin yeməkləri, demək olar, heç kim yemirdi. Onların verdikləri qara çörəyi sıxanda isə içindən su tökülürdü. Azərbaycandakı həbsxanalarda insanlara bir həşərat kimi baxılır. Çünki orada çalışanların, işləyənlərin çoxu savadsız, kobud, tərbiyəsiz, qansız, anasının əmcəyini kəsən, faşist xislətli adamlardı. Onları puldan başqa heç nə maraqlandırmır. Onlar pula görə hər şeyi-hətta ən müqəddəs sayılanları belə sata bilərlər…
Təsəvvür eləyin ki, hüquq-mühafizə orqanlarının işilə bağlı Heydər Əliyevin və Prezident İlham Əliyevin çox maraqlı sözləri var. Ulu öndər, Azərbaycanın müsəqilliyi üçün böyük işlər görən Heydər Əliyev belə deyib: “Dövlət iki şeydən sarsıla bilər. Cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə”. İlham Əliyev isə bu gözəl fikri daha da dərinləşdirərək belə maraqlı fikir deyib: “ Hər yerdə ədalət olmalıdı. İlk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Ona görə də hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür”. Amma çox əfsus ki, nə polis, nə prokurorluq, nə də məhkəmə sistemində işləyənlər bu iki şəxsiyyətin dediyi həmin qiymətli sözlərə fikir vermirlər. Bu sözlərə əməl eləmirlər. Dəhşətlisi budur ki, güc strukturlarında böyük mənəvi əxlaqsızlıq hökm sürür. Ən dəhşətlisidə budur ki, yuxarı eşalonda əyləşən bəzi yüksək rütbəli məmurlar belələrini müdafiə etdiklərinə görə onlar da mənəviyyatca əxlaqsız adamlardır. Güc strukturu sistemi yalnız rüşvət üzərində qurulub. Pulun varsa, bu məmləkətdə onların əlilə istədiyin qanunu istədiyin kimi dəyişdirə bilərsən… Və orada olanda məni həmişə bir sual çox narahat edirdi: “Görəsən, ölkə başçısının bütün bunlardan, insanlarımızın haqqının belə dəhşətli dərəcədə tapdanmasından, insanların sifarişlə həbs olunmasından, rüşvət vermədiklərinə görə şərlənməsindən, həbsxanalarda nə qədər günahsız insanların yatmasından və onları güc strukturlarının necə alçaltmasından, təhqir etməsindən, işgəncə verməsindən xəbəri varmı?..” Mən belə fikirləşirəm ki, xəbəri yoxdur. Çünki aidiyyatı məmurlar çox şeyi Prezidentdən, Vitse-prezidentdən gizlədirlər. Onlar bu qansız, düşmən hərəkətlərilə xalqın Prezidentə, Vitse-prezidentə inamını, etibarını azaldırlar. Mən qətiyyətlə deyirəm ki, bu adamlar həm millətin və həm də ölkə başçısının düşmənləridirlər. Acınacaqlı olsa da deyim ki, belə adamların sayı çoxdur və gündən-günə də artır… Elə bil kimsə, hansı qüvvəsə onlara hər gün tapşırıq verir ki, milləti əzin, onların haqqını tapdalayın, xalqa işgəncə verin. İnsanları qözüqıpıq eləyin.
Artıq həbsxana həyatından bəhs edən “Əbləhlər”, “Azadlığa gedən yol” adlı pyeslər və “Dələduzlar” adlı publisist povest üzərində işə başlamışam. Hər üç əsər məni və mənim kimi yüzlərlə insanı sifarişlə həbs etdirənlərə həsr olunub. Eləcə də başqa insanların da taleyi burada öz əksini tapacaq. Həmçinin məmləkətimizdə hüquq və güc strukturlarının əlilə baş verən dəhşətli hadisələr, günahsız insanlarımızın başına gətirilən faciələr, müsibətlər gələcək əsərlərimdə özünün maraqlı əksini tapacaq… Təki sağlıq olsun.
Siz bilirsiniz ki, həkim və hakim Böyük Yaradanın yerdə elçiləridir.Yəni bu insanlar Ulu Tanrı tərəfindən seçilmiş adamlardır. Amma son vaxtlar xalqımız tez-tez bu məsəli deyir: “Allah heç kimin işini həkimə və hakimə salmasın”. Bundan da dəhşətli fikir olarmı?..
Bu məsələnin də gəlin, elə burda nöqtəsini qoyaq. Çünki mənim necə insan və sənətkar olmağımla bağlı gələcək sözləri tamaşaçılar və oxucular deyəcək.
- Ən çox güvəndiyiniz və arxalandığınız kimdir və nədir?
- Arxalandığım yalnız və yalnız o bir olan Allahımdı… Güvəndiyimsə Ailəm. Bir də həbsxanadan çıxmağımda mənə köməyi olan xeyirxah insanlardı. Qohumlarımdı, təmənnasız dostlarımdı. Bax, bütün bunlar mənə güc-qüvvə verir, yaşadır…
- Ağalar müəllim, yəqin ki, vaxtınızı çox aldıq. Sizə uzun ömür, can sağlığı və əlbəttə ki, bir-birinin ardınca daha böyük yaradıcılıq uğurları arzulayırıq- teatrda, sənətdə və qələmdə. Qoy bundan sonra həyatınızdakı dostlarınız daha çox olsun.
- Amin. Allah ağzınızdan eşitsin. Burada bir maraqlı fikir yadıma düşdü. İstəyirəm deyim: bir nəfər Böyük Yaradana yalvarır ki, onu düşmənlərindən qorusun. Böyük Yaradan onun bu yalvarışını eşidir və həmin düşmənləri ondan təcrid edir. Bir müddət keçəndən sonra həmin adam görür ki, ətrafında demək olar ki, dostu qalmayıb…
Bax, ona görə də əsl dost, bugünki qarmaqarışıq, haqsızlıqlarla dolu zamanədə insançün ən böyük nemət və dəyəri olmayan böyük varlıqdır. Kimin belə dostu varsa, onun əlindən bərk yapışmalı, onu qorumalıdı. Sevinirəm ki, mənim də belə təmənnasız dostlarım var. Mən onlarla fəxr eləyirəm. Onlar mənə qol-qanad verirlər. Yaşamağa, yaratmağa həvəsimi, istəyimi artırırlar…
Elə sizin gəlib məni axtarmağınız və mənim haqqımda yazmağınız, məni keçmiş illərimə, həyatımın ağrılı, acılı, maraqlı illərinə, anlarına qaytarmağınız mənim üçün çox böyük sevincdi. Əgər siz mənə belə maraqlı suallar verməsəydiniz və mən bunları deməsəydim, yəqin ki, yazıya köçməyəcəkdi və gələcək nəsillərçün də qalmayacaqdı. Axı yazılan qalır…
P. S. Bəli. Bu yazı düz yeddi ildir ki, mənimlə birlikdə yol gəlirdi. O vaxt, yuxarıda yazdığım kimi, mənim 16 yaşım vardı və Ağalar İdrisoğlunun Şabran rayonunda hazırladığı, xalqımızın ən müqəddəs bayramı olan Novruz bayramı şənliyində 9-10-cu sinif şagirdi kimi mən də çıxış edirdim. Və mənim kimi 400 şagird ona diqqətlə qulaq asıb, dediyi tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Amma ağlıma gəlməzdi ki, bir zaman gələcək, daxilimdə olan fikirlər reallaşacaq və yazıya köçəcək. Hətta bir vaxtlar ona həsr etdiyim və ithafımı bu sözlərlə yazdığım- Böyük insan, sözün əsl mənasında içində nur saçan bir ömür yaşamış Ağalar İdrisoğluna həsr elədiyim həmin şeirə belə ad qoymuşdum: “İçindən nur saçan ömür”. Həmin şeirimi ona oxumaq mənə axır ki, nəsib oldu…
Həmin şeir beynimdə yenə də səslənir və öz-özümə pıçıltı ilə deyirəm:

Uca Tanrının payıdı,
İçindən nur saçan ömür.
Günəşin əkiz tayıdı,
İçindən nur saçan ömür.

Söykənər fəhmə, şüura,
Toxum olar min uğura.
Dünyanı qərq edər nura,
İçindən nur saçan ömür.

Söz qoxuyar, sənət dadar,
Hər zirvəyə əli çatar.
Sabahlara çıraq tutar,
İçindən nur saçan ömür.

Haqq olub, Haqdan görünər,
Ən uca dağdan görünər.
Min il uzaqdan görünər,
İçindən nur saçan ömür.

Söz söyləyər, nəğmə qoşar,
İlahi eşqə qovuşar.
Elin yaddaşında yaşar,
İçindən nur saçan ömür.

Bir sözlə, tale və Uca Tanrının qismətilə dəyərli ziyalı Ağalar İdrisoğlunun 70 illik yubileyinin ömür yolunun çox kiçik anlarını oxuculara təqdim etdim.
İmza yerində isə belə yazmağı düşündüm.
Ağalar İdrisoğlunun
ömür və sənət yolunu şairə-publisist
Gülnar TACLI işıqlandırdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !