Karonavirusdan qorxmayan Darçın xala - - Kamran Nəzirli yazır

Karonavirusdan qorxmayan Darçın xala - Kamran Nəzirli yazır

Qonşu blokda təxminən 90 yaşında bir arvad yaşayır, adı da Darçın. Hərdən görüşüb salamlaşırıq. Allah canına dəyməsin, yaxşı arvaddır. Amma bir az çənədən o məsələ... salam verdin ha, yapışacaq yaxandan, əl çəkməyəcək; zalım qızı, Nuh əyyamından qalmış bütün olub-keçənləri tökür ortalığa, sonra da yığışdıra bilmir. Vay o gündən ki, harasa tələsəsən, Darçın xalanın gözünə göründün, vəssalam, işin bitdi... Nə isə...
Neçə vaxt idi gözümə dəymirdi. O gün elə-belə, maraqlandım, dedilər xəstədi, evdə yatır. Dünən gecə çıxmışdım balkona, siqaret çəkməyə. Gördüm Darçın xala parkda gəzir, ağzında da maska. Gecəni yatdım, səhər durub yenə çıxdım balkona, gördüm parkda heç kim yoxdu, adamlar karantinə əməl ediblər, Darçın xaladan başqa; yenə parkdaydı, ləhləyə-ləhləyə gəzirdi, ağzında da maska. Günorta yeməyimi yeyib çıxdım balkona, Darçın xalanı yenə parkda gördüm, ağzında da maska. Axşam çay süfrəsindən sonra gərnəşdim, dedim çıxım bir balkona, siqaret çəkim. Yenə Darçın xalanı gördüm, ağzında da həmin maska! Gecə yarıdan keçmişdi, dedim çıxım balkona, təmiz hava udum. Düz pəncərəmin qabağında bir qoca arvad gəzirdi, ağzında da qaralmış ləkələri olan ağ maska! Əvvəlcə qorxdum, sonra tanıdım, Darçın xalaydı.
- Ay arvad, karantinin sənə dəxli yoxdu bəyəm? – axır ki, özümü saxlaya bilmədim, dilləndim. – Get gir evinə də, başqa vaxtı evdən çölə çıxmırdın...
- A bala, təmiz hava alıram e...Təmiz hava...- hıqqana-hıqqana dedi.
- Balkondan ala bilmirsən? Allah eləməmiş, xəstələnib-eləyərsən, camaatı da zibilə salarsan!- Bu dəfə səsimi bir qədər qaldırdım.
- Mənə heç nə olmaz, maska taxmışam, maska! Görmürsən?
- Görürəm, görürəm...Üç gündü həmin maskadasan...Uzunmüddətli maskadı?
Arvad başa düşmədi deyəsən, ya da incidi. Cavab vermədən parkın içinə doğru getdi.
İnşallah, səhər sağ-salamat yuxudan durub yenə balkona çıxacam, yəqin Darçın xalanı görəcəyəm. İndi düşünürəm: görəsən ona daha nələr deyim ki, evdə qalsın, çölə çıxmasın! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !