Koronavirusun kölgəsində: bu gün DQR -də seçki keçirilir - -FOTO=2

Koronavirusun kölgəsində: bu gün “DQR”-də seçki keçirilir -FOTO=2

Koronavirus pandemiyası tanınmamış "respublikada" keçiriləcək "seçkiləri" kölgədə qoyub, amma Ermənistan buna qarışmamaq qərarına gəlib.
Bu gün tanınmamış "Dağlıq Qarabağ Respublikasında prezident və parlament seçkiləri" keçirilir – namizədlərin, jurnalistlərin və müşahidəçilərin etirazlarına baxmayaraq.
Hökumət risk etmək qərarına gəlib – rəsmilər ərazidə yoluxma hallarının olmadığını və seçiciləri maska və antiseptik maddələrlə təmin edəcəklərini deyiblər.
“DQR”-lə sıx əlaqədə olan və “respublikanın” əhalisinə öz pasportunu verən Ermənistanda isə fövqəladə vəziyyət elan olunub, sərt karantin tətbiq edilib. Bu xəbər dərc olunana qədərki rəsmi məlumata görə, orda yoluxanların sayı 480 nəfərə çatıb.
31 mart seçkiləri “DQR”-də beynəlxalq müşahidəçilərin olmadığı ilk "seçki" olacaq.
Ermənistan hökuməti bəyan etmişdi ki, "seçkinin" tarixinin dəyişdirilməsi məsələsi “DQR”-də həll olunmalıdır.
Ancaq ekspertlər deyirlər ki, “DQR” rəsmi Yerevanın məsləhətinə əməl etməyə bilməzdi.
Ermənistan “DQR”-in müstəqilliyini tanımayıb, ancaq “respublikanın” büdcəsi və ordusu Ermənistanla sıx bağlıdır.
Azərbaycan “DQR”-dəki seçkiləri tanımır.
"Heyrətamiz məsuliyyətsizlik"
Normal situasiyada “DQR”-dəki "seçkilər" Ermənistan üçün də böyük siyasi hadisə olardı, ancaq fövqəladə vəziyyət (FV) fonunda arxa plana keçib.
Burada FV martın 16-dan etibarən qüvvədədir, koronavirus xəbərlərinin KİV-də işıqlandırılmasına senzura tətbiq edilib, bazar ertəsi hökumət mobil cihazlar vasitəsilə vətəndaşların izlənməsinə icazə verilməsi barədə parlamentə qanun layihəsi təqdim edib – bütün bunlar pandemiyayla mübarizə çərçivəsində baş verir.
“DQR”-in özündə virusa yoluxma faktı qeydə alınmayıb, ancaq bəzi məhdudlaşdırıcı qərarlar qəbul edilib – kilsələr qapadılıb, orta və ali məktəblərdə tətil elan olunub, kütləvi tədbirlər ləğv edilib.
Tanınmamış "respublikada" cəmi 150 min adam yaşayır. “DQR MSK-sı"nın məlumatına görə, "ümummilli seçkilərdə" iştirak üçün 103 min seçici qeydə alınıb.
Rəsmilər seçki məntəqələrində seçicilərə maska, əlcək və əl üçün antiseptik vasitə, o cümlədən hər seçiciyə ayrıca qələm paylamağı vəd ediblər.
Ancaq bu vədlər heç də hamını qane etməyib. Bəzi namizədlər hökumətin qərarını tənqid edib və səsvermənin təxirə salınmasını istəyib.
Ermənistan parlamentinin iki nümayəndəsi müsahibəsində bildirib ki, indiki vəziyyətdə seçkilərin keçirilməsini doğru hesab etmirlər, səsvermənin təxirə salınmaması isə rəsmi Yerevanın “DQR”-in işlərinə müdaxilə etməməsiylə bağlıdır. “Bizdə kilsə və Artsax dövlətdən ayrıdır,” - onlardan biri zarafatla belə deyib.
Adlarının anonim qalmasını istəyən hər iki deputat etiraf edib ki, pandemiyaya görə bu mövzuya kifayət qədər diqqət ayıra bilməyiblər.
“İki hökumət arasında ciddi, açıq məsləhətləşmələr təşkil edilməliydi. Qarabağ bütün sahələr üzrə Ermənistan iqtisadiyyatına inteqrasiya olunub,” – Paşinyanın keçmiş məsləhətçisi və hakim partiyanın üzvü jurnalist Arsen Xaratyan belə deyib.
Qarabağ üzrə tanınmış araşdırmaçı, jurnalist Tatul Akopyan öz məqaləsində seçkilərin təxirə salınmamasını “heyrətamiz məsuliyyətsizlik” adlandırıb.
Ermənistan KİV-in bir çox təmsilçisi “DQR”-ə gedib "seçkiləri" müşahidə etməkdən imtina edib, “Şahid” təşkilatı isə bəyanat verərək seçkiyə müşahidəçi göndərməyəcəyini bildirib, təxirə salmama qərarını sağlam düşüncəyə zidd adlandırıb.
“Prezident” “sıfırlandı”, ancaq inqilab mane oldu
2007-ci ildən etibarən tanınmamış "respublikaya Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri” Bako Saakyan rəhbərlik edir.
2017-ci ildə ikinci “prezidentlik" müddəti başa çatan Saakyan referendurum təşkil edib və nəticədə “DQR” prezident üsul-idarəsinə keçib.
Əsas qanuna edilən dəyişiklik ona əvvəlki iki prezidentliyini “sıfırlamaq”, 2020-ci ilə qədər keçid dövrünün dövlət başcısı olaraq ölkəyə rəhbərlik etmək və yenidən iki dəfə seçilmək fürsəti yaradıb.
Ancaq Ermənistanda 2018-ci ilin may ayında keçirilmiş kütləvi aksiyalar hakimiyyət dəyişikliyilə nəticələnəndən bir ay sonra Stepanakertdə/Xankəndində etirazlar başlayıb.
Nəticədə Saakyan namizədliyini vermək planından imtina etməli olub və bu, "seçkilərin" rəqabətli mühitdə keçəcəyi ehtimalını yaradıb.
“Çekist”lərdən tutmuş saç ustalarına qədər
Tanınmamış "respublikanın" prezidentliyə namizədləri arasında “ağır çəkili” siyasətçilər də var, çox az adamın tanıdığı fiqurlar da.
Ən məşhurları bunlardır – “keçmiş dövlət naziri” Araik Harutyunyan, “daxili işlər naziri” Masis Mailyan, “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan, “parlamentin spikeri” Aşot Gulyan, müxalifətçi “deputat” Hayk Xanumyan və "prezidentin mətbuat katibi” David Babayan.
Əsas intriqalardan biri Nikol Paşinyanın hansı namizədi dəstəkləməsidir. Ermənistanın Baş naziri hakimiyyətdə olduğu iki ilə yaxın dövr ərzində son dərəcə yüksək reytinqini qoruyub saxlaya bilib. Paşinyan bu gün də Ermənistanın ən populyar siyasətçisidir və onun dəstəyi seçkinin nəticəsinə ciddi dərəcədə təsir edə bilərdi.
Ancaq rəsmi Yerevan bütün səviyyələrdə “öz namizədini” açıqlamaqdan yayınıb və “DQR” siyasətçilərinin müstəqil qalmasında israr edib.
Seçkiləri müşahidə etmək üçün Stepanakertə/Xankəndinə gedən Arsen Xaratyan açıqlamasında deyib ki, “Rəsmi olaraq heç bir namizəd Yerevandan yardım almır, hakim partiya onların heç birini dəstəkləmir”.
Ancaq bəzi namizədlər buna eyham vurublar.
Həm Ermənistanda, həm də “DQR”-də işləyən politoloq Edqar Elbakyan BBC-yə açıqlamasında deyib ki, “keçmiş dövlət naziri” Harutyunyan və “daxili işlər naziri” Mailyan özlərini Paşinyanın namizədi kimi təqdim etməyə çalışıblar. Ancaq ekspert deyilənlərin həqiqətə uyğun olub-olmadığını bilmir.
Hakim partiyanın parlamentdəki iki nümayəndəsi də BBC-nin bununla bağlı sualına cavab verə bilməyib.
Onlar liderləri Paşinyanın kimi dəstəklədiyini deməkdə çətinlik çəkiblər və hər biri ancaq öz favoritinin adını açıqlayıb.
Qarabağ müharibəsindəki roluna görə tanınan general-mayor Vitali Balasanyansa əksinə, öz kampaniyasını Ermənistanın yeni hakimiyyətinin tənqidi üzərində qurub, hətta Paşinyanı “Qərbin layihəsi” adlandırıb.
Rekord məbləğlər
Gərgin rəqabətə hazırlaşan siyasətçilər "seçki" kampaniyasına ciddi yanaşıblar.
“Daxildən və xaricdən çox sayda siyasi texnoloq dəvət edilib, reklama çoxlu pul xərclənib. Bir seçkiyə bu qədər siyasi texnoloq cəlb olunmasını mən ilk dəfə görürəm,” – “International Crisis Group” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Olesya Vartanyan  açıqlamasında belə deyib.
“Məncə, Artsaxda indiyə qədər heç kim belə seçki görməyib, hətta təbliğat plakatlarının sayına görə də. Rekord məbləğdə vəsait xərclənib. Seçicilərə pul paylanması barədə şayiələr də var,” – bu isə Arsen Xaratyanın sözləridir.
Bəzi namizədlər tərəfindən səslərin pulla satın alınmasını Stepanakertdəki/Xankəndindəki bir neçə başqa mənbə də təsdiqləyib.
“Artsaxdakı seçki mədəniyyəti Ermənistandakı 2017-ci il seçkilərindəki vəziyyətlə eynidir. Bu, keçid sistemlərinin hamısına xas xüsusiyyətdir. Texniki baxımdan hər şey düzgün və təmizdir, ancaq bir çox məsələ demokratiya mühitinə uyğun deyil. Artsaxda səslərin formal olaraq qanuni yolla satın alınması halları var,” – politoloq Elbakyan BBC-nin satınalma iddialarıyla bağlı sualına belə cavab verib.
Həqiqətən rekord məbləğdə pul xərclənibsə belə, “DQR MSK-sı" onları görməyib: martın 23-də dərc olunmuş məlumata görə, bütün partiyalar cəmi 21 milyon dram (təxminən 42 min dollar), prezidentliyə namizədlərsə 11 milyon dram (22 min dollar) vəsait sərf ediblər. bbc.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !