Polis insanları döyərək evlərə saldı - –FOTO

Polis insanları döyərək evlərə saldı –FOTO

Martın 25-də Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan olunub. Polis bu qadağanı pozan şəxsləri dəyənəklə döyərək evlərinə getməyə məcbur edib. Bununla bağlı sosial şəbəkələrdə çoxlu sayda video-görüntü yayılıb və sərt tənqid olunub.
Dünyada koronavirusla mübarizə ilə bağlı ən sərt tədbirlər 1.3 milyard əhalisi olan Hindistanda müşahidə edilib. Çindən sonra ən çox əhalisi olan Hindistanda insanların evdə qalması üçün polis sərt addımlar atır. Ölkə rəsmiləri bildirib ki, qaydanı pozanları hətta 1 ilə qədər həbs gözləyir.
Əslində alış-veriş üçün evdən çıxmağa icazə verilsə də, ölkənin ən böyük şəhərlərində, o cümlədən Mumbay və Yeni Dehlidə polis marketə getmək üçün evdən çıxan insanları da dəyənəklə döyərək, evə getməyə məcbur edib.
Bir evdə xidmətçi işləyən Alok Barman adlı sakin bildirib ki, qida məhsulları almaq üçün evdən çıxıb və polis tərəfindən döyülərək, geri qaytarılıb. Onun sözlərinə görə, insanlar qorxusundan evdən çölə çıxmır, nəticədə evdə yeməyə heç nə tapmır, ac qalırlar.
Yayılan videoların birində polisin dükanı açdığına görə dükan sahibini və gələn müştəriləri dəyənəklə döydüyü əks olunub.
Qeyd edək ki, hazırda hindistanda 563 nəfərdə koronavirus aşkarlandığı, 10 nəfərin virusdan dünyasını dəyişdiyi bildirilir. Ölkədə yetərincə koronavirus testləti aparılmadığı üçün ehtimal olunur ki, yoluxanların sayı dəfələrlə çoxdur.
Xatırladaq ki, martın 25-də Hindistanda fövqəladə vəziyyət elan olunub. Hindistanın Baş naziri Narendra Modi televiziya vasitəsilə xalqa müraciətində bildirib ki, fövqəladə vəziyyət 3 həftə, yəni 21 gün davam edəcək:
“Növbəti günlərdə evdən çıxmağı unudun. Evdə qalın. Bu addım ölkəmizin hər bir vətəndaşının həyatını xilas etmək üçün atılır. Şübhəsiz, bunun nəticələri olacaq, lakin hər bir vətəndaşımızın həyatını xilas etmək mənim üçün, Hindistan hökuməti üçün prioritetdir”.
Baş nazir həmçinin açıqlamasında bildirmişdi ki, 3 həftə ərzində yalnız tibb işçiləri, hərbiçilər, media mənsubları evdən çölə çıxa bilər. Adi vətəndaşlar isə yalnız səhhəti ilə bağlı problem yarandıqda və qidaya ehtiyac olduqda evdən çölə çıxa bilər. axar.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !