BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək -

BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

M1 – xətti: 20 Yanvar m/st. - 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) - Azadlıq pr. m/st. - Gənclik m/st  - N.Nərimanov m/st. -  Koroğlu m/st.- Q.Qarayev m/st.- Neftçilər m/st. - Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: 20 Yanvar m/st. - İnşaatçılar m/st. - Elmlər Ak. m/st - Nizami m/st.- İçərişəhər m/st. - Sahil m/st. - 28 May m/st. - Gənclik m/st. - N.Nərimanov m/st. -  Koroğlu m/st. - Q.Qarayev m/st. -  Neftçilər m/st. -  Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 azn müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir. 

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !