Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə - monumental Sumqayıt foto-salnaməsi! - +FOTO=20

Eyruz Məmmədovdan Sumqayıtın 70 illiyinə daha bir töhfə - monumental Sumqayıt foto-salnaməsi! +FOTO=20

 

Həm dəyərcə, həm də həcmcə sanballı olan bu foto-salnamə Sumqayıtın 70 illiyinə onun həsr etdiyi ikinci kitabdır
Yalnız Azərbaycanda deyil, respublikamızdan uzaqlarda da imzası geniş oxucu kütləsinə yaxşı tanış olan istedadlı yazıçı-publisist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov müxtəlif mövzularda yazdığı 30-a qədər ədəbi-publisistik kitabın müəllifidir. Sumqayıtın 70 illik yubileyi münasibətilə ötən ilin ortalarında nəşr etdirdiyi, uzun illərin zəhməti olan 240 səhifəlik "Sumqayıtım, dünənə boylan" publisistik kitabı onun doğma şəhərin əlamətdar gününə dəyərli töhfəsi olmaqla çox böyük maraqla qarşılanmışdı. Sumqayıtın qurucuları, şəhərin qonaqları ilə aparılan müsahibələrdə və digər publisistik yazılarda o, Azərbaycanın bu mühüm əhəmiyyətli sənaye mərkəzinin dünənindən və bugünündən böyük məhəbbətlə söhbət açaraq, oxucuda şəhərin tarixi ilə bağlı dolğun təsəvvür yaratmağa, onun əməksevər, fədakar qurucularının xidmətlərini ehtiramla diqqətə çatdırmağa nail olmuşdur.

Əslində Eyruz müəllim bir yazıçı kimi həmin kitabla yubilyar şəhərə öz mənəvi borcunu yerinə yetirmiş hesab edə bilərdi. Lakin o, Sumqayıtı bütün varlığı ilə sevən, daim yaradıcılıq axtarışlarında olan bir qələm sahibi kimi bununla kifayətlənə bilmədi. Elə onu fərqləndirən əsas cəhət də məhz doğma şəhərə olan tükənməz sevgisi, onu bütün dünyaya olduğu kimi tanıtmaq, sevdirmək istəyi, bu yolda yorulmaq bilmədən çalışması, məhsuldar yaradıcılığa malik olmasıdır. Eyruz Məmmədovun ən mühüm xüsusiyyəti əsərlərinin əksəriyyətini qoynunda böyüyüb boya-başa çatdığı doğma şəhərə - Sumqayıta həsr etməsidir. Bu da təsadüfi deyil. Hələ kiçik yaşlarından ailəsi ilə birgə Bakıdan Sumqayıta köçən Eyruzun bu gün də uşaqlıq xatirələrində nostalji hisslərlə qalmış unudulmaz 1950-ci illər, şəhərin onun gözləri qarşısında ev-ev, məhəllə-məhəllə böyüməsi, ucalması retro kinokadrlar kimi heç zaman xəyalından silinmir. Və o, çox doğru olaraq doğma şəhərə həsr etdiyi kitablarda oxucuları - Sumqayıtın bugünkü və sabahkı nəsillərini şəhərin yaranma mərhələləri ilə, onun foto-yaddaşlara həkk olunmuş tarixi ilə tanış etməyi çox mühüm hesab edərək, bu sahədə yorulmaq bilmədən çalışmaqda, hər zaman Sumqayıtla bağlı müxtəlif mənbələrdən maraqlı tarixi materiallar, şəkillər toplamaqda davam edir.
Eyruz müəllim "Sizin əməyinizlə ucalan Sumqayıt" adlandırdığı yeni kitabına - böyük maraq doğuran bu unikal foto-salnaməyə şəhərin ilk özülqoyma günlərindən başlayaraq son dövrə qədər həm foto-müxbirlər tərəfindən çəkilən, həm də şəhərin qurucularının və onların sonrakı davamçılarının ailə albomlarından, özünün zəngin şəxsi arxivindən və "Sumqayıtın tarixi" muzeyindən götürüb, yaradıcılıqla istifadə etdiyi 1100-dən artıq şəkil daxil etmişdir. Onun bu əsəri mühüm bir istəyə, amala - Sumqayıtın təməlinin qoyulduğu ilk günlərdən başlayaraq dünyaya xoş səs-səda saldığı bugünlərədək olan böyük və mühüm bir tarixi dövrü bütün dolğunluğu, əzəməti ilə çatdırmağa yönəlmişdir. Və bir yazıçı-publisist kimi o, bu istəyinə uğurla, bütövlüklə nail olmuşdur.
Hər bir sumqayıtlı ailəsinin evində qiymətli bir yadigar kimi saxlana biləcək bu foto-salnamə çox haqlı olaraq şəhərin yaradılmasında müstəsna xidmətləri olmuş şəxslərdən başlayır. Müəllif həmin adamların illər arxasında qalıb unudulmalarına razı olmayaraq, hər birini böyük ehtiramla şəkillərin yaddaşında bugünümüzə gətirir, şəhərin başı üzərinə qaldırır. Onların ilk sıralarında ağır quruculuq illərində əzmkarlıqla çalışmış, yeni salınan şəhərin məsuliyyətini bütünlüklə öz üzərilərinə götürərək, çətin sınaqlardan mətanətlə çıxmış rəhbər işçilər kitabın səhifələrində öz layiqli yerlərini tutaraq, ehtiramla xatırlanırlar. Şərəfli ömür yaşamış, adları Sumqayıtın tarixinə əbədilik yazılmış ilk şəhər rəhbərləri Yəhya Məmmədov (1949-52), Məhəmməd Cəlilov (1949-59), Kamran Hüseynov (1953-59), Hüseyn (Kamal) Axundov (1960-cı illər), sonralar isə onların estafetini uğurla davam etdirən Sabit Abbasəliyev, Şənlik Əliyev, Cahangir Müslümzadə, Şakir Abışov, Rasim Eminbəyli, Təvəkgül Məmmədov, Vaqif Əliyev və digərləri olmuşlar.
1950-ci illərdə Zaqafqaziya Təmir-Tikinti Trestinin rəisi olmuş Mehbalı Əmiraslanovun, 1-ci Tikinti Trestinin rəhbəri Məzahir Abdullayevin, 7-ci Tikinti Trestinin müdiri Sərvər Bədəlbəylinin (Əfrasiyab və Şəmsi Bədəlbəylilərin qardaşı) Sumqayıtın yaşayış binalarının inşasında, həmçinin şəhərə sonralar böyük şöhrət və nüfuz gətirmiş, onun iqtisadi potensialının yaradılmasında mühüm rol oynamış sənaye obyektlərinin inşasında müstəsna xidmətləri olmuşdur. Təsadüfi deyil ki, həmin adamların, o cümlədən şəhərin əmək bahadırları olan Sosialist Əməyi Qəhrəmanlarının - poladəridən Murad Zeynalovun, inçaatçılar briqadiri Aslan Osmanovun, Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın, adlı-sanlı prokatçı-operator Tofiq Kərimovun, kimyaçılar Ağaxan Ağayevin, Şəmşad Pənahovun şəkilləri kitabın ilk səhifələrində yer almışdır. Eyni zamanda onlardan bir çoxu şəhərin bir sıra nüfuzlu qonaqları ilə yanaşı "Sumqayıtın fəxri vətəndaşı" adına layiq görülmüşlər. Bu barədə kitabda ayrıca bölmə verilmişdir.
Digər şəkillərlə şəhərin "daş üstünə daş qoyan" İdris Dadaşov, Yuri Yermakov, Fərman Cəfərov, İzzət Yusifov, Allahyar Əmrahov, Cahangir Mustafayev, Zülfi Sadıxov, Lyudmila Karpova, Zəkulla Tağıyev kimi qabaqcıl əmək adamları da yada salınaraq oxuculara tanıdılır.
Sumqayıtın sosial-iqtisadi inkişafının yüksək templə aparılmasında ölkə rəhbəri kimi böyük xidmətləri olmuş Heydər Əliyevin respublikaya ilk və sonrakı rəhbərliyi dövründə və onun layiqli davamçısı İlham Əliyevin son 17 ildə Sumqayıta səfərlərini, yeni müəssisə və sosial obyektlərin açılışlarında iştiraklarını əks etdirən şəkillər də kitabda layiqincə təqdim edilmişdir.
Şəhərin güclü sənaye potensialının yaradılmasında və artırılmasında böyük xidmətləri olmuş, şəhərdə hamının çox yaxşı tanıdığı və ehtiram göstərdiyi müəssisə rəhbərləri - Xalid Rzayev (Sintetik kauçuk zavodu), Rzaqulu Ağasiyev ("Üzvi sintez" zavodunun ilk rəhbəri), İqor Usaçov, Məmmədiyyə Kərimov, Boris Kravtsov və Tofiq Hacıyev (Boru-prokat zavodu), Həmid Müfidzadə (Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı və ilk direktoru), Məmmədrza Paşayev (Şüşə zavodu), Əliş Mustafayev və Fikrət Sadıxov ("Kimyasənaye" İstehsalat Birliyi), Ucal Qasımzadə ("Məişət kimyası"), Qadir Süleymanov (Polimer Tikinti Materialları Kombinatı), Məmməd Vəliyev (Kompressorlar zavodu), Zamin Hüseynov ("Sintezkauçuk"), Nərçə Ağayev (Superfosfat zavodu), Nurəddin Babayev ("Üzvi sintez"), Adil Məmmədov və Tofiq Həsənov (Alüminium zavodu), Əbülfəz Babayev (Etlen-polietilen zavodu), Zahid Aslanov (Dəmir-beton zavodu), həmçinin digər tanınmış, nüfuzlu şəxslər - Natiq Qulubəyov, Müzəffər Gülümov, Akif Zeynalov, İslam İslamov, Mehman Ömərov və digərləri də kitabda öz layiqli yerlərini tutmuşlar.
Foto-salnamədə Sumqayıtın tanınmış ziyalıları - şəhərin nüfuzlu ağsaqqalları olmuş Zəbi Abdullayev, Zülfüqar Qasımov, şəhər mətbəəsinin ilk direktoru Surxay Məmmədov, nəqliyyat rəhbərləri Sahib Qarayev, Əlqəmə Orucov, Coratın qəsəbə sovetinin sədri İsgəndər Qasımov, səhiyyə xidmətində, əhalinin sağlamlığının qorunmasında xüsusi xidmətləri olmuş adlı-sanlı həkimlər - şəhərin ilk poliklinikasının baş həkimi, müharibə veteranı Adil Babayev, Minna Şeynmann, Klara Kasyanova, uşaq xəstəxanasının baş həkimi Zərifə Abdullayeva, məşhur cərrahlar Cəfər Quliyev, Dünyamalı Qasımov, İzzət Sadıxov, Cəbrayıl Əlinağıyev, Zahid Quliyev, Nəcəf Qəmbərov, həmçinin uzun illər şəhərin baş nevropatoloqu olmuş Hacı Vahid Məmmədov, baş pediatr Xalidə Quliyeva, psixonevroloji dispanserin baş həkimi Mayılxan Tağıyev, baş endokrinoloq Vahid Kərimov, baş əczaçı Məhəbbət Məhərrəmov, tanınmış travmatoloq Filman Rəhimov və digərləri də foto-şəkillərlə oxuculara hörmətlə təqdim edilir.
Müəllif kitabın tərtibatına xüsusi diqqət yetirərək, Sumqayıtın müəssisələrinin, məhəllə və mikrorayonlarının tikintisini əks etdirən fotolarla onları yaradan fədakar adamların şəkillərini növbəli şəkildə, blok-blok təqdim edərək, onların hər birinin uzun müddət yadda qalmasına çalışmışdır.
Kitabda 1945-50-ci illərin tikinti meydançalarını, ilk özüllərin qoyularaq ilk məhəllələrin tikintisinə başlanılmasını, şəhərə ilk giriş yolunun salınmasını, Ceyranbatan su anbarının tikintisini (1945-47), fəhlə baraklarını əks etdirən şəkillərin verilməsi yubilyar şəhərin yaranışı ilə bağlı dolğun təəssürat yaratmağa xidmət edir.
Kitabın "Onların əli ilə qurulurdu şəhər...", "Dünənimizdən bugünə", "Tarixin yarpaqları", "Sumqayıt həyatdır, təcrübədir, məktəbdir", "Hər bir küçəsi bizə doğma".. "Çoxumuza vətən olan Sumqayıt", "Bizim küçələr, bizim binalar", "Ucalır Sumqayıt...", "Şanlı yol keçənlər", "Biz sənin övladlarınıq", "Hamı bir ailə kimi", "Vətən borcu yaşla ölçülmür", "Halal əməklə halal şəhər qurulur", "Hər simada bir təbəssüm, bir sevinc", "Hər biri bir şəxsiyyət", "Sumqayıtlılar foto-obyektivdə", "Fərəhli günlər", "Zirvələrə doğru gənclik eşqilə", və s. rubrikalarla verilmiş bölmələri xüsusi maraqla baxılır.
"Qəlbi təmiz, ürəkləri geniş müəllimlərimiz", "Məktəb illəri", "Müəllimlərə borcluyuq" bölmələrində fotoların dili ilə şəhərin adlı-sanlı müəllimləri, "Elm və istehsalat" bölməsində şəhərin nüfuzlu alimləri Sadıq Sadıqzadə, Ayaz Əfəndiyev, Mustafa Salahov, Abbasqulu Quliyev, Zakir Əsədov, Əli Əmirov, Sahib Fərzəliyev, digər bölmələrdə isə şəhərimizə qələbələr, şan-şöhrət gətirən idmançılar - İlham Zəkiyev, Rafael Ağayev, Qərib Əliyev, Əhməd Rəcəbli, Sabir Əliyev, Mirağa Qiyasov, Şəhriyar və Zeynəb Məmmədyarovlar, Adil Sadıxov, Yengibar Əliyev, həmçinin yaradıcı sənət adamlarından kinorejissor Davud İmanov, respublikanın Əməkdar İncəsənət xadimi, əfsanəvi "Göyərçin" abidəsinin müəllifi Vaqif Nəzirov, Xalq artistləri Valeh Kərimov, Afaq Bəşirqızı, Məzahir Süleymanov, Əlibala Nurəliyev, Firudin Məhərrəmov, mədəniyyət xadimləri Olya İslamova, Svetlana Ağayeva, Lətafət Müfidzadə, Fazil Abbasquluzadə, şair və yazıçılardan Xasay Cahangirov, Vaqif İbrahim, Qulam Feyzullayev, Əşrəf Veysəlli, Əvəz Mahmud Lələdağ, Mirsabir Nağıyev, Həmzə Səfərov, Zülfüqar Əliyev, Ofelya Babayeva, Ağəddin Mansurzadə, Süleyman Hüseynov, Tofiq Məmməd, Rafiq Yusifoglu, Nurədin Mənsur, Akif Həsənoğlu, Məmməd Namaz, Sabir Sarvan, Varis Yolçuyev, Rafiq Oday, Ələmi (Əli Əmirov), Şaiq Vəli, Xatirə Fərəcli, Qadir Sultanov, Mirzəcan Ağabalayev, Qəzənfər Rüstəm, Zirəddin Qafarlı, Əyyub Qiyas, Namiq Məna, İbrahim İlyaslı, Almaz Bəyazid, Sabir Yusifoğlu, Ənvər Məsud, İlham Ehtiram, Asif Asiman, Namiq Dəlidağlı, Nisə Heydərli, Sevinc Qərib, Günel Eyvazlı, Xan Rəsuloğlu, Qafqaz Əvəzoğlu, jurnalistlərdən Zərifə Təhməzova, Fikrət Arixov, Mark Voroşilovski, Kamran Veysəlli, Fariq Akimov, Mark və Mişa Qorinlər, Feyzi Mustafayev, Sevil Bayramova, Qüdrət Məlikov, Zümrüd Baloğlanova, Zaur Əhməd, Qalina Vinokurova, Ətrabə Rzayeva, Viktoriya Dolinskaya, Alla Əmirova, Müzəffər Məmiyev, Aida Eyvazlı, Suliko Dagarguliya, Əli Nəcəfxanlı, Akif Əliyev, Aygün Hacıyeva, Sübhan Qafaroğlu, Eyvaz Qocayev, Məqsəd Quliyev, Rasim Sadixov, Ramil Yaqub Zeynallı, Kamal Almuradlı, Elnur Agayev, tanınmış sahibkarlar Qüdrət Kərimov, Hacı Gülağa Abışov, Humbat Quliyev, həm də şəhərin nüfuzlu ziyalılarının təmsil olunduğu "Dostlar klubu" haqqında söhbət açılır.
Kitabda hər bir dövlətin özəyi hesab edilən ailə və uşaqlarla bağlı "Ailə sevinci", "Bizim gül balalarımız", "Körpələrin öz dünyası" rubrikaları altında Sumqayıtın 45-50 il əvvəlki ailələrinin və uşaqların da orijinal, könül oxşayan şəkilləri verilmişdir.
Son 4-5 ildə ölkə rəhbərinin tapşırığı ilə şəhərin İcra başçısı Zakir Fərəcovun apardığı geniş vüsətli quruculuq, yenidənqurma işləri, o cümlədən respublikamızın ikinci ən böyük və ən gözəl bulvarını əks etdirən fotoşəkillər də kitabda öz əksini tapmışdır.
- İllərlə üzərində işlədiyim bu kitabı tərtib etməkdə əsas məqsədim o olmuşdur ki, sumqayıtlılar hələ 60-70 il əvvəlki və bugünkü nəsli, bir-birini yaxşı tanısınlar, - deyə Eyruz Məmmədov foto-salnaməni yaratmaqda başlıca istəyinin nə olduğunu diqqətə çatdırır. - İstəyirəm ki, bugünkü və sabahkı nəsil bu kitabı vərəqləyəndə sevinclə, fərəhlə desin ki, "bax, bu mənim babamdır, bu isə qonşumuz Əliş dayıdır ki!.." Çalışmışam ki, bu kitab hər bir sumqayıtlı üçün həm də bir ailə albomuna çevrilsin. "Diqqətlə baxsanız, tanış simaları, doğmalarınızı görərsiniz" rubrikasını da bu məqsədlə kitaba daxil etmişik. Uzun illərdən sonra doğma şəhərimizin 70 illik yubileyinə belə bir töhfə verə bildiyimə görə çox şadam, məmnunluq duyuram.
Bəli, istedadlı yazıçı-publisist Eyruz Məmmədov çoxillik istəyinə uğurla nail olub. Belə bir geniş həcmli, maraqlı foto və illüstrasiyalarla zəngin olan foto-salnamənin hazırlanmasında kitabın məsləhətçisi, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, "Sumqayıtın tarixi" Muzeyinin direktoru Olya İslamovanın, kitabı nəfis tərtibatla çapına nail olmuş "Azəri poliqrafiya" nəşriyyatının rəhbəri Mirfazil Əliyevin, texniki redaktor Ceyhun Xəlilovun, istedadlı, təcrübəli dizayner Aygün Fərzəliyevanın rolu xüsusilə qeyd edilməlidir.
Qeyri-standart formatı ilə Azərbaycanın yaradılmalı olan "Ginnes kitabı"nda özünəməxsus yer tuta biləcək 328 səhifəlik kitabın redaktorları isə istedadlı yazıçı Arif Ərşad və mənəm - Rəhman ORXAN.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !