Ağdam teatrı inkişaf pillələrində - +FOTO=17

Ağdam teatrı inkişaf pillələrində +FOTO=17

  (Portret cizgiləri) 
Novruz Cəfərov: “ Təvazökarlıqdan uzaq olsa da mənə elə gəlir ki, 45 illik aktyor, rejissor və dramaturgiya yaradıcılığımda az iş görməmişəm.”

Tələbəlik illərindən dostluq elədiyim Novruz Cəfərovla bizim tanışlığımızın, dostluğumuzun düz 49 il tarixçəsi var. Belə ki, hər ikimiz 1971-ci ildə birlikdə aktyorluq fakültəsinə daxil olmuşduq. Ali məktəbi bitirəndən sonra birlikdə təyinatla Şəki Dövlət Dram Teatrını yaratmağa getmişdik. Lakin mən 6 aydan sonra Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Vaqif Şərifovun təklifilə bu teatra işləməyə gəldim, amma Novruz Şəki Dövlət Dram Teatrda öz işlərini davam etdirdi. Sonra o da taleyini Gəncə Dövlət Dram Teatrı ilə bağladı. İndi isə Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində işləyir.
Hər ikimiz aktyor kimi yaradıcılığa başlasaq da sonra rejissor kimi də öz yaradacılığımızı davam etdrimişik. Həm də elə tələbəlik illərindən hər ikimizin bədii yaradıcılığa da meylimiz olub. Pyeslər yazmışıq.
Mən Sumqayıtda, Ağdamda, Dağıstanda, Dövlət Gənclər Teatrında və indi də Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi öz işimi davam etdirirəm. Novruz da rejissor kimi Şəkidə, Gəncədə tamaşalara bir-birindən maraqlı quruluşlar verib. Bu gün də Ağdam Dövlət Dram Teatrının baş rejissoru kimi uğurla öz işlərini davam etdirir. Novruz Cəfərovun orijinal düşüncə tərzi, heç kimə bənzəməyən aktyor oyunu, öz rollarının rejissoru olması, maraqlı pyeslər yazması, hər gün ətrafında baş verənləri özünün gündəliyinə köçürməsi, ədəbiyyat və incəsənətlə bağlı çoxlu kitablar oxuması, insan psixalogiyası ilə dərindən maraqlanması hələ tələbəlik illərindən hamımızın marağına səbəb olmuşdu. Ona görə də dostumuzun gələcəkdə böyük uğurlar qazanacağına böyük ümidlə baxırdıq və bu ümidlərimiz də illər keçdikcə doğruldu. Hələ Şəkidə işlədiyi vaxt Novruz Cəfərovun yaradıcılığında böyük uğurlarını görüb, haqqında portret cizgiləri yazmaq və onu oxuculara daha yaxından tanıtmaq istəyirdim. Amma tale yalnız həmin yazını yazmağı mənə iki il bundan qismət elədi. Həmin vaxt onun haqqında yazdığım portret cizgiləri oxucular arasında maraqla qarşılandı. Bu, Novruz Adiloğlu ilə bağlı mənim ikinci yazımdır.
Qısa arayış: Novruz Adil oğlu Cəfərov 1953-cü ilin mart ayının 13-də Şəmkir rayonunnun Könüllü kəndində andan olub. 1970-ci ildə kənd orta məktəbini bitirib və sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verib, amma qəbul ola bilməyib. Bir il işləyib, 1971-ci ildə təkrar sənədlərini həmin institutun “dram və kino aktyoru” fakültəsinə verib və qəbul olunub. Tanınmış rejissor, çox maraqlı pedaqoq, Əməkdar incəsənət xadimi Fikrət Sultanovun sinifində təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyoru” fakültəsini bitirib, təyinatla Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib. 1975 - 1997- ci illərdə, düz 21 il Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1976 - 1977- ci illərdə Ukraynada hərbi xidmətdə olub. 1997 - ci ildə Gəncə şəhərinə köçüb və 1997 - 2017 - ci illərdə Gəncə Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyib.
Əlavə çalışdığı Gəncədəki Nizami Poeziya Teatrını da nəzərə almaqla işlədiyi bu üç teatrda 45 il ərzində 200 - ə yaxın tamaşada irili - xırdalı, müxtəlif səpgili, xarakterli, komik, dramatik və faciəvi rollarda oynayıb. Onlardan: Səməd Vurğunun “Komsomol poeması”nda Bəxtiyar, Cəfər Cabbarlının “Aydın”- ında Aydın, “Almaz”- ında Mirzə Səməndər, “Oktay eloğlu”- nda Xaspolad, Hüseyn Cavidin “İblis”- ində Arif, “Uçrum”- unda Əkrəm bəy, “Knyaz” -ında Anton, “Afət”-ində Doktor Qaratay, Sabit Rəhmanın “Xoşbəxtlər”- ində Mirzə Qərənfil, “Toy”- unda Mirzə Salman və Kərəmov, “Yalan”- ında Şamil, “Aşnalar”- ında Mirzə Səməndərli, Bəxtiyar Vahabzadənin “Artıq adam”-ında Alxan, “Dar ağacı”- ında İbin Zeyd, Anarın “Təhminə və Zaur”-unda Zaur, “Adamın adamı”- ında Fənd Fərəc, “Şəhərin yay günləri”- ndə Qəssab Ağarəfi, Elçinin “Poçt şöbəsində xəyal”- ında Xəlil, “Qatil”- ində Polis, “Ölüm hökmü” - ndə Ələsgər müəllim və Katib, xarici dramaturqların əsərlərindən Mixail Bulqakovun “Ustad və Marqarita”- da Ustad, Dürrenmatın “Meteor”- unda Karl Koppe, K. Marlonun “Böyük Teymurləng”- ində Texel, Maksim Qorkinin “Həyatın dibində”- də Bubnov, Əziz Nesinin “Sən Qara deyilsən”- də Qara və Salsi, “Toros canavarı”- ında Nuru əfəndi, Vilyam Şekspirin “Romeya və Culyetta”- sında Benvolio, Karel Çapekin “Ağ xəstəlik”- də Baron Kryuk, Çingiz Aytmatovun “Əsrə bərabər gün”- ündə Müəllif, Aleksandr Çxeyidzenin “Çinari manifesti”- ndə Samson, Mar Bayciyevin “Duel” - ində İsgəndər, Savvanın “Şah elə şahdır”- ında Əbu Əza və sairə rollarda böyük uğurla çıxış edib. Oynadığı bu rollar da Novruz Cəfərova böyük uğurlar gətirib. Bu rolların da hamısı Novruzun ifasında Azərbaycan teatr tarixinə yazılıb. Bu tamaşalar haqqında yüzdən çox maraqlı ressenziyalar, məqalələr yazılıb və həmin ressenziyalarda, məqalələrdə Novruz Cəfərovun oyunu yüksək səviyyədə təhlil olunub. Onun bənzərsiz aktyor olduğu qeyd olunub.
Biz uzun illər idi ki, Novruz Cəfərovla görüşmürdük. Keçən ilin sentyabr ayında biz onunla Ağdam Dövlət Dram Teatrında görüşdük. Novruz müəllim mənim “Məhəbbətsiz həyat” pyesimə “Qoşulub qaçan qız” adı ilə quruluş vermişdi. Taleyin hökmünə bax ki, mən bu pyesi 1985-ci ildə Ağdam teatrında işləyən vaxt yazmışdım. İndi də bu pyesin ilk tamaşası məhz Ağdam Dövlət Dram Teatrında olurdu. Özü də tələbəlik yoldaşım Novruz bəyin qurluşunda. Tamaşa çox xoşuma gəldi. Qəlbimin çox kövrək notlarına toxundu. Məni Ağdamın ağ günlərinə, dəyərli ziyalı, yüksək təşkilatçı insan, mədəniyyətin, ədəbiyyatın dərin bilicisi Sadıq Murtuzayevin bu rayona çox böyük uğurla rəhbərlik elədiyi illərə apardı... Tamaşadan sonra biz Novruz Cəfərovla keçmiş illəri bir daha yada saldıq.
- Novruz bəy bir vaxtlar Şəki Dövlət Dram Teatrında işlədiyiniz vaxtlarda dünya xalqlarının dramaturgiya festivallarında oynadığınız tamaşalarda bir aktyor kimi çox maraqlı çıxış edirdiniz. Həmin festivallardan hansılar yadınızda qalıb?
-O vaxtlar Şəki teatrının bir qızıl, intibah dövrü idi. SSRİ- də və Azərbaycanda keçirilən dramaturgiya festivallarında bir aktyor kimi mən də o teatrla fəal iştirak etmişəm. Oynadığım tamaşaların əksəriyyəti bu festivalların qalibi olub və yaxud müxtəlif diplomlara layiq görülüblər:
SSRİ- də keçirilən Bolqaristan dramaturgiyası festivalında R. Stoyanovun “Ustalar” tamaşasında Usta Nayden (1979), Almaniya dramaturgiyası festivalında B. Brextin “Artur Uinin karyerası” -nda Cüzeppe Civola (1981), Rumınya dramaturgiyası festivalında M. Sebastiyanın “Adsız ulduz”- da Marin Miroyu, Macarıstan dramaturgiyası festivalında Ş. Petefinin “Pələng və Kaftar”- da Şaul (1983), Tiflisdə (1982) keçirilən SSRİ miqyaslı Gənclər festivalında B. Brextin “Artur Uinin karyerası”- nda Cüzeppe Civola, İravanda keçirilən Şekspir festivalında (1984) “Romeya və Cülyetta”- da Benvolio, Azərbaycan peşəkar teatrının yaranma gününə həsr olunmuş Respublika Şəki Teatr festivalında (1986), S. Rəhmanın “Xoşbəxtlər”- də Mirzə Qərənfil və yenə Şəkidə keçrilən M. F. Axundov dramaturgiyası festivalında “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah”- da Məstəli şah, Bakıda keçirilən gənc rejissorların “Yeni teatr” festivalında (2007) İ. Əfəndiyevin “Qəribə oğlan” - ında Əhmədcan , Gəncədə və Bakıda keçirilən “Yeni teatr” festivalında Ə. Əmirlinin “Varlı qadın”- ında Sarı, Lənkəranda ikinci “Yeni teatr” festivalında Elçinin “Qatil”- ində Polis rollarında çıxış etmişəm. Türkiyədə Geresun Beynəlxalq “Ak su” Teatr festivalında (2010) “Gözəlçələr” tamaşasının quruluşçu rejissoru kimi, Konya və Ufa şəhərlərində yenə aktyor kimi iştirak etmişəm. Şəki Dövlət Dram Teatrının tamaşaları ilə Moskvada (1979, 1984, 1987, 1988 ), Kazanda, Yoşkar-Ola da, Daşkənd də, Səmərqənd də, Praqa da, İstanbulda, Tiflisdə, İrəvanda, Bakıda, Naxçıvanda, Lənkəranda və başqa bir çox yerlərdə uğurlu qastrol səfərlərində olmuşam.
Aktyor kimi kinoda; “O dünyadan salam”, “Yük”, “Cavad xan”, “Çölçü”,
“Bir ovuc sonsuzluq” , “Son nəfəsədək” bədii flmlərində, “Qarabağnamə” çox seriyalı bədii filmində, “Səndən sonra” çox seriyalı televiziya filmində, “Ramazan payı”, “Xocalı” qısa metrajlı filmlərində, “Xəlvətdə qalmış müdrik”, “Aldadanlar və aldananlar” serial filmində də çəkilmişəm. Təvazökarlıqdan uzaq olsa da mənə elə gəlir ki, 45 illik aktyor, rejissor və dramaturgiya yaradıcılığımda az iş görməmişəm.
-Siz öz işlərinizi təkcə aktyorluq və rejissorluqla bitmiş hesab etməyibsiz və həm də dramaturgiya ilə məşğul olubsunuz. Bəs bu istək hardan yaranıb?
- Dramaturgiyaya hələ tələbəlik illərindən marağım olub. Bu vaxta kimi 10-dan çox komediya yazmışam, hansı ki, o komediyalar respublikanın müxtəlif teatrlarında - müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. Bu da müasir Azərbaycan dramaturgiyasında olan boşluqlardan irəli gəlib. Çünki indi pyes yazan yazıçılarımız çox azdır. Amma bu gün teatrlarımıza müasir pyeslər çox vacib lazımdır. Mənim pyeslərimdən “Keçəlin cəhənnəmə səfəri” (rejissor Novruz Cəfərov), “Uşaq oğruları” (rejissor Mirbala Səlimov), “Şəkili + Ayrım = şoutamaşa” (rejissor Qəmər Məmmədova), “Gecə yarısından sonra elçilik” (rejissor Novruz Cəfərov), “Buna da şükür” , “Kədərli zarafat” (rejissor Vaqif Şərifov), “Tənbəlin yuxusu” (rejissor R. Vəliyev), “Keçəlin sərgüzəşti”, “Qəribə litsey” (rejissor Novruz Cəfərov), “Möcüzələr muzeyində şənlik” və başqa komediyalarım uğurla tamaşaya qoyulub. Bir ssenarim Kəpəz TV - də Mahirə Haqverdiyeva tərəfindən beş seriyalı “Cənnət sanatoriyasında” bədii televiziya filmi və bir ssenarim isə İzzət Əzizov tərəfindən Bakı teatrları aktyorlarının iştirakı ilə “Müəmmalı yubiley” adlı bədii komediya filmi kimi çəkilib. Hər iki film də tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb.
-Siz çox maraqlı aktyorsunuz və birdən-birə rejissor kimi də özünüzü sınadınız. Bəs bu nədən doğdu?
-Bilirsiniz ki, hələ tələbəlik illərindən məndə rejissuraya da bir meyl vardı. Ona görə də Şəki teatrında işləyəndə özümü bir rejissor kimi də sınadım. Rejissor kimi ilk işim də Şəki Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşası oldu. Bu tamaşa maraqlı alındığına görə, başladım rejissor kimi də öz yaradıcılığımı davam etdirməyə. Beləliklə, Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” tamaşasında rejissor Hüseynağa Atakişiyevlə, Sabit Rəhmanın “Xoşbəxtlər”- ində rejissor Cahangir Novruzovla birlikdə tamaşalar hazırladıq. Sonra Gəncə Dövlət Dram Teatrında Süleyman Sani Axundovun “Eşq və intiqam”, Mirzə Məhəmməd Axundzadənin “Qanun dəllalı”, özüm yazdığım “Buna da şükür”, “Kədərli zarafat” tamaşalarında rejissor Vaqif Şərifovla, Mir Cəlalın “Ərik ağacı” tamaşasında rejissor Loğman Kərimovla, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında Bəhram Osmanovla tamaşalar hazırlamışam. Sərbəst qruluşçu rejissor kimi isə Şəki Dövlət Dram Teatrında Aleksandr Gelmanın “Hamılıqla təklikdə”, Əli Səmədovun “Əhmədin vəfalı xoruzu”, Novruz Cəfərovun “Gecə yarıdan sonra elçilik”, Robert Tomanın “Tələ”, Əli Əmirlinin “Onun iki qabırğası”, Gəncə Nizami Poeziya Teatrında Aleksandr Puşginin “Qaraçılar”, Nizami Gəncəvinin “Leyli və Məcnun”, Feruz Mustafanın “Tıxac”, Gəncə Dövlət Dram Teatrında Novruz Cəfərovun “Uşaq oğruları”, “Keçəlin sərgüzəşti”, “Möcüzələr muzeyində şənlik”, Tuncer Cücenoğlunun “Gözəlçələr”, Əli Əmirlinin “20 ildən sonra”, Gəncə Dövlət Kukla Teatrında Novruz Cəfərovun “Qəribə litsey” və sairə tamaşalara quruluş vermişəm. 2017 - ci ilin oktyabr ayının 3-dən də Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyirəm. Burada rejissor kimi ilk işim də Cəfər Cabbarlının “Aydın” tamaşası olub. Deyirlər ki, maraqlı tamaşa alınıb. Mən bu tamaşamla çalışmışam ki, bu vaxta qədər quruluş verilən heç bir “Aydın” tamaşasını təkrarlamayım. Sonra sizin yazdığınız “Məhəbbətsiz həyat” ( “Qoşulub qaçan qız”), Yusif Əzimzadənin “Nəsrəddin” (“Mən Molla Nəsrəddin olacam”), Yan Saloviçin “Qəribə dilənçi” Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşalarına quruluş vermişəm.
Sevinirəm ki, 45 illik yaradıclığımda ayrı-ayrı mükafatlara da layiq görülmüşəm. Rəsul Rzanın “Vəfa” pyesindəki Xasay obrazına görə Respublika Təhsil Nazirliyi və Respublika Həmkarlar Təşkilatının birgə keçirdiyi “Faşizm üzərində Qələbə-30” festivalında diploma, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasındakı Bayram bəy roluna görə “Qızıl dərviş” mükafatına, SSRİ- də keçirilən dramaturgiya festivallarında diplomlara, Naxçıvan Mədəniyyət Nazirliyinin, Gəncə və Şəki şəhərlərinin, Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərman və diplomlarına layiq görülmüşəm. 1977 - ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüyəm.
İçtimai işlərdə də həmişə fəal iştirak etmişəm. Teatr Həmkarlar Təşkilatının sədri, Şəki şəhər Sovetinin deputatı, rayon Mədəniyyət Komisiyasının sədri və Şəkidə işlədiyim 21 il ərzində bütün dövlət tədbirlərinin aparıcısı olmuşam. 1997-ci ildən bəri Gəncədə də aktyor və rejissor kimi bir çox tədbirlərin keçrilməsində fəal iştirak etmişəm. Gəncənin 2500 illik yubiley tədbirlərində işimə görə pul mükafatına laiq görülmüşəm. Təhsil Nazirliyinin regional qəbul komissiyasının üzvü olmuşam. 2013- cü ildə, 60 illik yubileyimlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatına və Respublika prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm. 2018- ci ildən də Prezident mükafatçısıyam.
Sevinirəm ki, Şəki Dövlət Dram Teatrının yaradıcı aktyoru kimi mənim də adım Azərbaycan Sovet Ensiklopediyasının 10- cu cildində qeyd edilib. Mənim də rollar oynadığım bir neçə tamaşa çəkilərək Azərbaycan Televiziyasının Qızıl fondunda saxlanılır. Neçə - neçə kitab, jurnal və saysız qəzetlərdə yazılmış məqalələrdə, ressenziyalarda şəxsiyyətim və yaradıcılığım haqqda xoş söz deyilib və yazılıb. Deməli, ömrümün yaradıcılığa həsr etdiyim 45 ili hədər getməyib.
Mən artıq üçüncü ildir ki, sərbəst rejissor kimi Ağdam Dövlət Dram Teatrına rəhbərlik edirəm. Hər bir teatr da onun baş rejissoru və direktoru ilə tanının. Yəni bu insanlar yerində olanda teatr böyük uğur qazana bilir. Dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı tamaşalarını bu teatrın repertuara daxil etmək fikrim var. Axı hər bir teatr özünün maraqlı repertuarı ilə tanınır. Çünki repertuar teatrın pasportudur. Ona görə də biz teatrın direktoru Məhəmməd Hüseynovla çalışırıq ki, teatrın əvvəlki şöhrətini geri qaytarıb, Ağdam teatrını respublikanın ən aparıcı teatrlarında biri edək. Bununla bağlı çoxlu planlarımız var. Təki Allah imkan versin həmin planları reallaşdıra bilək.
P. S. Ağdam Dövlət Dram Teatrının kollektivi mənim üçün də çox doğmadır. Çünki bir vaxtlar yəni 1985-89-cu illərdə mən də bu teatrın quruluşçu rejissoru, baş rejissoru-direktoru işləmişəm. O vaxt bu teatrda respublikada tanınan çox maraqlı aktyor heyyəti vardı. Qurban Mirzəyev, Narınc Məlikova, Simuzər Namazova, Tofiq Qarayev, Fatma Mahmudova, Səyyaf Əlizadə, Siyavuş Sultanov, Nazir Rüstəmov, Vəlyəddin Quliyev, Cəmilə Məmmədova, Elxan Qasımov, Aida Qasımova, Fəqumə Yusifova və başqa tanınmız aktyorlar, aktrisalar bu teatrda işləyirdilər. Uzun illər Azərbaycan teatrına xidmət eləyən mütəxəssis kimi mən inanıram Novruz Cəfərov və Məhəmməd Hüseynov birliyi doğrudan da Ağdam Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrlarından biri edəcək. Buna onların həm təxəyyülü, həm təcrübəsi, həm istedadı, həm təşkilatçılığı və həm də maraqlı teatr truppasının işləri tam imkan verir. İndi bu tearda işləyən cavan aktyorlar, aktrisalar- Kərim Həsənov, Səbuhi Əhmədov, Nizami Ələkbərov, Cəfər Bayramov, Süliddin Quliyüv, Elşən Cavadov, Hikmət Şirin, Qalib Abdullazadə, Elgiz Mürşüdov, Tural Yusifov, Afaq Əliyeva, Afərdə Əhmədova, Xəyalə Xudatova, Fərhad Fərhadzadə, Səda xanım da tezliklə onların rəhbərliyilə həmin sənətkarların əsl davamçıları olacaqlar.
Ağalar İDRİSOĞLU.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !