YETMİŞİNCİ PİLLƏ - +FOTO=12

YETMİŞİNCİ PİLLƏ +FOTO=12

 Tanınmış rejissor, yazıçı və dramaturq, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun
70 yaşı tamam olur

PROLOQ

Məndən soruşsalar ki, Ağalar İdrisoğlunu necə bir insan kimi tanıyırsan?
Cavab verərəm:
-İstedadlı rejissor, nasir və jurnalist, gözəl insan və sədaqətli dost kimi!
2009-cu ildə ölkə Prezidenrtinin sərəncamı ilə Gənc Tamaşaçılar Teatrı təmir və bərpa olunduqdan sonra Dövlət Gənclər Teatrının truppası da bizim teatra birləşdirildi. Həmin teatrın quruluşçu rejissoru Ağalar müəllimlə yaxın ünsiyyətimiz başlandı. O vaxta qədər Ağalar müəllim bir neçə dövlət teatrının bədii rəhbəri və direktoru kimi məsul vəzifələrdə çalışmışdı. Onun teatr təşkilatçılığı və yaradıcılıq sahəsində artıq böyük təcrübəsi vardı. Bədii şura iclaslarında, tamaşa təhvillərində , bəzi əsərlərin tərcüməsi, pyeslərə rəy yazılması ilə əlaqədar Ağalar müəllimin hər bir xahişini böyük məmnuniyyətlə yerinə yetirmişəm. Ümumiyyətlə, mənə nə zaman, kim nə üçün müraciət edibsə, heç vaxt yox deməmişəm. Belə bir ciddi yaradıcılıq prosesində həmrəy olmaq, hər şeyi anlayışla qarşılamaq, fikirlərinin məntiqi əsasına söykənib ağılla mühakimə yürütmək hər kişinin payı deyil. Təmasda olduğum bu illərdə Ağalar müəllimdə bu gözəl xüsusiyyətləri müşahidə etdim.
Ağalar müəllim həm də sədaqətli dostdur. O, tanıdığı, bildiyi hər kəsin vəziyyəti, səhhəti ilə maraqlanır, imkanı çatdığı qədər həmin adamlara dəstək olmağa çalışır. 2009-cu ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Xocəsən Sağlamlıq Mərkəzinə zəng vurub məni tapşırdı. Mərkəz, demək olar ki, bir iş gününü mənə həsr etdi. Məni bütün yoxlamadan keçirtdilər və çox faydalı tövsiyyələri ilə qəlbimdə bir işıq yandırdılar. Çox sevindim ki, ərazisində yaşamadığım bir tibb ocağı bir iş gününü təmənnasız mənə həsr etdi. İkinci tərəfdən sevindim ki, Ağalar müəllimin belə bir hörməti var. Üçüncüsü, onun qəlbinin saf duyğularına görə sevindim. Ağalar müəllim mənim sağlam olmağımı, özü demiş, “sən bu sənətə çox lazımsan”,- deyib məni qorumaq cəhdini bəyəndim. Ümumiyyətlə, o, teatrlara rəhbərlik etdiyi dövrdən başlayaraq, bu günə qədər həmişə insanlara dayaq olur. Yaxşılıq etmək, insanlara əl tutmaq onun qanında, canındadır.

 

Quruluşçu rejissor, yazıçı və daramaturq
(Konseprual və praktik çözüm)
Ağalar İdrisoğlunun rejissor işində daha çox bəyəndiyim cəhəti onun dramaturji materialda ideyaya sədaqəti və ona hörmətlə yanaşmasıdır. Əgər o, hər hansı bir dramaturgiyaya müdaxilə edirsə, fabula xəttindən sapmadan, ali məqsədini qoruyaraq müdaxilə edir. Bəziləri kimi, yersiz müdaxilələrlə əsərləri fabuladan sapdıranlardan fərqli olaraq, bizdə ikrah hissi oyatmır. Səhnələşdirib quruluş verdiyi (deyək ki, sevmədiyimiz uzunçuluğa da yol verir) bütün dramaturji materiallarda nəticə ana xətlə bağlı olur.
Ağalar müəllimin tamaşaya qoyduğu pyeslərdə, yazdığı əsərlərdə ali məqsədini həmişə müəllif ideyasına, bəşəri duyğulara kökləyir. Bununla da onun yaradıcılığının sekulyarlığı diqqəti cəlb edir və özündə oxucusuna, tamaşaçısına vacib fikirləri ötürür. Bir yazıçı-rejissor bunu bacarırsa, deməli, yaradıcılığın şah məqsədini anlayır: yol göstrmək! Belə bir yaradıcı şəxsiyyət mütləq alqışa və hörmətə layiqdir.
Ağalar İdrisoğlunun Nəriman Ocaqlı ilə birgə tanınmış yazıçı, ictimai xadim Qənbər Şəmsioğlunun eyniadlı romanı əsasında səhnələşdirdiyi “Caninin etirafı” iki hissəli dramında - 1988-1993-cu illər ərzindəki dövrü əhatə edən dramaturji materialda bəzi məqamlarda fabula xəttindən yayınsa da, dövlətçiliyimizin, qanunlarımızın aliliyini ön planda saxlayır. Hüquq-mühafizə orqanlarında çalışanların ədalət uğrunda düzgün mübarizəsi, yalnız Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin yaranması, hüquq-mühafizə orqanlarında ədalətin bərpası, nahaq tora salınan insanların azadlığa çıxması ön plana çəkilir. Bununla səhnələşdirmə müəllifi və quruluşçu rejissor özünün vətənpərvərliyini və dövlətçiliyimizə sədaqətini bir daha sübut edir.
Tamaşa zaman etibarilə böyük bir müddəti əhatə edir: Azərbaycanda hökm sürən hərc-mərclik, günahsız insanların qətlə yetirilməsi və həbsxana künclərində çürüdülməsi, özbaşınalıq, korrupsiya və sairə ürəkbulandıran hadisələrin cərəyan etməsi, sonra xalqın istək və tələbi ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə ölkədə yaranan sabitlik, əmin-amanlıq, ədalətin bərpası daramatik hadisələrlə təsvir olunur. Və bu tamaşada Ədalət qələbə çalır. Düzdür, tamaşa faciə ilə bitir: öz sevgisinə xəyanət edən Gülcan zəhər içib özünü öldürür. Əslində biz bu cür finalla da barışmırıq. Lakin müəlliflər də, rejissor da bütün hallarda yalnız ədalətin qələbəsi mütləqliyi fikrini leytmotivə çevirdikləri üçün razılaşmalı oluruq. Başqa sözlə desək, sanki ədalət nəğməsi xəyali təsvirdə bu tamaşanın leytmotividir.
Ağalar müəllimin Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Əcəl atı” (dramaturq Vaqif Əlixanlı) tamaşası Qarabağ hadisələrindən bəhs edirdi. Rejissor bu tamaşada dramaturqun fabula xəttindəki əsas ideya istiqamətini, psixofizioloji vəziyyətdə insan amilini dərindən duyaraq, onu ön plana çəkirdi. O, bəzi rejissorlar kimi, quruluş verdiyi tamaşalarda onu köməkçi bədii vasitələrlə bəzəməkdən vaz keçərək, əsas sətraltı mənaların düzgün yozumlanmasına çalışır və buna müfəffəqiyyətlə nail olur. Elmi müdaxilədən doğan fikirlərimizi onun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verdiyi Ranço Pançevin “Dörd əkizin nağılı”, Firuz Mustafanın “Pələng ili”, Xanımana Əlibəylinin “Aycan” tamaşalarına da şamil edə bilərik.
Ağalar İdrisoğlunun səhnə fəaliyyəti çox ciddi faktlarla diqqəti cəlb edir: 140 tamaşanın quruluşçu rejissoru! 50 illik yaradıcılığı dövründə belə nəhəng təcəssüm sahibi olmaq, üstəgəl nasir, dramaturq, jurnalist, publisist, teatr rəhbəri kimi məsul vəzifə daşıyıcısı pilləsindən addayıb keçmək bir insan ömrü və fiziki gerçəkliyi üçün gözlənilməz faktdır. Və bunların fövqündə təmizliyini, insanpərvərliyini qorumaq asan məsələ deyil!


FİNALA DOĞRU

Ağalar İdrisoğlu istedadının ona imkan verdiyi çoxşaxəli fəaliyyət göstərir: yazıçı və dramaturq, tərcüməçi və nasir, quruluşçu rejissor kimi! O, bu funksiyaların hər birini təkcə fitri istedadı ilə deyil, həm də emprikanın sirlərinə dərindən bələd olan kamil bir bilici kimi gerçəkləşdirir. Ən xoşuma gələn cəhəti budur ki, belə ciddi funksiya fonunda o, yalnız ideya və ali məqsəd uğrunda çalışır. Nəticədə, yaradıcılığının necə sekulyarlaşdığını görürük: Vətənpərvərlik, sədaqət, düzlük, ədalət duyğusu, saf insani münasibətlər və bu qəbildən olan ən gözəl insani hisslər hörmətli rejissor və yazıçının bütün həyat məramını təşkil edir. Onun xislətində birbaşa “belə ol” demək yoxdur. O, yaradıcılığında bunları ciddi dramaturji təlqinlərlə, eyni zamanda, rejissura sirləri ilə aşkarlamağı bacarır. Haqqında söhbət açdığımız bu şəxsiyyət hər bir ciddi sənət sahəsi üçün hazır kadrdır. Çevikdir, işləkdir, təmənnasızdır.
Eynitipli faktların təktrarlanması hesabına vaxtınızı almaq istəmirik. Bizim də ali məqsədimizdə fədakar bir sənət adamı haqqında söz demək, az-çox onun istedadının təcəssümünü vermək idi.
Ağalar İdrisoğlu öz yaradıcılığında milli koloriti, adət-ənənələrimizi təcəssüm etdirir və onu qorumağı məsləhət görür. Bu qısa eimi-nəzəri açıqlamamızın finalında proloqdakı sualımız başqa məntiqi məna ilə canlandı: Ağalar İdrisoğlu ömrünün 70-ci pilləsində necə görünür, əsl-həqiqətdə kimdir?
-Əsl vətəndaş!
Biz elə bunu demək istəyirdik.

Rafiq RƏHİMLİ,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının ədəbi-dram hissə müdiri,
Əməkdar mədəniyyət işçisi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !