Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib - +FOTO=3

Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib +FOTO=3

 Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib.
İclası şuranın sədri, akademik Rafael Hüseynov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
O, son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Şura sədri humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması, mövzuların miqyasının genişləndirilməsi, yeni tədqiqatların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.
Rafael Hüseynov şuranın fəaliyyətinin elmi istiqamətlər üzrə elmi şuralar haqqında yeni Əsasnamə ilə tənzimləndiyini diqqətə çatdırıb.
Gündəlikdəki növbəti məsələ doktorant və dissertantların tədqiqat mövzularının müzakirəsi və təsdiqi olub.
Şuraya təqdim edilən mövzulardan elmlər doktorluğu hazırlığı üzrə Əlyazmalar İnstitutunun doktorantı Rübabə Şirinovanın “XVII-XIX əsrlərə aid dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiqi” mövzusunda araşdırma materialının dil baxımından əhatəsi dəqiqləşdirilərək “XVII-XIX əsrlərə aid ərəbdilli dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiqi” şəklində qeydə alınıb.
Elmlər doktorluğu hazırlığı üzrə təqdim edilən ikinci iş – Gəncə Bölməsinin dissertantı Aləmzər Tağıyevanın “Nizami Gəncəvinin həyat və yaradıcılığı rus elmi-nəzəri fikrində” mövzusunun tədqiqat obyekti kimi müəyyən edilmiş problemi elmlər doktorluğu üçün bəsit olduğundan təsdiqlənməyib, dissertanta müvafiq tövsiyyələr verilərək mövzusunun qeydiyyata alınması növbəti iclasa saxlanılıb.
Fəlsəfə doktorluğu proqramı üzrə müraciət etmiş Əlyazmalar İnstitutunun doktorantı Novruz Bəkirovun “Molla Cümə əsərlərinin əlyazma nüsxələrinin müqayisəli-tekstoloji tədqiqi”, Folklor İnstitutunun doktorantı Ülkər Yusifovanın “Azərbaycan folklorunda dərviş obrazının tipologiyası” mövzuları olduğu kimi qeydiyyata alınıb.
Əlyazmalar İnstitutunun dissertantı Samirə Quliyevanın “Azərbaycan ədəbiyyatında felyeton janrının səciyyəvi xüsusiyyətləri (XX əsrin əvvəllərinin dövri mətbuat materialları əsasında)” mövzusu konkretləşdirilərək “XX əsrin əvvəllərinin Azərbaycan mətbuatında dərc edilmiş felyetonların təsnifatı və səciyyəvi xüsusiyyətləri” kimi təsdiq edilib.
Bakı Dövlət Universitetinin doktorantı Aynurə Qurbanın “Məhəbbət dastanlarının formalaşmasında yazılı ədəbiyyatın rolu (“Leyli və Məcnun”, “Fərhad və Şirin” dastanları əsasında)” və Əlyazmalar İnstitutunun dissertantı Leyla Quliyevanın “Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi” mövzularının plan-prospektlərində müəyyən dəyişikliklər aparılması tövsiyyə edilərək qeydiyyata alınıb.
Müzakirələrdə şuranın sədr müavini prof. Mehdi Kazımov, şuranın katibi prof. Aida Qasımova ilə yanaşı, üzvlərdən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya üzrə elmlər doktorları, professorlar Şəfəq Əlibəyli, Kamil Allahyarov, Azadə Musayeva, Tofiq Məlikov, Paşa Kərimov, Seyfəddin Rzasoy, Tərlan Quliyev, Kamandar Şərifov da iştirak ediblər.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidməti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !