Tbilisidə Xocalı: tarixin qan yaddaşı adlı layihə baş tutub - +FOTO=21

Tbilisidə “Xocalı: tarixin qan yaddaşı” adlı layihə baş tutub +FOTO=21

18 Fevral 2020-ci il GÜRCÜSTAN/Tbilisi
Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi il “XOCALI TARIXIN QAN YADDAŞI” adlı tədbir baş tutub.
Tədbirdə Azərbaycanın peşəkar rəssamlarının 50-yə yaxın əsəri nümayiş etdirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olub, sonra “EMEDIA GROUP” un Xocalı faciəsi ilə bağlı hazırladığı sənədli film və “Məriz” ekran əsəri nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Xocalı faciəsinin baş vermə səbəbləri, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, Xocalı soyqırımını bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında bildirib ki, Xocalı faciəsi ilə bağlı gələcək nəsilləri məlumatlandırmaq olduqca önəmlidir.
Səfir deyib: “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi Türkiyənin bir neçə şəhərində də təşkil olunacaq. Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq”.
Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstanın tanınmış kinorejissoru, Milli Geyimlər Muzeyinin direktoru Gogi Dolidze, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb, soyqırımını törədənlərin beynəlxalq hüquq əsasında cəzalandırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, cinayətkarın cəzasız qalması digər qanlı faciələrə yol aça bilər.
“Hər bir azərbaycanlı Xocalı faciəsinin dünyada tanıdılmasında iştirak etməlidir”, - deyə çıxışlarda vurğulanıb.
“EMEDIA GROUP” un rəhbəri Elşən Əliyev, layihə rəhbəri çıxış edərək Xocalı soyqırımı ilə bağlı görülən işlərdən danışıb, Tbilisidə tədbirin təşkilindəki dəstəyə görə Azərbaycan səfirliyinə və muzeyin rəhbərliyinə minnətdarlıq ediblər.
Bildirilib ki, “Xocalı: tarixin qan yaddaşı” adlı tədbirə fevralın 2-də Biləsuvar rayonunda start verilib. Analoji tədbir Quba və Gəncədə də təşkil olunub. Tədbir Gürcüstandan sonra Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, eləcə də Rusiyada da keçiriləcək.
Məqsəd Xocalı faciəsinin dəhşətini rəssamların əsərləri ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Sərgidə Azərbaycanın və Gürcüstanın tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, KİV iştirak ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !