Gülağa Tənha - yaradıcılığı haqqında (III hissə)

Gülağa Tənha yaradıcılığı haqqında (III hissə)

Başqa cür prizmadan, yəni baxış bucağından yanaşsaq, Gülağa Tənhanın Vətənlə bağlı nəğmələrinin başqa cür əks-sədasını, qürbət şeirlərinin həzinliyini, səmimiliyini sezər, tənha şairin həsrət çəkdiyinin şahidi olarıq. Vətən başqa, qürbət torpağı başqa. Yad məmləkətdə özünü milyonların arasında hiss etsən də, yenə təksən, yenə tənhasan. Hətta qürbət yerin havası başqa cür dad verir, suyu özgə tama, ləzzətə malikdir. Tez-tez səfərlərə çıxan, ölkədən-ölkəyə adlayan Gülağanın ürəyi Vətənsiz narahatdır. Onu heç nə cəlb eləmir: Nə qədim ölkələrin antik mədəniyyəti, nə çağdaş dünyanın müasir sivil görkəmi. Məmməd Araz demişkən, şairin mayası da, qayəsi də “Azərbaycan torpağından yoğrulub”.
Tənhalıq – ruhi azadlıqdır. Ruhi azadlıq və sərbəstlik isə hər şairə nəsib deyil.

...Ruhum canımın kəfəni,
Sənsizliyə dözmür ürək.
Səni unutmaq istəsəm,
Özümü unudam gərək.


“Həsrət” adlı bu şeir on beş il öncə qürbətdə - Moskvada yazılıb. Mən bilmirəm, Gülağa Tənha məşhur Azərbaycan şairi, sufi və sərgərdan dərviş Şəms Təbrizinin (Şəmsəddin Təbrizinin – müəllif) yaradıcılığına bələddi, ya yox. Şübhəsiz, o, dahi Ruminin “Məsnəvi”sini oxuyub və Mövlanə ilə Şəmsəddinin “aydan arı, sudan duru” münasibətlərindən xəbərdardır. Cəlaləddinin ustadı Şəmsəddin qəfil Konyadan (Türkiyə) yoxa çıxarkən, Rumi sarsılır, gecə-gündüz onun həsrətini çəkir. Şam şəhərinə (Suriyanın Dəməşq şəhəri – müəllif) Şəmsi axtarıb tapmağa adamlar göndərir. Bu ali həsrətin, təbiiliyin də ifasını Rumi “Divani-Kəbir” əsərində (“Böyük divan” deməkdir. Bütünlüklə Şəmsəddin Təbriziyə həsr olunmuşdur – müəllif) sonsuz məhəbbətlə qələmə almışdır. Rübailərin birində onun Şəmslə eyni adam olduğu qənaətinə gəlir; heç kəsi bu etirafla təəccübləndirmir.

Cismən onunla uzağıq. Amma
Cansız və bədənsiz olduğumuz üçün hər ikimiz nuruq.
İstər məni gör, istər onu. Nə fərq edər,
Ey axaran insan! Mən oyam, o da mən.

Necə də bir-biriylə iç-içə səsləşir:


Səni unutmaq istəsəm,
Özümü unudam gərək.

Deməli, ortada yalnız zaman fərqləri mövcuddur, düşüncə fərqləri yoxdur, nəzərə çarpmır. Klassik poeziyadan bu cür ustalıqla bəhrələnmə Gülağa Tənhanın yaradıcılığına xas cəhətdir.
“Yerlə göy arasında” çarpışan şair “gözlərimdən ağrı çək, sürmə bil, gözünə çək” kimi qulağı dəng etməyən cinaslardan barlanır, “uyub bir kələyə gedir, əl açıbdı göyə gedir, bilirmi ki, niyə gedir, Tanrım, geri dönəcəkmi?” (“Şübhə”) nidasıyla Allahın dərgahına üz tutub nicat diləyir, çıxılmazlığın son həddində, girdabın ağuşunda yenə uca Allahı köməyə çağırır, (“Giley”) “nə günahın yiyəsiydim, əlim sabaha çatmadı” sindromuna cavab verir.

Tükənmədi intizarım,
Pöhrələndi dərd-azarım.
Od köynəkli dualarım
Yoxsa Allaha çatmadı?

Bütün bu giley-güzarla, dərd-qəmlə bahəm, Gülağanın şeirlərində bir daxili güc, inam var. O, ən bədbin məqamında belə nikbinliyini, ümidini itirmir, elə şairin öz qəlbində, daxili dünyasında optimizm yaratmaq məharəti və bacarığı poetik nümunələrinin ab-havasına, ahənginə, ovqatına sirayət edib.
P.S Bu qeydlərim – nə ədəbi tənqiddir, nə beş cild barədə resenziyamdır, nə də qeyri-adi kəşfim, ixtiram, sadəcə, bir neçə həftə əlimin altında olan kitablar barədə qısa duyğu və düşüncələrimdir, mütaliə elədiyim əsərlər üzərində gəzişmələrimdir. İstəyimə nə dərəcədə nail olmuşam – olmamışam, bununla işim yoxdur. Ancaq etiraf edim ki, yazdıqlarım səmimi hisslərimdir, “boğazdan yuxarı deyil” və həqiqətən təfəkkürünün halal məhsuludur.

Ağacəfər Həsənli,
şair, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı

ikinci hissə: http://azpress.az/index.php?lang=az&sectionid=news&id=94080

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !