Ankarada Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib -

Ankarada Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak edib.

Tarix İnstitutundan verilən məlumata görə, nümayəndə heyətində institutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Qarabağ tarixi” şöbəsinin müdiri Güntəkin Nəcəfli və “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi Vaqif Abışov yer alıblar.

Tarix İnstitutunun nümayəndə heyəti əvvəlcə Türkiyə Prezidenti Administrasiyası yanında fəaliyyət göstərən Millət Kitabxanasında olub və institutun erməni saxtakarlığını ifşa edən mühüm nəşrlərini kitabxanaya təqdim edib. Sonra institutun aparıcı elmi işçisi Vaqif Abışov Nevşehir Hacı Bektaş Veli Universitetində Xocalı soyqırımına həsr olunan konfransda çıxış edib.

Daha sonra Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi, Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaradakı Yıldırım Bəyazid Universitetinin birgə təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə “Xocalı soyqırımı və Dağlıq Qarabağın işğalı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yıldırım Bəyazid Universitetində keçirilən konfransda universitetin rektoru İbrahim Aydınlı, Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, tarixçi alimlər Yaqub Mahmudov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli və Vaqif Abışov çıxış edərək Xocalı soyqırımından danışıblar.

Yaqub Mahmudov deyib ki, ermənilər təkcə Azərbaycanda deyil, Şərqi Anadolu, Cənubi Azərbaycan və Mərkəzi Asiyanın türk respublikalarının ərazisində də soyqırımları həyata keçiriblər. Tarix İnstitutunda türk-müsəlman xalqlarına qarşı soyqırımları sübut edən çoxsaylı arxiv sənədləri var.

“Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyillər. Onlar əvvəlcə Balkan yarımadasından Kiçik Asiyaya gəlib, oradan isə digər ölkələrə yayılıblar. 1828-1829-cu illərdə çar Rusiyası onları Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürüb. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”, - deyə akademik qeyd edib.

Sonda Yaqub Mahmudov İbrahim Aydınlıya “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabını (türk dilində) təqdim edib.

Xatırladaq ki, Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanıb. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Layihənin elmi dəstəkçisi isə AMEA-nın Tarix İnstitutudur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !