O, Dövlətimiz tərəfindən Azərbaycana dəvət edilmişdir... -

O, Dövlətimiz tərəfindən Azərbaycana dəvət edilmişdir...

 Yalnız 2001-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya azərbaycanlılarının ilk qurultayına dəvət alarkən Gülağa Qənbərov barədə respublikada səs-səda yayılır. Xoş səs-səda!..
Son illər özünün uğurlu fəaliyyəti ilə nəinki Moskvada, hətta xaricdə tanınmağa başlayan istedadlı, bacarıqlı bir biznesmen kimi Gülağa Qənbərov diqqətdən kənarda qalmadı və o, Moskvada Azərbaycan Diasporunun Prezidiumun üzvü olaraq qurultay nümayəndəsi kimi Bakıya rəsmən dəvət edilmişdi. Heydər Əliyevin SSRİ hökumətinin nüfuzlu rəhbərlərindən biri kimi Kremldə çalışdığı dövrdə özünü 
Moskvada arxa-dayaqlı hiss edən, daim ona böyük məhəbbət bəsləyən Gülağa Qənbərov ölkə rəhbərinin 1-ci qurultaydakı çıxışını maraqla dinləmiş və onun vətənpərvərlik çağırışlarına cavab olaraq 

Azərbaycanla əlaqələrini gücləndirmiş, respublikaya əlindən gələn köməyi etməyə, daim doğma xalqı ilə birgə olmağa çalışmışdır. Və həmin tarixi qurultaydan cəmi 3 ay sonra - artıq 2002-ci ilin martında Azərbaycana gələrək, öz vəsaiti hesabına anadan olduğu Masallı rayonunda bir sıra humanitar və xeyriyyə layihələrini həyata keçirmiş (başladığı tikinti, təmir-abadlıq işləri ilə yanaşı, 13 şəhid ailəsini də himayəyə götürmüşdü), Bakının 

Xəzər və Xətai rayonlarındakı internat məktəblərin, eləcə də uşaq evinin, müharibə və əmək veteranları pansionatının inşaat, təmir-bərpa və təchizat məsələləri üçün xeyli vəsait ayırmışdı.
Xalqımızın yaradıcı ziyalılarını daim hərtərəfli dəstəkləyən, özü də neçə illər idi ki Gülağa Tənha imzası ilə poetik yaradıcılıqla məşğul olan, orijinal şeirlər müəllifi Gülağa müəllim 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinin, bir il sonra isə respublika Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir. O, Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının tanınmış nümayəndələrinin bir sıra dəyərli əsərlərinin çap edilməsinə maliyyə dəstəyi göstərmiş, hələ məktəb illərindən çox sevdiyi dahi şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı məqbərəsinin bütünlüklə abadlaşdırılmasını təmin etmişdir.

Görkəmli şair və yazıçılar Bəxtiyar Vahabzadə, Anar, Qabil, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlibala Hacızadə, həmçinin Vasim Məmmədəliyev, Mahmud Kərimov, Budaq Budaqov, Musa Musayev, Bəkir Nəbiyev, Akif Əlizadə kimi dünyada tanınan alimlərimizlə, Şəfiqə Axundova, Ramiz Mirişli, Səyavuş Kərimi, Eldar Mansurov kimi musiqiçilərimizlə sıx təmasda olmuşdur.Gülağa Tənha xalqın ağrı-acılarını azaltmağın, çatışmazlıqları aradan qaldırmağın yollarını onlarla birgə axtarmış, Azərbaycanın düşünən beyni, vuran qəlbi olan o nurlu insanların arzu-istəklərini dinləmək üçün sanki bir sıra gərəkli layihələrə start vermişdir.Azərbaycanın rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Kamil Əliyevlə, istedadlı, vətənpərvər memar Rasim Əliyevlə dostluq əlaqələri onu xeyriyyəçiliyini daha da uğurla davam etdirməyə, doğma Vətənə yeni töhfələr verməyə ruhlandırdı. Gülağa müəllimin təşəbbüsü və vəsaiti hesabına müasirlərimiz olan, lakin artıq sağlıqlarında klassikləşmiş şair və yazıçılarımızın seçilmiş əsərlərinin nəşri, dövlət başçısının ölkədə idmanın inkişafına göstərdiyi qayğıya, ümidverici uşaq və gəncləri himayə etməsi nümunəsinə uyğun olaraq birçox müsabiqələrin, həvəsləndirici aksiyaların keçirilməsi onun doğma xalqın istedadlı nümayəndələrinə olan sevgisinin, gənclərə olan böyük inamının, ümidinin ifadəsidir.
İxtisasca tikinti-inşaat mühəndisi olduğundan və ömrünün çox hissəsini bu sahəyə həsr edib, zəngin təcrübə qazandığından Azərbaycanda da tikinti-abadlıq tədbirləri üzrə ölkə rəhbərinin apardığı geniş miqyaslı işlərə özünün də töhfəsini verməyə çalışan, uşaqların mükəmməl təhsil alması üçün yaxşı şəraitin də olmasının vacibliyini unutmayan Gülağa müəllim Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız vəziyyətdə olan 5 saylı internat məktəbini yenidən inşa etdirmişdir. Ulu Öndərin 80 illik yubileyi münasibətilə həmin məktəbin təməlqoyma mərasimi keçirilmiş, düz bir il sonra - 2004-cü ilin may ayının 10-da müasir standartlara cavab verən internat kompleksi istifadəyə verilmişdir. Həmin dövrdə Şüvəlan qəsəbəsindəki 1 saylı internat məktəbin əsaslı təmiri də qısa müddət ərzində başa çatdırılmışdır.
Vətənpərvər bir ziyalı, geniş imkanlı biznesmen kimi o, həm də ölkəmizin idman şərəfini qoruyan gənclərimizə daim maddi və mənəvi dayaq olaraq, onların respublikada və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq yarışlarda iştirakını maliyyələşdirmişdir.
Heydər Əliyev Fondunun yaradıldığı ilk günlərdən etibarən Gülağa Qənbərov xeyriyyəçilik fəaliyyətini bilavasitə Fondun rəhbərliyi altında davam etdirmişdir.Fondun layihələri əsasında Masallı və Şamaxı rayonlarındakı iki orta məktəbin yeni binaları qısa müddət ərzində inşa edilərək, lazımi məktəb ləvazimatları ilə təmin olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin həmişə böyük fəxrlə ucadan söylədiyi, Prezident İlham Əliyevin çıxış və nitqlərində daim vurğuladığı “Müstəqilliyimiz qürur mənbəyimizdir!” kəlamı dünyanın hər yerində həmvətənlərimizin də dillərinin əzbəri olmuşdur. Lakin Ulu Öndərin xüsusi olaraq qeyd etdiyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən, dönməz prosesə çevirməkdən ibarətdir. Bu tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi təkcə Azərbaycanda yaşayan vətəndaşların deyil, bütövlükdə dünya azərbaycanlılarının müqəddəs işidir. Ona görə də Ümummilli liderimiz dünyanın harasında olurdusa, orada yaşayan soydaşlarımızı bir yerə toplayıb, qardaş-bacılarımızı Vətənlə sıx əlaqə saxlamağa çağırıb, Azərbaycan həqiqətlərini dünyanın hər yerinə çatdırmağı, dövlət müstəqilliyimizin keşiyində qətiyyətlə, mübarizliklə, mətanətlə dayanmağı tövsiyə edirdi.
Vətənpərvər ziyalı, istedadlı şair və xeyriyyəçi Gülağa Qənbərov Azərbaycanın dövlət maraqları, müstəqilliyimizlə, azərbaycançılıqla bağlı ürək dolusu danışaraq, son illərdə ölkəmizin sürətli inkişafına qəlbən sevinərək, fərəhlə deyir:

- Mən, respublikamızdan kənarda yaşayan bir azərbaycanlı kimi xalqımıza layiqincə xidmət etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətənpərvərlik, dövlətçilik ideyaları ətrafında sıx birləşərək, onların ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə, sivil dünya birliyinə inteqrasiyasına, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına yönəldilmiş siyasətlərinin təbliğinə və həyata keçirilməsinə daim dəstək olmuşam və olmaqda davam edirəm. Ölkəmizdən kənarda yaşayan bütün həmvətənlərimizi də Azərbaycana, onun rəhbərliyinə hörmətlə yanaşmağa, dəstək olmağa çağırıram!
Ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev cənablarının bütün sahələr üzrə həyata keçirdiyi geniş miqyaslı yenilənmə siyasəti çərçivəsində uğurla aparılan demokratik islahatlar dalğasının xoş təsirli ab-havasında yaşayan Azərbaycan yenə beynəlxalq aləmin diqqətini özünə cəlb edir. Ölkə rəhbərinin müstəqil Azərbaycan dövlətinin müasirləşdirilməsi üçün, onun bütün sahələrdə inkişafının davamını qloballaşan dünyanın çağırışlarına uyğunlaşdırıb, yeni trendlər əsasında daha da zəngin etməyə hesablanan yeni islahatları xarici ölkələrin mütəxəssisləri və ekspertləri tərəfindən də yüksək dəyərləndirilir.
Prezident İlham Əliyevin son zamanlar həyata keçirdiyi islahatlar digər dünya dövlətlərinin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən, həmin dövlətlərin elmi-mədəni elitaları sırasına daxil olmağı bacaran ziyalı iş adamları, müxtəlif sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi tanınan və nüfuz sahibi olan soydaşlarımızın da ürəyincədir.
İslahatların davam etdirilməsi yolunda çox güclü siyasi iradəni ortaya qoyan möhtərəm Prezident qətiyyətlə bildirib ki, o, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayrağa çevirən ölkə kimi görmək istəyir. Və heç kim bu istiqamətdə aparılan işlərə mane ola bilməz.
Rəy sorğuları göstərir ki, cənab Prezident bütün seçkilərdə qalib gəlmək iqtidarındadır, həmçinin nəzərdə tutulan islahatları həyata keçirmək üçün güclü xalq dəstəyinə malikdir.Dünyada və bölgədə cərəyan edən siyasi proseslər fonunda ölkə başçımızın fəaliyyətindəki uğurlar, dövlətçiliyimizin qorunmasının başlıca qarantı kimi öz layiqli, yüksək qiymətini alıb.
Danılmaz həqiqətdir ki, ictimai-siyasi proseslərin önündə yox, arxasınca getməklə irəliyə doğru hər hansı addım atmaq mümkün deyil.İndi daha gənc, yüksək təhsilli və dünyagörüşlü, müasir düşüncəli, fəaliyyətində daha çevik kadrlarla işləməyə üstünlük veriləcək.Prezident İlham Əliyev cəmiyyətə əvvəlcədən bəyan etdiyi islahatlarda bu prinsipləri əsas götürüb və hər zaman ölkədaxili ictimai-siyasi ab-havanın daha da saflaşması, pozitivləşməsi istiqamətində mühüm addımlar atır.Məhz bunun nəticəsidir ki,Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında 3-cü yerə yüksəlib, bütün reytinq sorğularında isə öncül mövqeləri tutur.Ölkə başçısı imzaladığı bütün sosial proqramlarda müasirləşdirməni əsas götürür.Əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamlar verilir, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bağlı sənədlər təsdiqlənir, şəhid ailələrini daim nəzarətdə saxlayır, onlarla mütamadi görüşlər keçirir, genişmiqyaslı əfv sərəncamları imzalanır, yerli və mərkəzi icra strukturlarında önəmli kadr dəyişiklikləri aparılır.
Cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün ictimai rəydən alınan dəstəyi getdikcə artıran yeni kadr islahatları ölkəmizdən kənarda fəaliyyət göstərən və yüksək nüfuz sahibi olan həmyerlilərimizi, onların təmsil olunduqları diaspor təşkilatlarımızı da sevindirir.
Cənab Prezident nəinki ölkə daxilində, hətta ölkədən kənarda da 

Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyur.Özünün daxili və xarici siyasəti ilə müdrüklük nümunəsi göstərən ölkə rəhbərimizin dünyada qlobal böhranın davam etdiyi çətin bir şəraitdə Azərbaycanda inkişafın təmin edilməsi ilə bağlı səsləndirdiyi fakt və rəqəmlər bir azərbaycanlı kimi qəlbimi dağa döndərir.İnkişaf edən ölkələr sırasında Azərbaycanın liderlik mövqeyinə yüksəlməsi müstəqilliyimizin etibarlı, mötəbər təminatı olan iqtisadi qüdrətimizin ildən-ilə artmasının fərəhli göstəricisidir.
Regional inkişafda yüksək nailiyyətlər əldə etmək üçün ölkə başçısı sənaye ilə yanaşı aqrar sahəni də yüksək səviyyəyə çatdırmaqla bağlı qarşıya ciddi vəzifələr qoymuşdur. Sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri yaratmaq üçün yeni imkanlar yaradılır. Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də öz sözlərini deyə bilərlər və yəqin ki hökmən deyəcəklər.
Masallı kimi bölgədə boya-başa çatmış bir azərbaycanlı kimi şəhər və kəndlərimizdə də paytaxtın üstün abadlığının, rahatlığının olmasını həmişə ürəkdən arzu etmişəm.Həm də düşünmüşəm ki, bu ağır işi rayonlarımızın potensialını hərəkətə gətirməklə etmək mümkündür.Tale bu istəyimin də gerçəkləşməsini görməyi mənə nəsib etdi. Ulu Öndərin liderlik missiyasını qəbul edən Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” və “Bölgələri də paytaxt kimi inkişaf etdirməyə çalışacağam” məramı, bununla da regional inkişaf proqramlarına başlaması məni də çoxdankı arzularımın gerçəkləşdirilməsinə həvəsləndirdi.
Azərbaycanın daha da yüksək inkişafı naminə maksimum köməyimlə, dəstəyimlə Vətən qarşısında oğulluq, vətəndaşlıq borcumu yerinə yetirməkdə, bundan sevinc və qürur duymaqda daha israrlı, daha qətiyyətli olmağa çalışacağam.
Xaricdə yaşayan bir azərbaycanlı kimi öz Vətənini, dövlətini və xalqını ürəkdən sevən minlərlə həmvətənlərimlə ölkəmizin iqtisadi qüdrətinin artırılması, müstəqilliyimizin dayaqlarının daha da möhkəmləndirilməsi yolunda daim ölkə başçımızla və xalqımızla birgəyəm və bir yerdə olacağam!
Bu, mənim ən böyük, ən əsas amalımdır!

 

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !