Vətənpərvər ziyalı - Zeydulla Agayev – 75

Vətənpərvər ziyalı Zeydulla Agayev – 75

 Filologiya elmləri doktoru, professor, ingilis dilindən Azərbaycan dilinə birbaşa ilk tərcüməçi Zeydulla Ağayevin 75 yaşı tamam olur.

Zeydulla Agayev baharın ilk ayında – martın 2-də dünyaya göz açmışdı. Deyirlər, bu ayda doğulanların əksəriyyəti söz-sənət adamı olur. Zeydulla Agayev də ədəbiyyat yolunu seçmişdi. Xarici Dillər İnstitutunu fərqlənmə diplomuyla bitirəndə bədii yazıları və tərcümələrilə artıq imzasını tanıtmışdı. Pedaqoq, alim, yazıçı ömrü yaşayan Zeydulla Agayev tərcümə işində daha orijinaldı. Tərcümə yaradıcılığında Amerika nəşri xüsusi yer tuturdu. Məlumdur ki, Artur Heylinin “Aeroport” romanı ingiliscədən dilimizə birbaşa çevrilmiş ilk romandır.

Zeydulla müəllimi çoxdan tanıyırdım – qəzet-jurnal oxumağa başlayandan. Bədii yazılarını və tərcümələrini hər zaman izləmişəm. Şəxsi tanışlığımız isə “Söz” jurnalı nəşrə başlayandan sonra oldu. Jurnal Prezident Administrasiyasında yenicə qeydiyyatdan keçmişdi. Lənkərandan Bakıya gələndə jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslan mənə müəllif siyahısı verdi. Siyahıda Zeydulla Agayevin adı ilk sırada idi.
Zəngləşdik. İndiki Azərbaycan Dillər Universitetində görüşdük. Yenicə prorektor işləyirdi. Qarşımdakı şəxs elə bil prorektor, professor deyildi. Son dərəcə sadə, səmimi, gülərüz, zarafatcıl bir insan idi. Məni çoxdan tanıyırmış kimi ailə vəziyyətimlə, jurnalın vəziyyətilə maraqlandı. İlk tanışlıqdan dostlaşdıq. Bu dostluq ailələrimizi də yaxınlaşdırdı. Və jurnalın ilk saylarından ən fəal yazarımız və təəssübkeşimiz oldu. Əxlaq, tərbiyə mövzusunda qələmə aldığı “Gecə vahiməsi” romanı “Söz”ün iki sayında dərc olundu və saysız oxucu rəğbəti qazandı. Cənub zonasının məşhur xeyriyyəçi alimi Əyyub İskəndərov haqqında xatirəsi tanıyanların marağına səbəb oldu. Hekayələri, tərcümələri jurnalın səhifələrində mütəmadi dərc olunurdu. Səmyuel A.Uimznin “Ermənistan: terrorçu ölkənin gizlinləri” adlı aktual yazı ilk dəfə “Söz”də işıq üzü gördü. Sonra bu yazı kitab şəklində iki dəfə nəşr olundu.
Ön sözdə yazırdı: “Müasir ABŞ tarixçisi Səmyuel A.Uimz uzun illərin ciddi tədqiqatları nəticəsində “Ermənistan: terrorçu ölkənin gizlinləri” adlı çox qiymətli əsərini 2003-cü ilin aprelində çardan buraxmış və çox müəmmalı şəkildə qəflətən dünyasını dəyişmişdir. Kitaba 

yazdığı ön sözdə müəllif erməni həyasızlığından təngə gəldiyini söyləyir. Belə ki, kitab çapdan çıxmazdan qabaq S.Uimz internet vasitəsilə öz əsəri haqqında məlumat vermiş, onun məzmunundan hələ xəbəri olmayan ermənilər isə dərhal Amerika alimini məktub, teleqram, elektron poçtu “bombardmanı”na tutaraq hədələmişlər.
Kitab işıq üzü görəndən ikicə həftə sonra S.Uimzin qəfil ölümü erməni hədələrinin əsaslı olduğunu sübut etdi.
Müəllif cildin üzərində bu kitabın I cild olduğunu qeyd etmişdi. II cildi çap etdirmək isə ona qismət olmadı.

Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidovun təşəbbüsü ilə həmin kitabın tərcüməsi üzərində işimi təzəcə başa çatdırmışam. Hər bir azərbaycanlı üçün misilsiz əhəmiyyət daşıyan kitab bu ilin axırlarında çapdan çıxacaqdır.
Maraqlı olacağını nəzərə alaraq kitabın bir fəslini sevimli şairimiz Şəkər Aslanın layiqli yadigarı olan “Söz” jurnalına təqdim edirəm”.

Zeydulla Agayevin tərcümə əsəri “Söz” jurnalında 14 səhifə yer aldı, acı həqiqətlər oxucuların marağına səbəb oldu.
Zeydulla Agayev vətənpərvər ziyalı idi. Bu tərcümə onun vətənpərvərlik nümunələrindən biri idi.
Amerikadan qayıdanda hərəmizə üstündə Amerikanın bayrağı olan diyircəkli qələm bağışlayıb, - baxın, Amerika öz dövlət bayrağını necə təbliğ edir, - deyirdi. Əlinə qələm alan hər kəs sanki Amerikanın bayrağını daşıyır. Bu, çox gözəldir. Biz də dövlətçiliyimizi belə təbliğ etməliyik.
Okeanın o üzündə - uzaq Amerikada əxz etdiklərini öz Vətənində tətbiq etməyə çalışırdı.
Amerikada çalışdığı illərdə dövlətlər və xalqlararası xidmətlərinə görə Luiziana ştatının “Fəxri vətəndaşı” adına layir görülmüşdü.
Rus yazıçısı A.Çexovun məşhur bir deyimi var: “İnsanda hər şey gözəl olmalıdır”. Zeydulla müəllim hər sahədə mizan-tərəzisi düz olan insanlardandı.
Zahiri görkəkəmindəki səliqə-səhman, ağayanalıq göz oxşayırdı. Bunu dəyərli akademik, elmdə də, həyatda da ədalət, həqiqət mücəssəməsi olan akademik Azad Mirzəcanzadə də qeyd etmişdi. Görkəmli akademik İsa Həbibbəyli Zeydulla Agayevi yaxşı tanıyırdı və bütün yaradıcılığına bələd idi. Onun doktorluq işinin təsdiqinin yubandığını biləndə Ali Attestasiya Komissiyasının sədri Azad Mirzəcanzadəyə məlumat verir. Zeydulla Agayevlə ilk söhbətdən Azad müəllimdə onun haqqında müsbət fikir formalaşır. İsa Həbibbəyliyə də söyləyir ki, Zeydulla Agayev zahiri görkəmi, daxili mədəniyyəti, intellekt səviyyəsilə əsl alimdir. Cızmaqaraçıların əlindən burda oturmaq mümkün deyil. Əsl alim isə bizi narahat etməyə qıymır.
Azad Mirzəcanzadənin dediyi kimi, Zeydulla Agayev əsl alim idi. Əlbəttə, alim olmaq şərəfdir, xoşbəxtlikdir. Amma ailə xoşbəxtliyi bütün xoşbəxtliklərin tacıdır. Zeydulla Agayev belə tacı olan ailə başçısı idi. Tələbəsi Zemfiranı birinci kursdan gözü tutur. Ailə qururlar. Ləman, Fidan, Aydan adlı qızlarının sevinclərini yaşayırlar. İndi bu qızlar cəmiyyətdə layiqli mövqe sahibidirlər. Nəvələri Şəfa, Davud, Gülarə bir dünya sevinc bəxş edər ailəyə. Zemfira xanım uşaqları böyütməklə yanaşı, müxtəlif ali məktəblərdə işləyib. Ömür-gün yoldaşına xidməti isə özünün birinci işi sayıb… 2007-ci ilin sonlarında Zeydulla müəllim ağır xəstəlikdən yatağa düşdü. Xəstəliklə mübarizə apara-apara 7 il yaşadı. 7 ildə fədakar qadınının nələr çəkdiyinin şəxsən şahidiyəm. Sanki körpə uşağının qayğısına qalırdı…
İllər bizi Zeydulla müəllimdən uzaqlaşdırır. Lakin Zemfira xanım hər dəfə söhbətlərimiz zamanı deyir ki, elə bilirəm Zeydulladan dünən ayrılmışam…
Əməlində nəciblik, sədaqət, etibar duran Zeydulla Agayev enerjiylə doluydu. Ancaq xəstəlik sözünü dedi. Arzuları, niyyətləri çox idi. Xalqa, elmə, ədəbiyyata bütün məhəbbəti və sədaqətilə xidmət etmiş, yaradıcılığı ilə özünə uçulmaz söz qalası hörmüş Zeydulla Agayev əbədiyaşardır. Söz karvanı gələcəyə üz tutub.
Zeydulla müəllim dünyadan neçə yaşında getsəydi, yenə gedişi vaxtsız olacaqdı. Fəqət gördüyü işlərlə yaşından böyük olub hər zaman.
Ruhu şad olsun!

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !