Gülağa Tənha - Sual var!

Gülağa Tənha Sual var!

Verilmiş bütün sualların cavabı vardır. Yetər ki, cavab "bilmirəm" olmasın! Cəlil Məmmədquluzadənin " Ölülər" pyesində kefli İsgəndərin monoloqunda təxminən deyildiyi kimi: "Bizdən sonra gələnlər bizim kitabın bu səhifəsini vərəqləyib görəndə nə deyəcəklər?!..." , "Qarabağ hanı?" - Bu suala nə cavab verəcəyik? Gülağa Tənha təqdim olunan şeirlə sanki zamanı qabaqlayaraq hər birimizə həmin sualı ünvanlayır: " Hanı Qarabağ, hanı? ". Alınmışlar geri alınmayana qədər bitməz bu mübarizə. Müqəddəs kitablarda müharibələr haqqında qeydlərdən belə qənaətə gəlmək olur ki, - Sülh haqq üçün mübarizədədir. Qalibiyyətin sirri də Şeyx Nizaminin dediyi kimi: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz..." Deməli sualın cavabını da bilirik və bu gün bu istiqamətdə işlərimiz uğurla davam etməkdədir.

Azpress.az - saytı Gülağa Tənhanın verdiyi sualı dini mahnılarla tanınan Samir Salamın ifasında təqdim edir.


"HANI QARABAĞ, HANI?"

Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…

20 yanvar, 2002


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #Samir #Salam
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !