Gülağa Tənha - "Qarabağ" və "Hanı Qarabağ, hanı?"

Gülağa Tənha "Qarabağ" və "Hanı Qarabağ, hanı?"

Bədii - qiraət müsabiqəsində Gülağa Tənha yaradıcılığında Qarabağ mövzusuna müraciət edən növbəti iştirakçı Günay Hüseynova və Leyla Həsənovadır. Bu çıxışla münsiflər heyyəti tərəfindən hesablanan bal nəticəsində 2 - ci yerə layiq görülüb, pul və diplomla mükafatlandırıldılar. Şeir və qəzəldən ibarət həmin çıxışı sizə təqdim edirik.

* * *

Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.

Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.

Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.

Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.

Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.

Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.

Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.

Moskva, 5 yanvar 1998

 


"HANI QARABAĞ, HANI?"

Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…
20 yanvar, 2002


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !