Gülağa Tənha - ideya, mükafat, müsahibə və şeir

Gülağa Tənha ideya, mükafat, müsahibə və şeir

Azpress.az -saytı xeyriyyəçi - şair Gülağa Qənbərovun (Tənha) təşəbbüsü ilə keçirilən ideya və bədii qiraət müsabiqəsinin geniş icmalını, həmçini, tədbir sonrası jurnalistlərə verdiyi müsahibəni təqdim edir. Müsahibənin davamında, müsabiqədə səslənən "Çağır milləti, Sabir" - şeirinə hazırlanmış video görüntünü də izləyə bilərsiniz.


          Mətbuatda xəbər verildiyi kimi Gülağa Qənbərov görəcəyi xeyriyyə işlərini daha sistemli, xalqın arzu və istəklərini özündə ehtiva edən ideya müsabiqəsi elan etmişdi. Müsabiqənin şərtləri “Cənub xəbərləri” qəzetində və “Azpress.az” saytında dərc olunmuşdu. Müsabiqəyə 50-yə yaxın təklif və ideya göndərilmişdi. Bakının ən tanınmış restoranlarından birində təşkil olunmuş tədbirdə qalibləri müəyyənləşdirmək üçün 4 nəfərlik münsiflər heyəti müəyyənləşmişdi. Münsiflər heyətində Azərbaycan Respublikasının xalq artisti İlham Əsgərov, şair-xeyriyyəçi Gülağa Tənha, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov və Azpress.az saytının redaktoru Rasim Sadıqov təmsil olunurdu.
Öncə tədbir iştirakçılarının şərəfinə ziyafət verildi. Daha sonra ən yaxşı ideya müəlliflərinin qalibləri müəyyənləşdi. Təklif olunan ideyalar arzu olunan səviyyədə olmadığı üçün 1-ci yerə mükafat təqdim olunması ilkin mərhələdə məqsədə müvafiq sayılmadı. 2-ci yer “Viləş çayı üzərində körpü salınması” ideyasına görə E. Bəhlulzadəyə verildi.


Nəzərə alındı ki, ideya müsabiqəsi davam etdirilsin. Yaxın aylarda növbəti mərhələnin nəticələri elan edilsin və mükafatların məbləği 10 min manata qədər yüksəldilsin.
Gülağa Tənhaın şeirləri əsasında bədii-qiraət sahəsində ustalığını nümayiş etdirənlər sırasında qalib adını (500 manat) ən gənc ifaçı - 15 yaşlı Nigar Cəfərzadə qazandı. 2 nəfər 2-ci, 2 nəfər 3-cü yer mükafatına layiq görüldü. Digər iştirakçılar isə həvəsləndirici mükafatlara layiq görüldülər. (Yazının sonunda qaliblərin tam siyahısı əlavə olunacaq)
Qeyd olundu ki, bu müsabiqə də davamlı olacaq, ilin sonunda müsabiqənin növbəti mərhələsi keçiriləcək.
Beş saatdan çox davam edən müsabiqənin sonunda Gülağa Qənbərov (Tənha) jurnalistlərin suallarını cavablandırdı.


          -Bu gün maraqlı ideyalar səsləndi. Lakin bu son deyil. Hələ may ayına qədər yeni ideyalarla bağlı təklifləri qəbul edəcəyik. Mayda yekun tədbir olacaq. Daha sonra ən yaxşı ideyaları reallaşdırmağa çalışacağıq. Çalışacağıq ki, tədbirlərimiz kimlərəsə mane olmasın, yaxud hökumətin gördüyü işlərin təkrarına çevrilməsin. Hələ ulu öndər Heydər Əliyevin vaxtında Azərbaycandan yüzlərlə gənc Rusiyaya oxumağa göndərilirdi. İndi də bu ənənə davam edir. Biz də bu ənənəni davam etdirmək istəyirik. Hazırda bu işin mexanizmi hazırlanır. İstəyirik ki, istedadlı uşaqlar hələ 5- ci 6-cı siniflərdən seçilsin. Onlar ingilis, rus və sair dilləri mükəmməl bilsinlər. Həmin uşaqların İspaniyada bizim fondun hesabına təhsil almaq imkanları var və biz nəzərdə tuturuq ki, hər il ciddi müsabiqə yolu ilə 5-6 şagirdi İspaniyaya oxumağa göndərək. Qaldı ki, körpü, məşhurlar muzeyi və digər ideyalar, biz bunları yerli rəhbərliklə məsləhətləşəcək və ortaya başqa problemlər çıxmasa, onları qısa müddətdə reallaşdıracağıq.
Biz təhsili daim diqqətdə saxlamalı, ona nail olmalıyıq ki, xaricə təhsil almağa gedənlər təhsildən sonra doğma vətənə qaytsın. Onların əməyindən xalqa fayda dəysin. Mən 30 il öncə vətəndən xaricə gedəndə boş ciblə, çırıq şalvarda getdim. 90-cı illərdə isə bir milyon dollara yaxın pulla və son model xarici maşınla qayıtdım. Həmin pulları digərləri kimi restoran, dükan tikməyə səf etmədim. Həmin pullardan yaralı döyüşçülərin sağalmasına yardım etdim, şəhidlər üçün abidə ucaltdım, qəzalı bağçaları, məktəbləri, əlillər evini təmir etdirdim.
Daim içimdə bir hiss məni xeyriyyəçiliyə səsləyir. Bunu həm vətən, həm xalq, həm Allah qarşısında özümə borc bilirəm. İslam dinində deyildiyi kimi, qazandığımın ən azı 10 faizini xüms, zəkat kimi xalq üçün xərcləyəndə qəlbimdə bir rahatlıq duyuram.
* Xeyriyyəçilik təkcə bina tikmək, imkansızlara pul xərcləmək deyil. Bu gün nahaqdan həbs edilən, şərlənən, düz sözünün qurbanı olan insanlar var. Mənimlə əməkdaşlıq edən peşəkar vəkillər var. Biləndə ki, kimsə nahaqdan həbs edilib, onların da hüquqlarını qorumağa yardımçı oluram. Bir ağır yaralı var idi. Kislovodskidə onu 3 ay müalicə etdirdim.
Bu işləri görəndə heç bir təmənnam, istəyim olmur. Heç “sağ ol” da istəmirəm. Allah rizasına edirəm. Nə vəzifə, nə siyasi tərəfkeşlik, nə başqa təmənnam olmur. Görürəm ki, bu sahədə çətinlik var, hansısa məmur vəzifə borcunu yerinə yetirmir, səhlənkarlıq, ya özbaşınalıq edir, bunu ona irad tutmuram, üzünə vurmuram, ondan yuxarı təşkilata şikayət etmirəm. Sadəcə, qolumu cırmalayıb həmin işi görürəm. İbrət götürən götürür, götürməyən özü bilər, Allahı bilər. Əlibala Hacızadə kimi dəyərli bir yazıçımız var idi. Çətin vəziyyətdə yaşayırdı. Ona təqaüd ayırdım. Bundan sonra hökumətimiz də ona hərtərəfli yardım və diqqət göstərdi.
* İndi sevinirəm ki, Masallıda da xeyriyyəçi insanlara böyük diqqət var. Keçirdiyim bu müsabiqələrin də başlıca qayəsi odur ki, ölkə başçısı cənab İlham Əliyevə, Masallının icra başçısı Rafil Hüseynova, ümumilikdə isə doğma xalqıma layiqli yardım göstərim. Sağlıq olsun, yaxın vaxtlarda daha möhtəşəm xeyriyyə işlərimizin sorağını eşidəcəksiniz.


Keçirilən müsabiqənin və adı çəkilən yazıçı Əlibala Hacızadənin tarixi çıxışlarını yaxın günlərdə ardıcıl olaraq azpress.az - saytında izləyə bilərsiniz.

 

Gülağa Tənha - Çağır milləti, Sabir!


Bir vəzifə xətrinə dizə çökənlər də var,
Cəfa verənlər də var, cəfa çəkənlər də var,
Qismət sökənlər də var, ömür sökənlər də var,
Haqqın yoluna çağır, çağır milləti, Sabir!

Kim daşını söykəyir kimin daşına burda,
Kimin daşı ələnir kimin başına burda,
Kim zəhər qatır belə, kimin aşına burda,
Haqqın yoluna çağır, çağır milləti, Sabir!

Satan ayrı biçimdə, alan ayrı biçimdə,
Qarət ayrı biçimdə, talan ayrı biçimdə,
Kasıb ayrı seçimdə, kalan ayrı seçimdə,
Haqqın yoluna çağır, çağır milləti, Sabir!


Yaman toru toxuyan tamahı göstər bizə,
Göstər, adlı-soyadlı siyahı göstər bizə,
Savabı göstər bizə, günahı göstər bizə;
Haqqın yoluna çağır, çağır milləti, Sabir!

Göydələnlər içində baxan şəhərə görə,
Göydələnin kökündən qopan qəhərə görə,
Yaşanan günə görə, gələn səhərə görə
Haqqın yoluna çağır, çağır milləti, Sabir!

Ayrı mərəz tutubdu bəzi Tükəzbanları,
Təntiyib dözümləri, qırılıb gümanları,
Ayrı ələkdən keçir andları-amanları,
Haqqın yoluna cağır, çağır milləti, Sabir!

Məlhəm qoyan tapılmır ürəklərin ahına,
Yaxşı bax, nəzər yetir bu nəhrə, bu axına,
Günah dağından keçib gedir Mina dağına;
Haqqın yoluna çağır, çağır milləti, Sabir!

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #gulaqa tenha, #gulaqa qanbarov, #gülağa tənha, #gülağa qənbərov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !