XX əsrdə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti -

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti

1920 ci ilin 28 aprelində Azərbaycan Demokratik Respublikasının süqutundan və bolşeviklərin qələbəsindən sonra Sovet Ermənistanının azərbaycanlılara qarşı deportasiya siyasəti «dostluq» və «beynəlmiləlçilik» pərdəsi altında davam etdirilmişdir.
1930-1937-ci illərdə müxtəlf bəhanələrlə əslində isə milli və dini mənsubiyyətinə görə 50 minə yaxın azərbaycanlı Ermənistanın sərhəd rayonlarından Sibir və Qazaxıstana sürgün olunmuşdur. Bütün bu soyqırımlar, deportasiyalar yazılmamış «qanunlar» və «qərarlarla» həyata keçirilib. II Dünya müharibəsindən sonra totalitar rejimin tüğyan etdiyi, eyni zamanda «xalqlar dostluğunun» daha ucadan səsləndiyi vaxtlarda azərbaycanlıların Qərbi Azərbaycandan – indiki Ermənistan ərazilərindən kütləvi surətdə deportasiya edilməsi başqa məkrli siyasət – siyasi qərar tələb edirdi. Erməni qaniçənləri buna da nail ola bildilər.
1943-cü ildə üç müttəfiq dövlətlərin rəhbərlərinin Tehran Konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporası əlverişli imkandan istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciət edib xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. Molotov oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Ermənistan KP(b)MK-nın katibi Q.Arutinov bu fürsətdən istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçürülməsilə əlaqədar olaraq azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail oldu.
Xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək üçün azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında ilk qərar «Qolos Armenii» qəzetində dərc edilmişdir. Qəzetin verdiyi məlumata görə qərar M.C.Bağırovun və Q.Y. Arutinovun 28 noyabr 1945-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Məktub KQB-nin arxivində işlənilərək öz əksini aşağıdakı kimi tapmışdır:
Azərbaycan KP(b)MK-nın katibi yoldaş Bağırova. Ermənistan KP(b)MK-nın katibi yoldaş Arutinov hazırda Azərbaycan SSR-nin tərkibinə daxil olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ÜİKP(b)MK-nın sərəncam təqdim edilmişdir. Yoldaş Arutinov bu barədə öz məktubunda aşağıdakıları yazır: Ermənistana bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsindəki təsərrüfatla eynidir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xüsusi köməklik göstərir və təsərrüfatın idarə edilməsini xeyli yaxşılaşdırırdı, Ermənistan Respublika orqanlarının rəhbərliyi haqqında əhaliyə ana dilində mədəni kütləvi və siyasi xidmətin göstərilməsi gücləndirilərdi. Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə daxil olması yerli kadrları Ermənistanın ali məktəblərində öz təhsillərini ana dilində davam etdirməsinə imkan yaradardı. Bundan və Dağlıq Qarabağ əhalisinin istəyindən çıxış edərək Ermənistan Mərkəzi Komitəsi və Xalq Komissarları Şurası Azərbaycan SSR-nin Dağlıq Qarabağ vilayəti qismində Ermənistan hökumətinin sərəncamına təqdim edir.
Bu məsələnin müsbət həlli haqqında Ermənistanın MK və Xalq Komissarları Şurası Azərbaycan SSR-nin Dağlıq Qarabağ vilayəti qismində Ermənistan hökumətinin sərəncamına təqdim edir. Bu məsələnin müsbət həlli haqqında Ermənistanın MK və Xalq Komissarları Şurası Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağılmış Şuşa şəhərini bərpa etmək təklifi ilə hökumətə müraciət edəcək. Ermənistan KP(b)MK-nın təklifi ilə sizin rəyinizi bilmək istərdik.
ÜİKP(b)MK-nın katibi. №17. Malenkov
ÜİKP(b)MK-nın katibi yoldaş Malenkova
Ermənistan KP(b)MK-nın katibi Arutinovun Dağlıq Qarabağ vilayətinin Ermənistan SSRİ-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar sizin teleqramınıza cavab olaraq məlumat verirəm. DQMV-nin ərazisi uzun zamanlardan bəri Qrabağ xanlığının tərkibində olmuşdur və vaxtilə Pənah xan Karabaxiski tərəfindən qala qismində tikdirilmiş və Pənahabad 1747-ci ildə xanlığın mərkəzi sayılmışdır. 1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki DQMV ərazisi Yelizovetpol quberniyasının Şuşa, Qubadlı, Cavanşir, Karyagin uyezdlərinin tərkibinə daxil olmuşdur. 1918-1920 il musavatçıların Azərbaycanda, daşnakların Ermənistanda ağalığı dövründə bütün Qarabağın ərazisində musavat hökuməti tərəfindən Şuşa (keçmiş Pənahabad) şəhəri olan general qubernatorluq təşkil edilmişdir. Musavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğın nəticəsində Azərbaycan və Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat siyasi həyatına rəhbərlik Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilmişdir.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR-nin sərhədləri olmaması və ondan yalnız və yalnız azərbaycanlıların yaşadıqları Qubadlı, Laçın, Kəlbəcər, Dəstəfür rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasıda Azərbaycan mərkəzi İcrayyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi yerində hal-hazırda Stepanakert şəhəri olan DQMV yaradıldı. Beləliklə, DQMV Ermənistan SSR-yə ərazi baxımından bitişik deyildir və heç vaxt bitişik olmamışdır. Bununla belə biz Qarabağın Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmirik, lakin DQMV daxil olsa da, indiyə qədər azərbaycanlıların yaşadığı Şuşa şəhərinin Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati, siyasi və mədəni mərkəzi müstəqilliyi uğrunda fars işğalçıları ilə mübarizədə müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı İran hökümdarı Ağa Məhəmməd Şah Qacar burada öldürülmüşdür. Bu şəhərdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti formalaşmışdır və İbrahim xan, Vaqif, Nətavan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adı bu şəhərlə bağlıdır.
Eyni zamanda ÜİKP(b)MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSRnin tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-nin Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlılar məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-nini tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün, tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİKP(b)MK komissiyasının yaradılmasını məqsədə müvafiq hesab edirik.
Azərbaycan KP(b)MK ktibi M.C.Bağırov 10 dekabr 1945 ci il №330 Bakı şəhəri
Lakin SSRİ Nazirlər Sovetində ermənilərin üstünlük təşkil etməsi M.C.Bağırovun məktubunun təsirini itirdi və Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birincisi, «10 mart 1948-ci il tarixli 754 nömrəli «Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar idi. İ.V.Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlənilməz zərbə, açıq repressiya idi. Heç bir fakt göstərilmədən, girişsiz-izahsız, tələm-tələsik verilən bu qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. «Könüllülük» ifadəsi xüsusi məqsədlə qərara salınmışdır. Əslində bu qəti repressiya idi. Qərara görə 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin, 1950 ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Mərkəzin Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetinə məlumat vermələrini təkidlə tələb etməsi heç də səbəbsiz deyildir. Bu tələsikliyin əsas səbəbi qərarın axrıncı 11-ci maddəsində aydın şərh edilmişdir. Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər. Bütün bunlar tarixi həqiqətlərdir. Əldə olunan məlumatlara görə 1948- ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-ə 34382 nəfər köçürülmüşdür. Bununla yanaşı həmin illərdə yeddi min azərbaycanlı əmlaklarını Ermənistanda qoyub Azərbaycanın müxtəlif rayonlarına qaçmalı olmuşlar. Bütövlükdə götürülərsə 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçürülməyə məcbur olunmuşdur87. Stalinin ölümündən sonra köçürülmə qəti surətdə dayandırılmışdır. Lakin Axta, Əzizbəyov, Qarabağlar və başqa rayonlardan zorla Kür-Araz vadisinə köçürülən on minlərlə əhalinin aqibəti daha kədərli olmuşdur. İqlimə uyğunlaşa bilmədikləri üçün, adi məişət şəraiti olmadığından köçürülənlərin 1/3 aclıq və xəstəliklər nəticəsində həlak olmuşlar.
Azərbaycanlıların öz doğma torpaqlarından zorla köçürülməsi xaricdən gələn ermənilərin o torpaqlarda yerləşdirilməsi məqsədi daşımamış, əksinə daşnaqların əzəli arzuları olan təkmillətli Ermənistan dövləti yaratmaq siyasətinin nəticəsi olmuşdur. Lakin tam olaraq 1948-1953-cü illərdə buna nail ola bilmədilər. 50-ci illərin axırlarında öz məkirli niyyətlərinə nail ola bilməyən ermənilər 50-ci illərin axırlarında çirkin niyyətli maşınlarını yenə işə saldılar. Bu mərhələnin xarakterik cəhəti ondan ibarətdir ki, üzdə «beynəlmiləlçilik» və «xalqlar dostluğu» şüarını irəli sürərək azərbaycanlıların Ermənistanda yaşayış və inkişaf imkanları əl altından məhdudlaşdırılırdı. Bunun üçün belə tədbirlər görüldü.
İntellektul qüvvələrə, ziyalılara qarşı törədilən mənəvi terror özünü birinci növbədə respublikada o dövrə qədər mövcud olan ali məktəblərin, texnikumların, mətbu orqanların kütləvi surətdə ləğv edilməsində açıq göstərirdi. 30-cu illərdə X.Abovyan adına Yerevan Pedaqoji İnstitunun dörd fakültəsindən (Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, fizika və riyaziyyat) ibarət azərbaycanlı bölməsinin əyani və qiyabi şöbələri bağlandı. Onun yerində yalnız 1955-ci ildə 25 nəfərdən ibarət bir azərbaycanlı qrupu təşkil edildi. Ermənistanda müəllim kadrların hazırlanmasında mühüm rol oynayan, 1925-ci ildən təşkil edilmiş Yerevan Azərbaycanlı Pedaqoji Texnikumu buna böyük ehtiyac olduğu halda ləğv edilib Azərbaycan SSR-nin Xanlar rayonuna köçürüldü.
Mənəvi terrorun konkret nəticələri bunlar oldu: hər il Ermənistanda azərbaycanlı məktəblərin orta hesabla buraxdığı 500 məzunun xeyli hissəsi öz təhsilini davam etdirmək üçün respublikada imkan olmadığından başqa respublikaların, xüsusilə Azərbaycanın ali məktəblərinə getməli olurdu. Sonrakı nəticəsi ondan ibarət idi ki, başqa ali məktəblərdə təhsil alan gənc mütəxəssislər öz doğma yerlərində işlə təmin edilmədiklərinə görə, yenidən Azərbaycana qayıtmalı və yaxud ümumiyyətlə Azərbaycanda qalmağa məcbur olurdular. Beləliklə Azərbaycana Qərbi Azərbaycandan (indiki Ermənistan) torpaqlarından azərbaycanlıların yeni axını, köçü başladı.
Ş.Mustafayev “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti//”“Diplomatiya aləmi” jurnalı, №7, 2004
1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !