Malıbəyli əhvalatı -

Malıbəyli əhvalatı

Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarla məsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər.
Bundan sonra Qalaya hücum çəkib müsəlmanların müqavimətini sındırmağın asan olacağını söylədilər. Ermənilər tökdükləri tədbirlərə əsasən birinci Malıbəylinin üstünə hücum çəkib oranı tar-mar etmək, ev-eşiklərini yandırıb mallarını qarət etmək fikrində idilər.
Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. Ermənilər Malıbəylini qiblə və qərb tərəfdən mühasirəyə aldılar.
Hücum səhər tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları hücumdən xəbərdar olub başqalarına da məlumat verdilər. Səngərdə dayanmış müsəlmanlar bu qədər ermənini görən kimi bir-iki güllə atdılar. Ermənilər isə hər səngərə yüzə qədər tüfəngdən atəş açdılar. Odur ki, səngərdəkilər atəşin belə çoxluğundan vəhşətə gəlib səngərlərdən kəndin içərisinə qaçırdılar. Ermənilər isə səngərləri tutaraq kəndə daxil oldular. Onlar Hacı Təhmirəzin evini ələ keçirərək hər tərəfdən ona od vurdular. Qımdatlardan ikisi sevincindən evin balkonunda şadlıq edirdilər. Belə ki, biri əl çalıb, o birisi oynayırdı. Bu zaman Malıbəylinin igidləri və tüfəngdarları əhvalatı belə görən kimi nərə çəkib hər tərəfdən ermənilərin üzərinə hücum çəkdilər.
Bir cavan müsəlman Hacı Təhmirəzin evinin balkonunda oynayan ermənini sinəsindən nişan alaraq elə vurdu ki, erməni bircə dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da bərk qışqırıb o biri erməninin yanına yıxıldı.
Müsəlmanlardan bir atlı Xankəndinə, o birisi isə Qalaya xəbər gətirib onlardan kömək tələb etdilər. Dərhal Qalada cavan müsəlman döyüşçüləri toplaşaraq Ağa Şamil və Bəşir bəyin rəhbərliyi altında Malıbəyliyə tərəf yollandılar. Xankəndindən isə bir dəstə müsəlmanlar kazaklarla birlikdə Malıbəyliyə gəldilər. Qaladan və Xankəndindən kömək gələnə kimi Malıbəyli cavanları hər tərəfdən ermənilərin üzərinə hücuma keçmişdilər. Hər iki tərəfdən güllə yağış kimi yağırdı. Hacı Təhmirəzin evinin balkonunda iki qımdat öldürüldükdən sonra ermənilər qaçmağa başladılar.
Müsəlmanlar onları təqib edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü, neçəsi isə yaralandı. Ermənilərin Malıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin yanında vuruşma gedərkən müsəlmanlar evi hər tərəfdən gülləyə tuturdular ki, ermənilər oraya daxil olmasın. Bu zaman ermənilərin əlinə düşməsin deyə evin bəzi qiymətli əşyalarını yığıb özləri ilə aparmaq istəyən iki övrətin erməni olduğunu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər.
Ermənilər Malıbəylidən çıxarıldıqdan sonra Xankəndindən və Qaladan gələn dəstələr gurultu ilə Malıbəyliyə daxil oldular və onlar Malıbəyli müdafiəçilərinə qoşularaq salavat və «Ya Əli!» nərələri çəkib cəsarətlə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilərin gülləbaran edilməsi nəticəsində daha on beş erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən kimi pərən-pərən olub qaçmağa başladılar. Həmin həlak olan 15 nəfərin meyidini də götürüb kənarda saxladılmış və qənimət üçün gətirilmiş arabalara qoyub apardılar. Hacı Təhmirəzin evində öldürülmüş 9 erməni meyidi isə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri müsəlman döyüşçüləri gülləbaran edə-edə təqib edirdilər. Sonra daşların dibində, çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 nəfərə çatmışdı. Müsəlmanlar tərəfdən isə bu davada ölənlər Hacı Məhəmmədin bir cavan oğlu və Hacı Təlmirəzin evindəki iki övrət olmuşdur.
Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar.
Mir Möhsün Nəvvab. «1905—1906-cı illərdə erməni-müsəlman davası» kitabından. Bakı, «Azərbaycan». nəşriyyatı, 1993.
1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !