Tarixin Şifrəsi – Gənclərin Axtarışında layihəsinin qeydiyyat mərhələsi başladı! -

“Tarixin Şifrəsi – Gənclərin Axtarışında” layihəsinin qeydiyyat mərhələsi başladı!

 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, XIII qrant müsabiqəsinin mədəni-tarixi abidələrin gənclər arasında təbliği istiqamətində qalib olan, ölkəmizin tarixinin, mədəniyyətinin dərindən öyrənilməsi və gənclərin intellektual biliklərinin artırılması məqsədilə Respublikamızın müxtəlif bölgələrində yaşayan gənclər bir araya gəlməklə “Tarixin Şifrəsi – Gənclərin Axtarışında” adlı gənclərarası intellektual yarışmada ölkəmizin mədəni-tarixi abidələri ilə zəngin olan Şəki şəhərinə səfər edəcək və tarixi məkanlar ilə tanış olub intellektual yarışmada biliklərini sınayacaqlar.

Layihə iştirakçıları layihənin birinci mərhələsində Şəki şəhərinin müxtəlif tarixi məkanlarına səfər edəcək, şəhərinin tarixi haqqında yaşlı Şəki sakinləri tərəfindən açıq havada təşkil olunacaq seminarda daha çox məlumat ala biləcək, həmçinin, Şəki şəhərində YUNESKO-un siyahısına daxil edilmiş tarixi abidələrimizlə yaxından tanış ola biləcəklər.

Layihədə gənclər növbəti mərhələdə komandalara bölünərək intellektual yarışa qoşulacaqlar. Belə ki, müxtəlif bölgələrindən ümumilikdə 40 gəncin Şəki şəhərində keçiriləcək layihəyə qoşulması planlaşdırılır. Gənclər intellektual yarışmada verilən məntiqi sualların cavabını axtaracaq, ekskursiya zamanı əldə etdikləri məlumatlarla yarış mərhələlərini keçə biləcək və şifrələri taparaq yarışı tamamlayacaqlar. Müəyyən olunmuş “tarixin şifrəsini” tez və düzgün şəkildə tapan komanda qalib elan olunacaq. Layihədə iştirak haqqı qazanmış bütün gənclər sertifikatla, qalib komanda isə müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Layihədə gənclər ölkəmizin mədəni-tarixi abidələri ilə zəngin olan Şəki şəhərini yaxından tanıyacaq və intellektual yarışma əsasında həm ekskursiyalar zamanı öyrəndikləri məlumatları dərindən dərk edəcək, həm də intellektual səviyyəsinin, zehni inkişafının yüksəlməsinə nail olacaqlar. Layihədə iştirak haqqı qazanmaq üçün seçimlərin ilkin mərhələsinə görə www.tarixinshifresi.com saytına daxil olub qeydiyyatdan keçməyiniz xahiş olunur. Müraciəti tələblərə uyğun olan gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !