Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin birgə layihəsinə start verilib -

Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin birgə layihəsinə start verilib

 Azərbaycan Milli Xalça Muzeyi bu gün ölkəmizdə xalça sənətinin təbliği ilə yanaşı, həm də ölkəmizin mədəni irs siyasətinin xarici ölkələrdə təbliğatı ilə də məşğuldur. Bu gün muzeyin beynəlxalq aləmdə əsas fəaliyyəti xarici muzey kolleksiyalarında saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin muzeylərdə qorunan Azərbaycan xalçalarının kataloqlaşdırılması və sərgilərin təşkilidir.

Bu sahədə artıq silsilə şəklində əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.3-cü (Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması) bəndinin icrası nəticəsində həyata keçirilir.

Növbəti layihə Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Rusiya Etnoqrafiya Muzeyi ilə birgə həyata keçiriləcək. 1902-ci ildə yaradılmış muzeyin kolleksiyasında Azərbaycana aid böyük etnoqrafik material qorunub saxlanılır. “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı layihə çərçivəsində bu muzeydə qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinin elmi araşdırılması, onların kataloqlaşdırılması və sərginin keçirilməsi nəzərdə tutulub. Sərgi 2020-ci ilin noyabr ayında Sankt-Peterburq şəhərində təşkil olunacaq IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçiriləcək. Qeyd edək ki, builki beynəlxalq tədbirdə ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.

Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rusiyalı həmkarı Yuliya Kupina ilə görüş keçirib. Görüş zamanı həyata keçiriləcək layihənin aspektləri müzakirə olunub. Bununla yanaşı, gələcəkdə Rusiya Etnoqrafiya Muzeyinin sərgisinin Bakıda keçirilməsi haqqında danışıqlar aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !