Sumqayıt Dövlət Dram Teatrında 4 yeni tamaşa hazırlanır. -

Sumqayıt Dövlət Dram Teatrında 4 yeni tamaşa hazırlanır.

 Sumqayıt Dövlət Dram Teatrında paralel olaraq 4 yeni əsər üzərində yaradıcılıq işləri aparılır. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə bu seçimlərdə ilk növbədə klassik dünya və Azərbaycan dramaturgiyası incilərinin təbliği, şəhərin əsas kontingentinin arzu və istəkləri, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşması, truppanın yaradıcılıq imkanları kimi nüanslar nəzərə alınır. Azərbaycan xalq nağılları içərisində ən çox məhşur olan, zəkanı və zəhməti, ədaləti, insanpərvərliyi təlqin edən “Göycək Fatma”nın səhnə versiyası Bakıdan dəvət olunmuş gənc və istedadlı rejissor Gülnar Hacıyeva tərəfindən hazırlanır. Tamaşa xalq yaddaşını müasir dövrün texnoloji üsulda, çağdaş teatr komponentləri ilə çatdıra biləcək. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.
Eyni zamanda teatrın rejissorlarından Əməkdar artist Namis Şirməmmədov dahi Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edib. Hazırda “O olmasın, bu olsun” komediyasının məşqləri davam edir.
Sumqayət Dövlət Dram Teatrının respublikada və dünyada keçirilən monotamaşalar festivallarına da töhvəsi olacaqdır. Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ülviyyə Heydərovanın “Uşaqlıq” hekayəsi əsasında gənc aktrisa İlahə Səfərova ilə maraqlı monotamaşa üzərində yaradıcılıq işi aparır.Eyni zamanda səhnəmizdə daha birgənc rejissor,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ümid Abbas həmin müəllifin “Pələng” adlı monotamaşasını gənc aktyor Kamran Muradlı ilə birlikdə hazırlayır. Qeyd edək ki, hər 4 tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.
Hazırda teatrda sözügedən tamaşalar üzərindəgərgin məşqlər gedir. Rejissorlar yaşlı və orta nəsil aktyor heyəti ilə bərabər gənc istedadlarla da çalışırlar. Onların yaradıcılıq imkanlarının realizəsi üçün zəruri şərait yaradılır. Tamaşalar cari il fevral ayının sonu və mart ayında teatrsevərlərin ixtiyarına veriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !