Sumqayıt Dövlət Dram teatrında Gənclər Gününə hədiyyəsi... -

Sumqayıt Dövlət Dram teatrında Gənclər Gününə hədiyyəsi...

 Ulu Öndər dünya şöhrətli siyasətçi Heydər Əliyev II dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu ilə bərabər gənclərin də sağlam düşüncəli formalaşması, düzgün istiqamətləndirilməsi və cəmiyyətə, dövlətə layiqli xidmət etmələri üçünzəruri tədbirləri həyata keçirdi. 1994-cü ildə Azərbaycanda ilk dəfə yeni qurum- Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin I ümumrespublika formu gerçəkləşdi. Ümumilli lider hər zaman gənc kadrlara önəm vermişdir. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev də bu ideyanı uğurla davam etdirməkdədir. Dövlətin gənclər siyasəti özündə bu kontingentin mənəvi-psixoloji, fiziki sağlamlığını, bütün sahələrdə uğura imza atma şansını ehtiva edir. 2007-ci il Azərbaycanda Gənclər ili elan edildi. Heç şübhəsiz gənclərə dövlət qayğısı yeni təfəkkürlü, müasir gənclərin öz potensialını realizə etmələrinə rəvac verir.
Sumqayıt Dövlət Dram teatrında da hər zaman gənclərə önəm verilir. Məhz son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunmuşdur. Yeni hazırlanan tamaşalarda və repertuar tamaşalarında gənclərin təcrübələrini artırması üçün imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilməkdədir. Sumqayıt Dövlət Dram teatrı 2020-ci il 2 fevral Gənclər günündə C.Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova mükəmməl oyun nümayiş etdirmişlər. Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub. Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da əslində didaktik- nəsihətverici fakt kimi aktualdır. Göz qamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə “sevginizə qətiyyətli olun” mesajını ötürür. Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. 2 fevral saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandırır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !