DTX-nın həbs etdiyi jurnalistin məhkəməsində - GƏRGİNLİK

DTX-nın həbs etdiyi jurnalistin məhkəməsində GƏRGİNLİK

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.
Polad Aslanovun vəkili Elçin Sadıqov məhkəməyə etiraz təqdim edib. Vəkil bildirib ki, prosesə sədrlik edən hakim Faiq Qəniyevin işə baxmasına etiraz edirlər. Vəkil etirazını belə əsaslandırıb ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı verilən ittihamlar sırasında hüquq mühafizə orqanlarının fəaliyyətini gözdən salan məqalələr dərc etməsi də var.
"Hörmətli hakim, siz də vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində çalışmısınız. Sizin bu işin sonunda maraqlı tərəf ola biləcəyinizi düşündüyümüz üçün işə baxmağınızı istəmirik. Bir məsələni də qeyd edim ki, jurnalist Eynulla Fətullayevin cinayət işi araşdırılan zaman siz müstəntiq idiniz. Mən də Eynulla Fətullayevin hüquqlarını müdafiə edirdim. Siz məni MTN-ə dəvət edərək təzyiq göstərmişdiniz" - deyə vəkil bildirib.
Polad Aslanov vəkilinin çıxışı ilə razılaşıb və hakimin hazırda DTX-da olan bəzi vəzifəli şəxslərlə əlaqələrinin də olduğunu iddia edərək işin başqa hakimin icraatına verilməsini istəyib.
Məhkəməyə sədrlik edən hakimə etiraz verildiyi üçün tərkibdə olan digər hakimlər Mirzə Xankişiyev və İlham Mahmudov vəsatəti müzakirə etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən vəsatət təmin edilməyib.
Məhkəmə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi ilə davam etdirilib. Bu zaman Polad Aslanov məhkəmədən mikrofon istəyib. O, səsinin ailə üzvləri tərəfindən keçirilmədiyini deyib. Hakim isə buna ehtiyac olmadığını deyib.
Məhkəmə zalında olan Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova buna etiraz edib. Bildirib ki, Polad Aslanovun səsini eşidə bilmirlər. Gülmirə Aslanova bu etirazını bir neçə dəfə təkrar etdiyi üçün hakim ona xəbərdarlıq edib. Lakin Gülmirə Aslanova etirazını davam etdirib. Hakim Gülmirə Aslanovanın zaldan çıxarılmasını istəyib.
Gülmirə Aslanova zalı tərk etmək istəməyib. Hakim prosesi dayandırıb. Gülmirə Aslanova zaldan çıxarıldıqdan sonra proses davam etdirilib.
Təqsirləndirilən Polad Aslanovun anket məlumatları dəqiqləşdirilib. Bu zaman Polad Aslanov etiraza başlayıb. O, saxlanıldığı şüşə qəfəsə vuraraq, əllərini bir-birinə vuraraq məhkəməyə etiraz edib. Hakim onun bu etirazına məhəl qoymayaraq prosesi davam etdirib.
Məhkəmənin davamında vəkil Elçin Sadıqov məhkəməyə vəsatətlər təqdim edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham onun jurnalist fəaliyyətinə görədir. Vəkil müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı fevralın 10-na təyin edilib.
Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü maddələri ilə ittiham olunur. Bu ittihalarla onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.
(Musavat.com) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !