MƏN GECİKMİŞDİM, SƏNSƏ... - AĞALAR İDRİSOĞLU-dan bir etüd...

MƏN GECİKMİŞDİM, SƏNSƏ... AĞALAR İDRİSOĞLU-dan bir etüd...

Tanınmış yazıçı, rejissor, aktyor, jurnalist, publisit, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun mart ayının 16-da 70 yaşı tamam olur. Əlli ildən çox yaradıcılığı dövründə Ağalar İdrisoğlu çox məhsulrdar işləyib. Belə ki, 150-dən çox hekayə, 7 povest, 6 roman, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 40 ssenarı, 1000-dən çox məqalə, oçerk, publisist yazılar yazıb. Rejissor kimi 125 tamaşaya quruluş verib. 40-dan çox rollarda oynayıb. 15 kitabı işıq üzü görüb. Belə qərara gəlmişik ki, yubileyi ərəfəsində Ağalar İdrisoğlunun hekayələrindən, publisist yazılarından seçmələri çoxmunli oxucularımızın ixtiyarına verək.

 

 

AĞALAR İDRİSOĞLU

MƏN GECİKMİŞDİM, SƏNSƏ...

(Etüd)

... Ezamiyyətdən yenicə qayıtmışdım. Portretini masanın üstünə qoyub, bir daha əyər-əskiyini yoxlamaq istəyirdim, qonşu qızı. Bu portreti ezamiyyətdə olduğum iki ay müddətində çəkmişdim. Sabah milli bayram günündə sənə hədiyyə verəcəkdim. Axı, sabah həm də sənin ad günün idi...
... Bu vaxt sənin səsini eşitdim, qonşu qızı. Həmin mahnını oxuyurdun. Bizim mahnımızı. Həmişə məni görüşə çağırdığın mahnını. Nə sizdə, nə də bizdə, heç kim başa düşməsin deyə, bizim “parolumuz” olan mahnını. Təəccübləndim. Axı, mənim gəldiyimi sən hardan bilirdin?.. Bəlkə pəncərədən görmüşdün? Bəlkə qardaşın, bacın deyib? Bəlkə...
Bu bəlkələr içərisində kostyumumu geyinə-geyinə düşünürdüm. Bəs deyirlər, qızların qəlbini sındıranda, onlar bunu bağışlamır?.. Sən isə həmin mahnınla bu sualı alt-üst eləmişdin, qonşu qızı. İndi özümü danlayırdım. Yaman danlayırdım. Çünki qadınların əziz bayram günü - 8 martda səni başqasına qısqanıb, qəlbini qırıb, təhqir eləmişdim. Gözləri yaşlı məndən küsüb getmişdin... Yalandan hələ “səni daha sevmirəm”, - deyib, ürəyinə köz də basmışdım. Bir neçə gün sonra isə məni ezamiyyətə göndərmişdilər. Yaradıcılıq ezamiyyətinə. Uzağa, lap uzağa... Yurmalaya, Baltik dənizinin sahilinə. Orda olduğum müddətdə dəfələrlə sənə məktub yazmaq istəmişdim. Amma bacarmamışdım özümlə. Öz tərsliyimlə. Allah heç kimə belə tərsliyi qismət eləməsin. Axı, sən mənim bu axmaq tərsliyimi bilirsən…
Evdən çıxanda çəkdiyim portretini götürdüm. Bunu sənə sürpriz eləmək istəyirdim. Qeydiyyat dəftərçəmdən də həmin mahnının sözləri yazılmış vərəqi cırıb cibimə qoydum. Sənə verəcəkdim. Yəqin ki, bu müddətdə mahnını oxumadığınçün sözlərin bəzilərini yaddan çıxarmışdın.
Həmişə durub məni gözlədiyin pəncərənizin yanına gəldim. Axı, mahnını eşidəndə mən həmişə ora gələrdim. Sən də yuxarıdan məni görən kimi bir bəhanə ilə evdən çıxardın.
Bu dəfə pəncərə qabağına gələndə gözlərimə inana bilmədim. Yanında həmin oğlan dayanmışdı. Səni qısqandığım oğlan.
Mahnını sən demə, onunçün oxuyurdun. Pəncərəyə qoyduğun sol əlinin orta barmağında isə nişan üzüyü parıldayırdı... Tamam ağ geyinmişdin. Ağ göyərçinə oxşayırdın bu geyimdə sən. Başındakı ağ örpək isə, elə bil ağ göyərçinin kəkili idi. Oğlan sənə nə isə deyib uzaqlaşdı pəncərədən. Bu vaxt sən mahnının axırıncı bəndini oxuya-oxuya həyətə baxdın. Rəngin ağardı məni görən kimi. Dilin tutuldu. Axırıncı sözlər, elə bil dilində ilişib qaldı. Susdun. Mənə təəccüblə, heyrətlə baxdın. Deməli, gəldiyimi bilmirdin. Gözlərin birdən elə parıldadı ki, sanki aydan işıq borc aldı əlimdə portretini görəndə... Sonra təqsirkar uşaq atasına baxan kimi gözlərini süzdürüb barmağındakı üzüyə, sonra da mənə baxdın. Sağ əlin yavaş-yavaş sol barmağındakı üzüyə doğru hərəkət elədi. Gözlərində yaş parıldadı...
Bu vaxt həmin oğlan yenə sənə yaxınlaşdı. Qolundan tutdu. Gözünün yaşını sildi. Əlindəki uzun, qızıl boyunbağını sənin boynuna keçirdi... Pəncərəyə bir neçə qadın yaxınlaşdı. Yəqin oğlan evinin adamları idi. Axı, mən onları sizdə ilk dəfə idi ki, görürdüm. Sən dönüb onlara baxdın. Gülümsəməyə çalışdın. Bacarmadın. Bir daha dönüb mənim arxasında gizləndiyim ağaca sarı və əlimdə tutduğum portretə baxdın. Aman... Gözlərin necə kədərli idi. Ürəyimi yandırdı o gözlər... Əbədilik gözlərimdə qaldı o gözlər. Bir cüt xal olub ürəyimə köz basdı o gözlər. Əbədilik bir cüt yara açdı ürəyimdə. Sağalmaz yara. İlk məhəbbət yarası... İlk istək və puç olmuş arzular, nisgillər yarası. Niyə belə elədin, qonşu qızı? Niyə?..
... Pəncərənizin yanından uzaqlaşdım. Hara getdiyimi özüm də bilmirdim... Qulaqlarımda yalnız bizim mahnının bu sətirləri elə bil cızılmış qrammofon valı kimi ilişib dönə-dönə təkrar olunurdu.

Səni yanasan, səni
Aldatdın məni, məni...

...Gəlib həmişə səninlə birlikdə oturduğumuz palıd kötüyünün üstündə oturdum. İllər kino lenti kimi bir-bir çözələndi beynimdə. Həyatımızın ayrı-ayrı anları donub qaldı qırılmış lent kimi xəyallarımda... Sənin şıltaqlığın, mənim tərsliyim ucbatından dəfələrlə küsüşdüyümüz anlar, barışdığımız dəqiqələr, şəhvətli öpüşlər, gözlərində tez-tez bulaq suyu kimi parıldayan göz yaşları, mənim onları dodaqlarımla silməyim... Nələr, nələr düşmədi yada...
Bu vaxt şən musiqi sədaları altında siz həyətə qoşa düşdünüz. Ardınızca da o biri adamlar. Çalğı səsinə çoxlu qonşular yığışdı həyətə. Danışıqlardan başa düşdüm ki, siz ər-arvad olmaq üçün qeydiyyatdan keçməyə gedirsiz nigah evinə. Gözlərin adamların içində məni axtarırdı. Mən isə görüş yerimiz olan kəsik palıdın üstünə çıxıb, uzaqdan tamaşa eləyirdim bu mənzərəyə... Sənsə məni görmürdün...
Doğrusunu deyim ki, bir-birinizə yaraşmırdız, qonşu qızı. Nə etmək?.. Deməli, tale beləymiş... Deməli, sən mənim qismətim deyilmişsən. “Yazmı pozmaq olmaz”, deyib ulular. Sənə xoşbəxtlik arzu eləyirəm. Amma onu bil ki, bu tərslik hər ikimizə çox baha başa gələcək, qonşu qızı... Mən tərsliyimdən, kobud hərəkətimə görə səndən üzr istəməmişdim. Sən də tərsliyindən, şıltaqlığından guya mənə nəyisə sübut eləməkçün istəmədiyin oğlana ərə gedirdin... Bircə onu bilmirdin ki, əsəbiliyin başlanğıcı dəlilik, sonu peşimançılıqdı…
Yəqin mən də başqası ilə ailə quracam. Mənə elə gəlir ki, sən qurduğun ailə həyatında tam xoşbəxt olmayacaqsan. Mənim qurduğum ev-eşik də məhəbbətsiz həyatdan qızmayacaq. Xoşbəxt olmayacağıq. Bu həyatda biz həmişə bir-birimizi axtaracağıq. İlk məhəbbətdən söz düşəndə hər ikimizin ürəyi qubar eləyəcək... Gözlərimiz yol çəkəcək... Bax bunu indidən başa düşdüyümçün, həmin dərd məni yandırırdı. Yaman yandırırdı… Yəqin sən də öz səhvini sonradan başa düşəndə mənim kimi belə yanacaqsan, qonşu qızı... Onda gec olacaq. Çox gec...
... Kaş sən belə tələsməyəydin, qonşu qızı. Mən də, mən də... nə yaradıcılıq ezamiyyətinə gedəydim, nə belə tərslik eləyəydim, nə də gecikəydim... Bəlkə Ulu Tanrı onda taleyimizi biz istədiyimiz kimi yazardı. Amma belə bir deyim də var: “Alın yazısından qazmaq olmaz”. Nə bilim... Nə bilim...
Yalnız bircə onu bilirəm ki, həmin mahnı əbədilik mənim beynimdə səslənib, ürəyimin sarı simini sızıldadacaq. Tez-tez məni həmin günlərə qaytarıb, səni unutmağa qoymayacaq...

Səni yanasan, səni
Aldatdın məni, məni...

Bakı şəhəri, may, 1975-ci il

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !