Ağcabədi şəhər icra nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir - FOTO=40 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədi şəhər icra nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir FOTO=40 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 30 yanvar 2020-ci il tarixdə Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi şəhər icra nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Yığıncağa idarə, müəssisə, təşkilat rəhbərləri, YAP ilk təşkilat sədrləri, fermerlər və şəhər sakinləri, ağsaqqallar qatılmışlar. Yığıncağın işində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov iştirak etmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda iki məsələ,- Ağcabədi rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Mehdiyevin “2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar” hesabatı, həmçinin icra nümayəndəliyinə ötən il ərzində daxil olan ərizə və şikayətlərin həlli barədə məsələ müzakirə olunmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən V.Mehdiyev qeyd etmişdir ki, ötən il respublikamızda geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə reallaşan geniş islahatlar bütün sahələrdə yüksək nailiyyətlərin əldə olunmasına mühüm zəmin yaratmışdır. Görülmüş tədbirlər nəticəsində respublika əhalisinin rifah halı, həyat səviyyəsi xeyli dərəcədə yüksəlmişdir. Bütün bunları rayonumuzun timsalında da aydın görmək olar. Ölkə Prezidentinin müvafiq sərəncamları, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının tələblərinə uyğun olaraq rayonumuzda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bölgənin siması tamamilə tanınmaz olub. Şəhər mərkəzində, qəsəbə və kəndlərdə görülən quruculuq işləri ürək oxşayır.
Hesabat ilində Ağcabədi şəhərində həyata keçirilən abadlıq işləri mühüm əhəmiyyət kəsb edir. Şəhər ərazisində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yeniden qurulması, təmizlik işlərinin aparılması sahəsində mühüm addımlar atılmışdır.
Qeyd olunan dövrdə şəhərin Heydər Əliyev prospektində səkilərə 2300 kvadrat metr tamet, Ü.Hacıbəyli prospektində səkilərə 220 kvadrat metr tamet, 400 p/m bardür düzülmüş, səki kənarları 150 kvadrat metr ağ lay tavalarla üzlənmişdir. N.Nərimanov küçəsində də analoji tədbirlər həyata keçirilmişdir. Bütövlükdə, 2019-cu ildə şəhərin prospekt və küçələrinin abadlaşdırılması işinə 377 min 528 manat vəsait xərclənmişdir.
Həmin dövrdə rayon kommunal xidməti və mənzil istismar idarəsi tərəfindən şəhərin H.Əliyev, Ü.Hacıbəyli adına prospektlərində yerləşən 23 və 31 saylı, M.P.Vaqif küçəsində yerləşən 7 və 9 saylı binaların dam örtükləri yenilənmişdir.
Şəhər ərazisində “ASAN” xidmət mərkəzinin və 2 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Hazırda avtovağzal kompleksinin tikintisi davam etdirilir.
V.Mehdiyev qeyd etmişdir ki, hesabat dövründə şəhər əhalisinin təbii qaz, elektirik enerjisi, içməli su təminatı xeyli yaxşılaşıb. Küçə və meydanların təmizlənməsi daim diqqət mərkəzində saxlanılmışdır. Şəhər ərazisində pambıqçılıq, taxılçılıq və barama istehsalı ilə məşğul olan fermerlərin fəaliyyəti xeyli canlanıb. Onlar mövsüm ərzində ciddi uğurlara imza atıblar.
Natiq göstərmişdir ki, 2019-cu ildə nümayəndəlik ərazisindən respublikanın rəhbər təşkilatlarına 885 müraciət daxil olmuş, onların vaxtında həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Əhalinin müraciətlərinin dinlənilməsi, qəbulu, təşkili mövcud problemlərlə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmasına mühüm önəm verilmişdir.
Nümayəndəlik Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərində yaxından iştirak etmişdir. 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə məntəqələrdə bununla əlaqədar lazımi tədbirlər görülmüşdür.
Sonra hesabat məruzəsi ətrafında Ağcabədi şəhər bələdiyyəsinin sədri Solmaz Rəhimova, yaşıllaşdırma sahəsinin rəisi Asəf Quliyev, rayon Kommunal xidməti və mənzil istismar idarəsinin baş mühəndisi Cəbrayıl Cəbrayılov, şəhər 3 saylı uşaq bağçasının müdiri Kifayət Rəhimova, rayon Su Kanal idarəsinin rəisi Nizami Əsədov, şəhər sakini, ağsaqqal Oruc Axundov, bələdiyyə üzvü, şəhər sakini Çərkəz Ağayev çıxış edərək öz fikir və mülahizələrini bildirmişlər.
Hesabat yığıncağında Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov həmçinin şəhər sakinləri ilə qəbul keçirərək onların irad və şikayətlərini dinləmiş, aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Cənab başçı çıxış edərək, yaxın illərdə şəhərdə böyük abadlıq-quruculuq, tikinti işlərinin həyata keçirildiyini diqqətə çəkib. Qeyd edib ki, son illərə qədər şəhərin görkəmi belə ürəkaçan olmayıb, Ağcabədi şəhərdən çox kəndi xatırladıb.
Bu gün Ağcabədinin siması tamamilə dəyişib, tanınmaz olub.Rayonda görülən abadlıq-quruculuq işləri, yaraşıqlı binalar, yaşıllıq zolaqları, geniş işıqlandırma şəhərə xüsusi gözəllik bəxş edir.Yeni əkilmiş saysız-hesabsız yeni bəzək ağacları, gül-çiçəklər göz oxşayır.Şəhərin görünüşü yerli əhali və qonaqlara böyük zövq verir. Görülən işlərin nəticəsidir ki, əhalinin rifah halı, güzəranı yaxşılaşıb, daha da yüksəlib. Bütün bunlarla bərabər hələ görüləsi işlər çoxdur. Sosial əhalinin güzəranını yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq baxımından pambıqçılığı və baramaçılığı inkişaf etdirməliyik. Xüsusi ilə pambıqçılıqda xırda təsərrüfatları birləşdirib geniş kooperasyalar yaratmağa ehtiyac var. Şəhərimizdə mövcud olan ərzaq bahalığının qarşısının alınması üçün yarımarka bazarların, super marketlərin yeni filiallarının açılması diqqət mərkəzində olmalıdır. Tələbələrin və bütövlükdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət mərkəzinin yaradılması, həmçinin rayonda turizmin inkişaf etdirilməsi vacib məsələlərdəndir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışının sonunda şəhər icra nümayəndəliyinə və şəhər sakinlərinə işlərində uğurlar arzulamışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !