KİVDF-nin qara siyahı dan jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasında istifadəsi qəti doğru deyil -

““KİVDF-nin “qara siyahı”dan jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasında istifadəsi qəti doğru deyil”

“KİVDF-nin “qara siyahı”dan jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasında istifadəsi doğru deyil”
"“Qara Siyahı” inzibati tənbeh, cinayət məsuliyyətinə cəlb olunmaq deyil, eyni zamanda məhkumluq yaratmır ki, jurnalist hər hansı bir hüququndan məhrum edilsin"
-Şəmsəddin müəllim, Mətbuat Şurasının son məlum qərarında “qara siyahı”nın və paralel olaraq “Reket jurnalistikaya qarşı mübarizə” Komissiyasının ləğv edilməsi maraq doğurur...

- Bu adddım Azərbaycan Mətbuat Şurasının ölkədə gedən islahatlar fonunda qəbul etdiyi bir qərardır. Bir çox internet portallarının bizim qərarlardan sonra ləğv olunması, bir çoxlarının isə öz fəaliyyətlərində ciddi dönüş etmələri, yəni jurnalistlərin yazılarında vulqar ifadələrdən istifadə etməsinin aradan qaldırılması, peşə etikasını qorumaları, yazılarında obyektivliyə riayət etməsi Mətbuat Şurasını belə addım atmağa sövq etdi.
2009-cu ildən sonra ötən, təxminən 10 il ərzində artıq “Qara syahının” əhəmiyyətini itirdiyini gördük.
Ancaq bu o demək deyil ki, jurnalistlər öz yazılarında peşə etikasına əməl etməsə, əks tərəfin mövqeyini öyrənməsə, qeyri-peşəkarlığa yol verərsə, yazılarında obyektivliyə riayət etməsə Mətbuat Şurasının “Şikayətlər Komissiyası” buna münasibət bildirməyəcək. Əgər belə hallar baş verərsə Mətbuat Şurasının “Şikayətlər Komissiyası”nda baxılacaq, əgər ehtiyac olarsa “Etika Komissiyası” həmin mətbuat portalının və ya mətbu orqanının barəsində müvafiq qərar qəbul edəcək...
- Sizcə, olmazmı ki, hansısa fiziki və ya hüquqi şəxsin hansısa internet portalından, yaxud mətbu orqanından ciddi hüuqi mübahisə yaradan şikayəti varsa, Mətbuat Şurasına deyil, hüquq-mühafizə orqanlarına müraciət etsin?
- Yox, belə olmaz. Onda gərək, Mətbuat Şurası öz Nizamnaməsində dəyişiklik etsin ki, bu da Qurultayın səlahiyyətində olan məsələdir. Biz burada “Qara Siyahı”nı tamamilə ləğv edə bilmərik. Amma burda bir incəlik var. Elə mətbuat orqanı və ya internet portalı var ki, onların barəsində məhkəmə prosesi gedir. Belə olan halda Mətbuat Şurası onların barəsində olan həmin şikayətlərə baxmır. Tam səmimi deyirəm ki, son illər həm internet portalları, həm də mətbuat orqanları barədə Mətbuat Şurasının “Şikayətlər Komissiyası”na daxil olan şikayətlər sıfır dərəcəsindədir. İki il ərzində cəmi 4-5 xəbər portalı “Qara Siyahı”ya salınıb. Onlar da bizə müraciət ediblər ki, son vaxtlar öz yazılarında vulqar ifadələri işlətmirlər, əks tərəfin mövqeyini dinləyirlər və s. Bir sözlə, jurnalistin peşə etikasına əməl edirlər.
- Onda zəhmət olmasa, deyərdiniz, ictimai təşkilat olan Mətbuat Şurasının “Qara Siyahı”sından istifadə edib dövlət qurumu olan KİVDF-nin hər hansı portala və ya qəzetə yardım ayırmaması, orada çalışan jurnalistləri keçirilən yazı müsabiqələrindən təcrid etməsi, ehtiyacı olan jurnalistlərin evlə təmin olunmasından tutmuş, fəxri adların və yardımın verilməsinədək, bütün hüquqi imtiyazlardan məhrum etmək kimi sanksiya tətbiq etmək hüququ varmı?
- Xeyr! Bu “Qara Siyahı” jurnalistlərin digər hüquqlarını məhdudlaşdırmır, həmin qərar media mənsubları üçün cinayət və ya inzibati məsuliyyət yaratmır...
- Bəs, onda nə üçün KİVDF bu “Qara Siyahı”dan istifadə edərək bir çox tanınmış yazarları keçirilən müsabiqələrdən kənarda saxlayır?
- Bu barədə KİVDF rəhbərliyi ilə söhbət etmək və hüquqi ortaqlığa gəlmək olar, amma bu, bütünlüklə düzgün yanaşma deyil, onda biz vətəndaşı konstitusion hüququndan kənarlaşdırmış oluruq. Konstitusiyada təsbit edilmiş bərabərlik hüququ bu zaman pozulmuş olur. Bir daha qeyd edirəm ki, bizim “Qara Siyahı”mız bir həmkar qınağıdır. Bu inzibati tənbeh, cinayət məsuliyyətinə cəlb olunmaq deyil, eyni zamanda məhkumluq yaratmır ki, jurnalist hər hansı bir hüququndan məhrum edilsin. Biz bununla həmin mətbuat orqanlarına və portallarına demək istəyirik ki, sizin yazılarınızda vətəndaşın şəxsiyyətinə yönələn ifadələr yer almasın. Azərbaycan jurnalisti peşə etik qaydalarına zidd olan yazılar dərc etdirməsin. Ancaq bu o demək deyil ki, həmin media orqanları digər imtiyazlardan məhrum oluna bilər.
- Belə çıxır ki, KİVDF indiyədək adı “Qara Siyahı”ya düşmüş bəzi media orqanlarını qanunsuz olaraq bir çox müsabiqə və imtiyazlardan məhrum etmişdir...
- Mətbuat Şurası KİVDF ilə paralel fəaliyyət göstərən orqan deyil. Onlar dövlət qurumudur, biz isə qeyri-hökumət təşkilatıyıq. Digər suallara Fondun rəhbərliyindən cavab ala bilərsiniz. Vüqar Səfərli mətbuata açıq insandır...
- Jurnalistin “reketçiliyə” yol verməsi cinayət hadisəsi sayılır, amma bildiyimiz kimi, bəzi məmurlar reketçiliyə, korrupsiyaya yol verdiklərinə görə onların məsələsinə prokurorluq orqanları baxır, bu yaxınlarda 2 icra başçısı və bir müavin buna görə həbs edildi. Bəs, niyə eyni əmələ yol verdiyinə görə jurnalistlərin məsələsinə görə prokurorluq orqanlarına deyil, Mətbuat Şurasına müraciət edilir?
- Mətbuat Şurası cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən bir təşkilat kimi qəbul edilib. Təbii ki, dövlət qurumu deyil. Biz keçirdiyimiz monitorinqin nəticəsi olaraq hər hansı bir media orqanını bağlamaq səlahiyyətində də deyilik. Amma kim bizə prokurorluğa yox, bizə müraciət edir, onun şikayətinə hörmətlə yanaşırıq.
- Ola bilməzmi ki, bu mövzuda daxil olan şikayətlər birbaşa hüquq-mühafizə orqanına yönəldilsin?
- Qeyd edim ki, il ərzində Mətbuat Şurasına 450-dək şikayət daxil olur. Onun təxminən 90 faizi Şuranın səlahiyyətinə aiddir. Mətbuat Şurasının səlahiyyətlərinə daxil olan şikayətlərə “Şikayətlər Komissiyası”nda baxılır və müvafiq qərar qəbul edilir, qalan cinayət xarakterli şikayətlər isə sizin dediyiniz kimi, aidiyyəti üzrə göndərilir. Mətbuat Şurasının sonuncu qərarında da “Reket Komissiyası” ləğv edildi, “Etika Komissiyası” yaradıldı, bu da məhz bu məqsədə xidmət edir.
- Şəmsəddin müəllim, Mətbuat Şurasının “Reket Komissiyası”nın funksiyası təkcə mətbu orqanlarının əleyhinə qərar verməkdənmi ibarətdir? Komissiya üzvləri profilaktika baxımından həm də redaksiyaların iş şəraiti, jurnalistlərin fəaliyyətləri ilə yaxından tanış olsa, yaxşı olmazmı? Axı Mətbuat Şurası həm də jurnalistlərin dostu olmalıdır...
- Bilirsiniz, Mətbuat Şurasının “Şikayətlər Komissiyası”nın gəldiyi rəy əsasında “Reket Komissiyası” hər iki tərəfin mövqeyini dinləyərək qərar verirdi. Bəzi hallarda Komissiyada heç bir qərar qəbul olunmurdu. Çünki hərtərəfli araşdırmadan sonra belə qərara gəlinir. Qaldı ki, jurnalistlərin, internet portallarının və saytlarının durumuna, bu barədə Əflatun müəllim Milli Məclisin tribunasından dəfələrlə məsələ qaldırıb ki, onların durumu yaxşı deyil. Çünki onlara da çap məhsulları üçün ayrılan vəsaitdən müəyyən qədər verilməlidir. Qeyd edim ki, Azərbaycanda 4000-dək internet portalı var. Təbii ki, onların hamısına deyil, cəmiyyətdə müəyyən qədər nüfuzu olanlara müəyyən qədər dəstək verilməlidir.
-Mətbuat Şurasının üzvləri tez-tez xarici ölkələrdəki mətbuat qurumlarının nümayəndələri ilə görüşürlər, onlar da Şuranın qonağı olurlar. Maraqlıdır, Avropa ölkələrində də “Reket jurnalist” termini varmı?
-Bir hüquqşünas kimi dəfələrlə internetdə bu barədə axtarış vermişəm. Və çox fərqli mənzərələr üzə çıxıb... Onu da qeyd edim ki, Azərbaycanda mediada çalışan jurnalistlərin səviyyəsi Avropadakı jurnalistlərin səviyyəsi qədər deyil, davranışları da onlarınkından fərqlənir...
-Elə maaşları da bizimkindən qat-qat fərqlidir yəqinki...
-Qeyd edim ki, bizdə internet portallarında jurnalistlər peşə-etik qaydalarını hər gün pozur. Avropada ona görə “reket jurnalistika” termini yoxdur ki, orada hamı bir-birinə hörmətlə yanaşır, peşə kodeksinə riayət edirlər. Avropada jurnalist dəqiq olmayan məlumatı heç zaman yayımlamır. Orada jurnalistlər kiminsə barəsində yalan, şər-böhtan dolu yazılar dərc etmirlər və yüzdə-yüz qarşı tərəfin mövqeyini öyrənmədən xəbəri yayımlamaqdan imtina edirlər. Ona görə də Azərbaycanda vəziyyət fərqlidir... Nəhayət, 90-dək mətbu orqanının, portalların adı “Qara Siyahı”dan çıxarıldı və s. Bu addım təbii ki, mətbuatın inkişafına dəstək vermək üçün Mətbuat Şurasının apardığı islahatların nəticəsidir.
- Şəmsəddin müəllim, bəlkə bu həm də ona görədir ki, Avropada jurnalistin sorğusunu dərhal cavablandırırlar... Bayaq qeyd etdiniz ki, Azərbaycan jurnalistlərinin səviyyəsi Avropa jurnalistlərinin səviyyəsi qədər deyil. Amma bildiyimiz kimi, Avropa jurnalistlərinin əlindən oradakı məmurlar “qan ağlayır”, görəndə gizlənməyə yer axtarırlar. Orada jurnalistlər məmurların, məşhur insanların nəinki iş həyatına, hətta şəxsi-intim həyatına belə müdaxilə edir. Amma bizdə hər hansı məmurun nəinki şəxsi həyatından, adicə iş fəaliyyətindən bəhs edən tənqidi yazı dərc edəndə az qala jurnalistin dərisini soyurlar. Verilən sorğulara cavab vermirlər. Onlar da jurnalisti susdurmaq üçün ya Mətbuat Şurasına, ya da məhkəməyə müraciət edirlər. Hətta jurnalistin maşınını, evini də yandırmağa cəsarət edirlər.
- Təbii ki, hər hansı bir məmurun jurnalistin sorğusuna cavab verməməsi mülki, inzibati və hətta cinayət məsuliyyəti yaradır. Heç kimin ixtiyarı yoxdur ki, jurnalistin sorğusunu cavabsız qoysun. Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda da bu öz əksini tapıb. Lazım olan məsələ barədə jurnalist cavab almayanda məcbur olur başqa yola əl atır... Bütün bunların qarşısını almaq üçün mənim fikrimcə, jurnalistlər ixtisaslaşmalıdır.
-Elə məmurlar da ixtisaslaşmalı və maariflənməlidir...
-Bilirsiniz, poetik duyumu olan bir jurnalist gedib məhkəmədən reportaj, yaxud iqtisadiyyatdan yazı hazırlaya bilməz. Əgər jurnalistlər hər sahə üzrə ixtisaslaşsalar, onda onların suallarına da məmurlar cavab verərlər. Bu gün fəaliyyətdə olan portallar nə gəldi yazırlar. Yaxşı olar ki, qəzetlər kimi portallar da Ədliyyə Nazirliyində qeydiyyatdan keçsin və Mətbuat Şurasından lisenziya alsın. Bu zaman onlar etik qaydaları və əxlaq normalarını qoruyacaqlar. Axı bizim əxlaqımız, tərbiyəmiz, mədəniyyətimiz. Elə Mətbuat Şurasında yaradılan yeni “Etika Komissiyası” da məhz bu məsələləri araşdıracaq. Böyük Onore de Balzakın belə bir kəlamı var: “Mədəniyyət odur ki, hər şey öləndə o qalır”. Əxlaq da elədir. İnsan özünü əxlaqı ilə, mədəniyyəti ilə tanıdır. Yaxşı olar ki, bütün jurnalistlər bu kodekslərə əməl etsinlər.
Söhbətləşdi:
Elçin MƏMMƏDLİ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !