SÖZün vaxtı - -Kamran Nəzirlinin seçkiqabağı qeydləri...

SÖZün vaxtı -Kamran Nəzirlinin seçkiqabağı qeydləri...

Sosial şəbəkələrdə deputatlığa namizədlərimizi lağa qoyan bəzi vətəndaşlarımızın nəzərinə!

Kimə və nəyə lağ edirsən?
Övladımıza? Vətəndaşımıza? Millətimizə? Dövlətimizə? Konstitusiyamıza? Hüquqlarımıza? Azadlığımıza? Müstəqilliyimizə?.....
Dəxli yoxdu kimdi, nəçidi - halaldı, haramdı, çoxdu, azdı, xəstədi, sağlamdı, layiqdi, layiq deyil, piyadadı, At belindədi, dürüst adamdı, əyridi, şərafətlidi, şərafətli deyil, imanlıdı, imanlı deyil, bir, ya iki, ya min sifəti var, ya da heç sifəti yoxdu, qocadı, cavandı, kişidi, qadındı...hamısı bizimkidi! Axı onları biz böyütmüşük! Biz yetişdirmişik! Bizim vətəndaşlarımızdı! Bizim sudan içiblər, bizim çörəkdən yeyiblər, bizim havadan udublar! Onlar da bizim dərd-sərdən, ağrı-acımızdan, sevincimizdən, kədərimizdən, qayğılarımızdan, aclığımızdan-toxluğumuzdan, səhvlərimizdən, günahlarımızdan, saleh əməllərimizdən...doğulublar!
Kimə və nəyə lağ edirsən?

Doğrudanmı Sən bilmirsən ki, kənardan – Şərqdən, Qərbdən, Şimaldan, Cənubdan bizə minlərlə, milyonlarla göz baxır? Həqarətlə, nifrətlə baxanı var, düşmənçiliklə, qisasçılıqla baxanı var! Sevgiylə, qayğıyla, diqqətlə yanaşanı var! Həsədlə, həsrətlə, paxıllıqla, qısqanclıqla baxanı var!
Kimə və nəyə lağ edirsən?

Sənin siyasi şüurunun, düşüncənin, yanaşmanın təkmil olmamasına inanmaq istəmirəm! İnanmaq istəmirəm ki, Sən bunları bilərəkdən, ya bilməyərəkdən edirsən! İnanmaq istəmirəm ki, Səni təsir altına salıblar, dəmə gedirsən, emosiyaların, hissiyyatın, duyğu və ruhun sağlam deyil! İnanmaq istəmirəm!
Bəs Sən kimə və nəyə lağ edirsən?

Əgər MEYDANda boşluqlar, qüsurlar, problemlər, əyintilər...görürsənsə, onda SEÇKİyə gəl! Sən nə qədər laqeydsənsə, MEYDAN da bir o qədər zibilləşir, çirkləşir, vicdansızlaşır və amansız olur! Sən ÖZÜNƏ, SÖZÜNƏ, HÜQUQUNA, SEÇİMİNƏ necə hörmət edirsənsə, MEYDAN da sənə o cür yanaşır!
HÜQUQuna, DÖVLƏTinə, KONSTİTUSİYAna hörmət et! SEÇKİyə gəl!
Axı min illərdi qışqırırsan: gözüm TƏRƏZİdir! O TƏRƏZİyə haram qatma, SEÇKİyə gəl! HALAL səsini HALAL ADAMa ver!
Kamran Nəzirli
1 fevral 2020-ci il

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !