Ağdam rayonunda Əsgərə salam adlı fləşmob və əsgərlərlə görüş keçirilib - -FOTO=10 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağdam rayonunda “Əsgərə salam” adlı fləşmob və əsgərlərlə görüş keçirilib -FOTO=10 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanvarın 17-də “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər Gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil edib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib. Kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov jurnalistlərə müsahibəsində bildirib ki, “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulanların sayı 10 minlərlədir. Ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil aksiya çərçivəsində sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqləri ilə paylaşılıb. Müraciətləri nəzərə alaraq aksiyanın müddətinin uzadılması nəzərdə tutulur.
Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər.
Əsgərlər qarşısında çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov onları 2 fevral - Gənclər Günü münasibətilə təbrik edib. “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasının keçirilməsində əsas məqsədlərdən birinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyi nümayiş etdirmək olduğunu bildirib, növbəti tədbirlərin işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməyi arzu edib.
“Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi kitabça hərbi hissəyə hədiyyə olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !