ELAZIĞ ZƏLZƏLƏSİ (DEPREMİ) - Asif Rüstəmli yazir...

ELAZIĞ ZƏLZƏLƏSİ (DEPREMİ) Asif Rüstəmli yazir...

 Dünən axşam, saat 21.55-də Türkiyənin hər bir azərbaycanlı üçün əziz və sevimli məkanı olan Elazığ bölgəsində 6.8 bal gücündə zəlzələ baş verməsi məni də bərk sarsıtdı. Aradığım dostlardan telefon zənginə ilk cavab verən həmkarım, Fırat Universitetinin dosenti, doktor Süleyman Kaan Yalçın oldu. Onun verdiyi məlumatlar və seyr etdiyim video-görüntülər qəlbimi qanatdı, ürəyimi üzdü...
Elazığ tarixən Azərbaycanla könül bağlılığına, qardaşlıq əlaqələrinə malik olan məkandır.
100 il əvvəl general Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın, o cümlədən Bakının işğalçılardan, erməni-bolşevik hərbi bandalarından azad edilməsində əslən elazığlı olan Timur Hasan və Şevki Əfəndi qəhrəmancasına döyüşmüş və Bakıda şəhid olmuşlar. Timur Hasan Elazığın "İçərişəhər"ində - Harputda anadan olmuşdu və şəhid olanda 26 yaşı var idi. Hər iki elazığlı şəhidimiz Bakının yüksək, dağlıq hissəsində - Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın istiqlal şairi Almas İldırım ötən əsrin 30-cu illərində qanlı sovet repressiyalarından xilas olaraq ailəsi ilə Elazığa sığınmış, burada müəllimlik, məmurluq fəaliyyəti göstərmişdir. Orada Almas İldırımın yaşadığı ev mühafizə olunur, adını əbədiləşdirən caddə var. Elazığda müxtəlif illərdə Azərbaycan parkının, şəhidlər abidəsinin, Bəxtiyar Vahabzadə caddəsinin açılışında xoşbəxtlikdən mən də iştirak etmişəm. Elazığda fəaliyyət göstərən Manas nəşriyyatı Məhəmməd Füzulinin, Cəfər Cabbarlının, Almas İldırımın, Bəxtiyar Vahabzadənin və b. ədiblərin əsərlərini nəşr etmişdir. Bu sahədə xidmətləri olan Manas Yayıncılıkın rəhbəri Şener Bulut bəyə, prof.Ahmet Burana, prof.Ercan Alkayaya, dosent Süleyman Kaan Yalçına, dosent Seda Arıkana və bütün zəhməti keçənlərə dərin təşəkkürlər.
Elazığda 30 ildən çoxdur ki, hər il Beynəlixalq Həzər Şeir Axşamları festivalı keçirilir. Azərbaycandan hər il onlarla ədəbiyyatşünas, şair, yazıçı bu festivalın iştirakçısı olur. Bu beynəlxalq tədbirlərin böyük bir qismi klassik Azərbaycan şairlərinə həsr edilmişdir. Fərqli mərama malik tədbirlərdən üçünün iştirakçısı kimi müşahidələrimə əsasən deyə bilərəm ki, Elazığlıların Azərbaycan türklərinə qarşı dəfələrlə sevgi, məhəbbət coşkusunun, zəlzələsinin (depreminin) şahidi olmuşam. Onlar çox qonaqpərvər və istiqanlı insanlardır. İnanıram ki, Elazığlılar 24 yanvar (ocaq) zəlzələsinin acılarını, üzüntülərini yüzilliklərin tufanlarına, fırtınalarına sinə gərmiş Harput Qalası kimi təmkinlə, mərdanə qarşılayacaqlar. Çünki bütün Azərbaycan xalqı Elazığlıların yanındadır. Zəlzələdən həlak olanların qohumlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, həlak olanlara Allahdan rəhmət diləyirəm. Vətənin başı sağ olsun!
Bakı. 25.01.2020
Şəkildə: Servet Kabaklı, Paşa Əlioğlu, Nesrin Erdoğmuş və b. Elazığ. Azərbaycan Parkı, 2013. 5 mart

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !