Azərbaycanda ödənişli yola keçid nə vaxt tətbiq olunacaq? - - Rəsmi CAVAB

Azərbaycanda ödənişli yola keçid nə vaxt tətbiq olunacaq? - Rəsmi CAVAB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun APA-ya müsahibəsi.
- Bu il neçə kilometr yol inşa olunacaq və bunun üçün büdcədən nə qədər vəsait ayrılıb?

- 2020-ci ilin Dövlət İnvestisiya Proqramında 31 yeni layihəmiz, 2019-cu ildən 2020-ci ilə keçən 14 keçid layihəmiz var. Bu 31 layihə üzrə 980 km kənd və rayonlararası yolların tikintisi nəzərdə tutulub. Keçid layihələrə bir yerdə 1 160 km yolun çəkilişi bu ilin sonuna qədər gözlənilir. Dövlət başçısı tərəfindən həmin yolların çəkilişi üçün İnvestisiya Proqramında nəzərdə tutulan 503 mln. manat vəsait ayrılıb.
- Bildiyimiz kimi, iki magistral yoldan istifadənin ödənişli olması ilə bağlı hazırlıq işləri aparılır. Bu yollardan biri Ələt-Astara-İran sərhədi, digəri isə Bakı-Quba-Rusiya sərhədi avtomobil yollarıdır. Tariflər necə formalaşacaq? Bununla bağlı təkliflər hazırlanırmı?
- Bakıdan cənub istiqamətində, yəni İran İslam Respublikasının dövlət sərhədinə qədər olan yolun çəkilişi tam bitib və artıq iki ildir istismar olunur. Biz bu yolun çəkilişi zamanı həmin yola paralel olaraq alternativ yolun olmasından istifadə edərək dövlət rəhbərliyinə müraciət etdik ki, dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da ilk dəfə olaraq ödənişli yolların istismarını həyata keçirilməsi üçün bu yoldan ödənişli yol kimi istifadə edək. Bu ilk yol olduğuna görə qanunların hökumət tərəfindən tətbiqini nəzərə alaraq, tezliklə ödənişli yola keçidi tətbiq edəcəyik. Bu da ona görə gecikir ki, yolun 3,2 km hissəsi, hansı ki, İran sərhədinə birləşəcək, Astara şəhərinə daxil olmadan İran sərhədinə gedən avtomobillər üçün yolun inşası nəzərdə tutulub. Ölkə başçısı Astarada olanda Astara şəhərinin sakinlərinin müraciətinə uyğun olaraq göstəriş verdi ki, həm yük, həm də minik avtomobillərinin Astara şəhərinə daxil olmadan 3,2 km yolun yenidən tikilməsi və Astaraçay üzərindən yeni avtomobil körpüsünün tikintisini nəzərə alaraq, ödənişli yola keçidin tətbiqini dayandırmışıq. O yolun, yəqin ki, 2021-ci ilin I rübünədək tikintisi başa çatdırılsa, biz hökumətə həmin yolun təsnifatını, texniki xarakteristikasını təqdim edəcəyik ki, Tarif Şurası artıq ona uyğun olaraq qiymət təyin edəcək.
Amma Bakıdan şimal istiqamətinə gedən yolun çox hissəsində yolun çəkilişi artıq yerinə yetirilib və ölkə başçısı qarşısında söz vermişik ki, 2020-ci ilin may ayının sonuna qədər sözügedən yolun 100 km hissəsində ödənişli yolların tətbiq olunması istiqamətində istismarını təşkil edək. Lakin ümumiyyətlə, yolun çəkilişinin sona çatdırılması 2021-ci ilin birinci yarısında nəzərdə tutulub.
- Hazırda hansı irimiqyaslı layihələr həyata keçirilir?
- Hazırda ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər 131 km olan yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsini təmin eləməkdi. Bu yolda da tikinti işləri davam edir, 2021-ci ilin I rübünün sonunadək həmin yolun çəkilişi yekunlaşacaq və istismara veriləcək.
- Yollarda quraşdırılan dəmir sədlərin beton sədlərlə tam əvəzlənməsi nəzərdə tutulurmu?
- Biz artıq yeni yolların çəkilişində təhlükəsizlik səddi olaraq dəmir arakəsmələrin aradan götürülməsini təmin etmişik. Beton sədləri yəqin görmüşsünüz, Hacıqabul-Yevlax yolunun bir hissəsində bunu tətbiq etmişik, Bakı-Ələt-Astara yolu istiqamətində də tətbiq edilib. Yeni çəkilən şimal zonasına gedən yolda da tətbiq olunub, yəni mərhələlərlə təmir dövrlərində dəyişdiriləcək. Məsələn, Hacıqabuldan Ələt istiqamətində yolun 12 km hissəsini təmir etmişik və orda da metal sədlərin yerinə beton sədlər yerləşdirilib. Bu iş mərhələlərlə tezliklə aradan qaldırılacaq. O dövrdə metal sədlər nəzərdə tutulmuşdu, artıq bu, bizim təhlükəsizliyimizə fəsadlar törətdiyindən dəmir sədlərin aradan götürülməsini təmin edəcəyik.
- Yolların sıradan çıxmasına səbəb olan iritonnajlı avtomobillər tərəfindən yükdaşımaların tənzimlənməsi istiqamətində hansı işlər aparılır?
- Artıq biz mövcud və yeni tikilən yolların qorunmasının gücləndirilməsini nəzərə alaraq, tərəzi məntəqələrinin tikilməsini təmin edirik. Belə məntəqələrin tikilməsi iritonnajlı yükdaşımada oxa düşən yüklərin beynəlxalq standarta uyğun təşkil olunmasını təmin edəcək. Tezliklə siz bunun yolların qorunmasında şahidi olacaqsınız. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !