Gömrükçülər şəhidlərin əziz xatirəsini yad ediblər -

Gömrükçülər şəhidlərin əziz xatirəsini yad ediblər

 Dövlət Gömrük Komitəsinin əməkdaşları yanvarın 20-də - Ümumxalq Hüzn Günündə
20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni
zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 30 il əvvəl doğma
yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə
baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər
il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi
təşkilatların nümayəndələrilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də
Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib. Gömrük əməkdaşları
20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz
xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !