İtaliya mətbuatında Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub -

İtaliya mətbuatında Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub

 

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca De Maionun
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Qanlı 20 Yanvar
hadisələri ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən ölkəmizə qarşı qərəzli və yalan
məlumatları özündə əks etdirən “Ermənilərin Azərbaycan tərəfindən gizlədilən qətliamı”
adlı məqaləsi dərc edilib. Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd
Əhmədzadənin “La Verita” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu tam
şəkildə dərc olunub. Səfirin cavab məktubunda bildirilir:
“Mətbuatın italyan oxucularına çox da tanış olmayan tarixi məqamlara diqqət  ayırması
həmişə maraqlıdır. Ancaq təəssüflə bildiririk ki, cavab hüququndan istifadə etməklə dərc
olunmasını xahiş etdiyimiz bu məktubumun səbəbi müəllifin hadisələri dərindən
araşdırmadan Azərbaycan üçün faciələrlə dolu bir tarixi dövrü təsvir etməsidir. 
Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, məqalədə müəllifin erməni
propaqandasının qaynaqlanan məlumatlarla həqiqətdən uzaq bir şəkildə xatırlatdığı
məhz bugünkü 20 Yanvar tarixində Azərbaycan Qara Yanvarın 30-cu ildönümünü anır.
Ermənistanın bu propaqandasının məqsədi Ermənistan tərəfindən Azərbaycana qarşı
başlamış, çağdaş tarixdə Azərbaycan xalqına qarşı ən qanlı qırğınlarından biri olan Qara
Yanvar hadisələrinin də daxil olduğu faciəli hadisələrə səbəb olan Dağlıq Qarabağ
münaqişəsinin köklərini və mahiyyətini gizlətmək və təhrif etməkdir.
Həqiqət budur ki, 1990-cı il yanvarın 19-u gecə Sovet İttifaqının o vaxtkı prezidenti Mixail
Qorbaçovun göstərişi ilə 30 minə yaxın sovet ordusunun əsgəri Bakıya doğru irəlilədi.
Dəniz də daxil olmaqla, bütün istiqamətlərdən geniş miqyaslı bir hərbi əməliyyat silahsız
sakinləri, istisna edilmədən qadınları, qocaları və körpələri hədəf almağa yönəldilmişdir;
hətta təcili yardım sürücüləri və həkimləri vəhşicəsinə öldürülmüşdür. Zirehli tanklar və
hərbi nəqliyyat vasitələri içərisindəki insanlardan asılı olmayaraq mülki və təcili yardım
maşınlarını əzdilər. Hücum 147 mülki şəxsin ölümünə, 800-ə yaxın insanın
yaralanmasına səbəb oldu.
Qoşunların Bakıya və ölkənin digər şəhərlərinə daxil olmasında əsas məqsəd SSRİ
tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın xeyrinə birtərəfli, qərəzli və
yolverilməz siyasətə qarşı başlanan dinc nümayişlərin boğulması ilə əhalini susdurmaq
idi.
Human Rights Watch” təşkilatı "Azərbaycanda Qara Yanvar" adlı hesabatında qeyd edir
ki, "Həqiqətən 19-20 Yanvar gecəsində Sovet ordusu tərəfindən törədilən zorakılıq
azərbaycanlıların göstərdiyi müqavimətə nisbətdə o qədər qeyri-bərabər idi ki, bu,
kənardan kollektiv cəza kimi görünürdü”.
Qara Yanvar XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın
Azərbaycan bölgəsinə ərazi iddiaları və 250 min azərbaycanlının Ermənistandakı tarixi
torpaqlarından didərgin salınması ilə başlayan prossesin bir hissəsidir. 
Bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladı, bu da Dağlıq
Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın 20%-nin hərbi  işğalına, işğal
edilmiş ərazilərdə 750 min nəfər azərbaycanlıya qarşı etnik təmizlənməyə və həmin
ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdılmasına gətirib çıxardı. Ermənistan
beynəlxalq humanitar hüququ ciddi şəkildə pozdu və çoxsaylı müharibə cinayətləri, o
cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə münaqişənin ən faciəvi hadisəsi
olan, Ermənistan ordusu tərəfindən 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı
soyqırımını törətdi.

2

Müəllif mövzunu araşdırsaydı münaqişə barədə beynəlxalq sənədlər, o cümlədən BMT
Təhlükəsizlik Şurasının ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasına,
azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına dair
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamələr barədə də məlumat əldə edə
bilərdi.
Azərbaycan tarixən müxtəlif din və millətlərin sülh və harmoniya içində yaşadığı bir
ölkədir və Azərbaycanın multikulturalizm modeli beynəlxalq səviyyədə bir nümunə kimi
qiymətləndirilir. Ermənistan istər Ermənistanın özündə, istərsə də Azərbaycanın işğal
olunmuş ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə aparsa da, həmin ərazilərdə
Azərbaycana məxsus bütün tarixi və mədəni irsi məhv etsə də, ölkəmizdə on minlərlə
erməni mənşəli vətəndaşlar digər vətəndaşlarla eyni hüquqlara malikdir, Bakının
mərkəzində dövlətimiz tərəfindən təmir edilmiş erməni kilsəsi mövcuddur və orada 5
mindən çox erməni dilində kitab qorunur.
Qara Yanvar zamanı, habelə Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən
hadisələrin məqalədə verilmiş formada təsviri şəhidlərin xatirəsinə və işğal edilmiş
ərazilərdə öz yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum olan 1
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsizlikdir.
Bizim məqsədimiz qəzetinizin adında (La Verita' italyanca həqiqət deməkdir) qeyd
olunduğu kimi oxuculara həqiqəti çatdırmaqdır”. 
Səfirin dərc olunmuş cavab məktubu ilə bu keçiddən tanış olmaq mümkündür:
https://www.laverita.info/non-criminalizzate-i-martiri-azeri-2644879300.html

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !