"YÜKSƏL" LAYİHƏSİNİN RƏSMİ TƏQDİMATI KEÇİRİLİB - (Bağırzadə Əqdəs - AZpress.AZ)

"YÜKSƏL" LAYİHƏSİNİN RƏSMİ TƏQDİMATI KEÇİRİLİB (Bağırzadə Əqdəs - AZpress.AZ)

Yanvarın 15-də Heydər Əliyev Fondu və Bakı Kitab Mərkəzinin təşəbbüsü

ilə yaradılmış və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə həyata
keçirilən tələbə və gənclər üçün "YÜKSƏL" layihəsinin rəsmi təqdimatı
keçirilib.
Tədbirdə ADA Universitet və məktəbinin, Azərbaycan Dillər
Universitetinin tələbələri, habelə Təhsil Nazirliyinin “Bir”
Tələbə-Könüllü Proqramının üzvləri, Heydər Əliyev Fondunun və BP
nümayəndələri iştirak etmişlər.
Bir il müddətində reallaşdırılacaq “YÜKSƏL” layihəsi haqqında ətraflı
məlumat verərək, Mərkəzin direktoru Günel Rzayeva onun tələbə və
gənclərin dünyagörüşünü genişləndirmək, müəyyən bacarıqlarını, fərdi
keyfiyyətlərini inkişaf etdirmək üçün çox faydalı olacağına ümidini
bildirib.
Bu layihənin Heydər Əliyev Fondu tərəfindən dəstəklənməsini və BP
Azərbaycan şirkəti tərəfindən maliyyələşdirildiyini vurğulayan
G.Rzayeva həmin təşkilatlarının rəhbərliyinə dərin minnətdarlığını
bildirib.
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT)
regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli “YÜKSƏL” layihəsinin uğurlu
olacağına və cavanlarda kitaba marağın artmasına inandığını qeyd etdi.
Sonra uşaq və yeniyetmələr psixiatrı Orxan İsgəndərov layihə
çərçivəsində «İxtisas seçimi» mövzusunda seminar keçirtdi.
Seminar zamanı mühazirəçi ixtisas seçimində nəzərə alınmalı əsas
amillər, seçim mərhələsində yol verilən tipik səhvlər, peşə seçimi ilə
bağlı statistik göstəricilər barədə danışdı. Mühazirəçi, həmçinin,
hüquq, idman, səhiyyə və digər sahələrdə özünü doğrultmaq üçün vacib
olan keyfiyyətlərdən bəhs etdi. Sonda iştirakçılara O.İsgəndərov
tərəfindən tövsiyə olunmuş kitablar hədiyyə edildi.
Qeyd edək ki, “YÜKSƏL” layihəsi çərçivəsində Bakı Kitab Mərkəzində
ixtisaslarında yüksək zirvələrə çatmış və gənclərə ilham verə biləcək
mütəxəssislər tərəfindən hər həftə aparılacaq müxtəlif mövzularda
tələbələr və gənclər üçün ödənişsiz seminarlar təşkil olunur. Hər
seminardan sonra tələbələrə mühazirəçi tərəfindən tövsiyə olunan
kitablar hədiyyə edilir. BP Azərbaycan şirkəti “YÜKSƏL” layihəsinin
sponsoru olaraq bu kitabların alınmasına maliyyə dəstəyi göstərir və
bununla da Azərbaycan gənclərinin intellektual inkişafına töhfə verir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !