Pakistanda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir -

Pakistanda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir

 Pakistanda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir
"20 Yanvar - Ümumxalq Hüzn Günü"nün 30-cu ildönümü ilə əlaqədar olaraq
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın Preston
Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir.
Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan anım
mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, onların ruhuna
Qurandan ayələr oxunmuşdur.
Diplomatların, media mənsublarının, akademik dairələrin, incəsənət və ictimai
xadimlərin, eləcə də universitet tələbələrinin iştirak etdiyi tədbirdə Pakistanın Lok Virsa
irs muzeyinin direktoru Səcid Munir çıxış edərək 20 Yanvar hadisələrinin qardaş
Azərbaycan xalqınıın yaddaşına xüsusi olaraq həkk olunduğunu, Azərbaycanın
müstəqilliyinin bərpasına təkan verdiyini vurğulamışdır. Azərbaycan Respublikasının
Pakistandakı Səfirliyinin Pakistanın Preston Universiteti ilə birgə təşkil etdiyi "20 Yanvar
- Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi" adlı müsabiqə-sərgi komissiyasının
rəhbəri kimi, nümayiş olunan rəsm nümunələrindən də geniş məlumat topladığını qeyd
edən S.Munir, müsabiqə-sərgi haqqında, onun nəticələri, qalibləri haqqında məlumat
vermiş və təşkil olunmuş rəsm musabiqəsi və sərgiyə görə təşəkkkürlərini çatdırmışdır.
Anım mərasimində çıxış edən Preston Universitetinin rektoru Dr. Abdul Basit 30-
cu ildönümü qeyd olunan 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi önəminin
olduğunu, Sovet rəhbərliyinin qeyri-huquqi qərarı ilə günahsız insanların, qadın və
uşaqların qətlə yetirilməsi ilə səciyyələnən bu qanlı tarixin şanlı Azərbaycan dövlətinin
müstəqilliyinin bərpasına gətirib çıxardığını bildirmişdir. Dr. Abdul Basit 20 Yanvar
faciəsinin ağırlığını təsvir edərək bir çox sosialist ölkələrinin SSRİ-dən müstəqillik tələb
etməyə cəsarət etmədiyi bir vaxtda, Azərbaycanın bu addımı ata bildiyini diqqətə
çatdırmış və bu tarixi hadisənin ildönümünün, eləcə də Azərbaycan şəhidlərinin
xatirəsinin Pakistanda Azərbaycan Səfirliyi ilə birgə müxtəlif formatlarda daim qeyd
olunmasının məmnunluq yaratdığını vurğulamışdır.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar
hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin əhəmiyyətli mərhələsi olduğunu, hətta
erməniləşmiş sovet ordusunun xalqımızın azadlıq ideyalarını qıra bilmədiyini söyləmiş,
həqiqətən 20 Yanvar gününün tarixdə qanlı, eyni zamanda şanlı bir gün olaraq qaldığını
bildirmişdir. Əli Əlizadə müstəqilliyin əldə edilməsində liderlərin rolunun danılmaz
olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrindən dərhal
sonra verdiyi bəyanat nəticəsində Azərbaycan xalqının özünün yalnız olmadığını hiss
etməsi ilə ölkəmizdə müstəqillik hərəkatının yeni vüsət aldığını və genişləndiyini,
hərəkatın sonda Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsi ilə nəticələndiyini
qeyd etmişdir.
Səfir müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk
tanıyan ölkələrdən biri olduğunu vurğulamış və təcavüzkar Ermənistanı bir dövlət kimi
bugünədək tanımadığına görə, Pakistan dövlətinə və xalqına təşəkkür etmişdir. O,
Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu,

onları minnətdarlıq və daim həmrəyliklə yad etdiyini və hazırkı anım mərasiminin də
bunun bir bariz nümunəsi olduğunu vurğulamışdır. Əli Əlizadə həmçinin, 20 Yanvar
hadisələrinin 30-cu ildönümü ilə bağlı Preston Universitetində müxtəlif universitətlərin
tələbələrinin və həvəskar rəssamların iştirakı ilə rəsm müsabiqəsi və sərgisinin də
keçirildiyini qeyd edərək, sərginin təşkil olunmasındakı əməkdaşlığa görə təşəkkürlərini
və qaliblərə təbriklərini çatdırmışdır.
Sonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin
qaliblərinə və sərgi iştirakçılarına pul mükafatları, sertifikatlar və hədiyyələr təqdim
olunmuşdur. Həmçinin, Preston Universitetinin tələbələri tərəfindən müxtəlif səhnəciklər
nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və
digər əyani materiallar da yayılmış, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və
şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Tədbirdən görüntülər və
səfir Əli Əlizadənin müsahibələri Pakstan televiziyaları və digər kütləvi informasiya
vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !