Gülağa Tənha - "Bu kənd məni tanımadı"

Gülağa Tənha "Bu kənd məni tanımadı"

Xalq şairi Vahid Əziz Gülağa Tənhanın “Bu kənd məni tanımadı” şeirini oxuyaraq təhlil edir.

Vahid Əziz: "Nə qədər kəndini, el - obanı sevəsən, duyasan ki, bunları yazabiləsən. O kənd xoşbəxtdir ki, dərdini yazan var, amma gərək bunu eşidələr."


link: https://www.youtube.com/watch?v=Ox3t-7zlhBs


BU KƏND MƏNİ TANIMADI

– 1–
Məzarlığı özü boyda,
Heyrəti də gözü boyda,
Göz yaşları üzü boyda,
Bu kənd məni tanımadı.
Gözü qaynayan qalmayıb,
Toyda oynayan qalmayıb,
Yasda ağlayan qalmayıb,
Bu kənd məni tanımadı.
Hay deyəndə qarı çıxır,
Hoy deyəndə yarı çıxır,
İniltisi, zarı çıxır,
Bu kənd məni tanımadı.
Ot basıbdı yolu, izi,
Ocağında sönüb közü,
Biri gəlir, gedir yüzü,
Bu kənd məni tanımadı.
Min dərdi var, yazan yoxdu,
Avaz qalıb, azan yoxdu,
Ölənə gor qazan yoxdu,
Bu kənd məni tanımadı.
Qırışla bəzənib yanaq,
Saç ağarıb, niyə danaq.
Görən deyir: «Kimsən, qonaq?»
Bu kənd məni tanımadı.

Ərkivan, 18.03.1990

– 2 –

Həmin yoldu, həmin izdi,
Bu kənd məni tanımadı.
Göyü yenə qənirsizdi,
Bu kənd məni tanımadı.
Gəldim həsrət sorağına,
Düşdüm elin qınağına,
Əl uzatdım bulağına
Bu kənd məni tanımadı.
Ağbirçəyi baxdı, keçdi,
şimşək kimi çaxdı, keçdi,
Can mülkümü yıxdı, keçdi,
Bu kənd məni tanımadı.
Hər addımım heyrət oldu,
Heyrət həvəsimi yoldu,
Mat qalmışam…Gözüm doldu,
Bu kənd məni tanımadı.
Qanı qaynayanım yoxdu,
Yoxdu, bir həyanım yoxdu,
Məni tanıyanım yoxdu,
Bu kənd məni tanımadı.
Tale durubdu qəsdimə,
Dəyir ərköyün şəstimə,
İtlər atılır üstümə,
Bu kənd məni tanımadı.
Möhnət sığınıb gözümə,
Gülləri baxmır üzümə,
Yazığım gəlir özümə,
Bu kənd məni tanımadı.

Ərkivan, 15.03.1991

 

fotoqraf: Rasim Sadıqov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !