ŞAR əməkdaşı İtaliyada elmi ezamiyyətdə olub -

ŞAR əməkdaşı İtaliyada elmi ezamiyyətdə olub

 Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri“ şöbəsinin müdiri, f.r.e.d, prof. Nəriman İsmayılov 2019-cu ilin 18-20 dekabr tarixlərində İtaliyanın Siciliya əyalətinin Kataniya şəhərində elmi ezamiyyətdə olub.
Ezamiyyətin məqsədi 10-cu beynəlxalq OPTİCON Gaia mitinqində iştirak etmək, həmin misiyada ŞAR-ın müşahidə cihazları və avadanlıqları haqqında geniş məlumat vermək, gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasının da bu konsorsiuma qoşulma perspektivini müzakirə etmək olub.
Bu işgüzar mitinqə Avropanın aparıcı ölkələrini təmsil edən 50 iştirakçı qatılıb. Məruzələrin əsas mövzusunu Gaia missiyasının müşahidə imkanları, alınan nəticələr və hazırda bu materialların işlənmə metodları təşkil edib. Görüşdə həm də tranzient (qısa müddətə qeyri adi xassə göstərən obyektlərin) obyektlərin çağırış əsasında müşahidəsinin vacibliyi qeyd olunub, bu istiqamətdə teleskopların robotlaşdırılması, avtomatik müşahidələrin vacibliyi qeyd edilib.
Nəriman İsmayılov ezamiyyəti müddətində konsorsium rəhbərləri ilə Şamaxı rəsədxanasının OPTİCON çağırış proqramları çərçivəsində müşahidə proqramlarında iştirakı məsələsini müzakirə edib. O, müzakirə zamanı ŞAR-ın müşahidə cihazları və ümumən rəsədxana haqqında çıxış edərək geniş məlumat verib. Müzakirənin yekununda Şamaxı rəsədxanası, beynəlxalq səviyyəli Gaia OPTİCON çağırış konsorsiumunda iştirak etmək imkanı qazanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !