ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub -

ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin magistr tələbəsi Masər Həsənov ABŞ-da kecirilən XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (11th Independent International Internet Short Film Festival) mükafat qazanıb. Masər Həsənovun "Qığılcım" filmi "Tamaşaçı rəğbəti" nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb.
Qeyd edək ki, ADMİU SABAH qruplarının Rejissorluq ixtisasının məzunu olan Masər Həsənov hazırda Kino və Televiziya fakültəsində görkəmli kinorejissor Xalq artisti Eldar Quliyevin kursunda magistr pilləsi üzrə təhsil alır. ADMİU-nun magistri fiziki məhdudiyyəti olmasına baxmayaraq, bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir.
Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb.
Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə IX Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (9th Independent International Internet Short Film Festival) iştirak edib və birinci dərəcəli laureat seçilib,
2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb.2019-cu ildə gənclər üçün prezident mükafatı ilə təltif olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !