Ağcabədidə Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb - -FOTO=59 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb -FOTO=59 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi anılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə tər çiçəklər qoyub, xatirələrini ehtiramla yad ediblər.
Etibar İsmayılovun ailə üzvlərinin, müəllimlərinin, döyüş dostlarının və kənd sakinlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinə yazaraq Vətənimizin müdafiəsində iştirak edib. Bir sıra döyüşlərdə igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atan Etibar İsmayılov onu ekipajla birlikdə məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün təhsil aldığı Hindarx qəsəbə tam orta məktəbi onun adını daşıyır.
Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !