MTRŞ narazıdır: - Bəzi aparıcılar Azərbaycan dilinin ədəbi normalarına riayət etmir

MTRŞ narazıdır: “Bəzi aparıcılar Azərbaycan dilinin ədəbi normalarına riayət etmir”

Ötən il ərzində teleaparıcıların fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklərdə ədəbi dilin qorunması istiqamətində MTRŞ-nin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının birgə həyata keçirdiyi layihələr mühüm rol oynayıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının açıqladığı illik hesabatda qeyd olunub. Şuranın hesabatında qeyd olunub ki, il ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb.
Həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilib:
- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;
- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;
- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi; aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi;
- bəzi aparıcıların ləhcədə danışması;
- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;
- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.
Hesabatda o da qeyd olunub ki, il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilib.
Şura onu da qeyd edir ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Ekspertiza, proqramlaşdırma və analitik şöbə tərəfindən monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radiokanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilib.
Aparılmış monitorinqlərin nəticələri barəsində Şura sədrinə mütəmadi hesabatlar təqdim edilib, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə teleradio yayımı ilə bağlı yer almış materiallar araşdırılaraq müəyyən təhlillər aparılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !