İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -

 ŞAHMAT

------------------------------------------------

Şıhriyar Məmmədyarov ilk üclükdə


Rusiya Federasiyasının paytaxtı Moskvada şahmatın rapid və blits (sürətli) növü üzrə kişi və qadınlar arasında keçirilən dünya çempionatı davam edir. 5-i qadın olmaqla 11 Azərbaycan şahmatçısının da qatıldığı mundialın rapid yarışında ilk 5 turun oyunları geridə qalıb. Hələlik həmyerlilərimiz arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 5 turdan sonra aktivinə 4,5 xal yazdıran azərbaycanlı qrossmeyster onunla eyni sayda xal toplayan 5 şahmatçı arasında üçüncüdür. Daha bir şahmatçımız Qədir Hüseynov isə hazırki dünya çempionu Maqnus Karlsenlə (Norveç) birlikdə 4 xalla 6-12-ci yerləri (7-ci yer) bölüşür. Təəssüflər olsun ki, qadınların analoji yarışında vəziyyət heç də ürəkaçan deyil. Gülnar Məmmədova 4 turdan sonra 2,5 xalla 121 iştirakçı arasında 44-cüdür Hərəyə 2 xal toplayan Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva isə müvafiq olaraq, 54 və 67-ci pillədədir. 207 kişinin mübarizə apardığı rapid yarışı 15 turdan, qadınlarınkı isə 12 turdan ibarətdir. 29-30 dekabrp günlərindəsə blits yarışı keçiriləcək. Yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.

========================================
GÜLƏŞ
-----------------------------------------
Pəhləvanlarımız Türkiyəyə yollanıblar



Sərbəst güləş üzrə yığmamız bu gündən ölkə xaricində növbəti təlim-məşq toplanışına (TMT) başlayıb. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, millimiz yanvarın 13-dək Türkiyədə həm fiziki, həm də taktiki-texniki hazırlıq keçəcək. İstanbulda təşkil olunan TMT-də Azərbaycan və Türkiyə ilə yanaşı, daha bir neçə ölkənin komandası bir araya gəlib.Heyətə gəlincə, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında başlanan toplantıya 18 güləşçi cəlb edilib. Bu 18-likdə Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıb.Toplantıda məqsəd Olimpiya təsnifatlı yarışlara hazırlıqdan ibarətdir. Yeri gəlmişkən, toplanışın yekununda millimizin üzvləri Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaq.

İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !