Coğrafiya İnstitutunda "Məndə sığar iki cahan" adlı tədbir keçirilib - -FOTO=6

Coğrafiya İnstitutunda "Məndə sığar iki cahan" adlı tədbir keçirilib -FOTO=6

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın böyük şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı tədbir keçirilib.
Tədbiri Coğrafiya və Fəlsəfə institutları Qadınlar Şuraları birgə olaraq təşkil ediblər.
Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov giriş sözü ilə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin şərq ədəbiyyatı tarixində tutduğu movqeyindən, yazdığı əsərlərin əhəmiyyətindən söhbət açıb. O bildirib ki, Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Nəsimi kimi dahi mütəfəkkir şairin qiymətini məhz elm adamları verə bilərlər. Nəsimi, Füzuli, Nizami kimi şəxsiyyətlər Azərbaycanın dünya ədəbiyyatına verdiyi töhfələrdəndir ki, onlar beynəlxalq səviyyədə qiymətləndirilmiş və yubileyləri YUNESKO tərəfindən qeyd edilir. Dahi şairin 6 əsr öncə yazdığı əsərlər indi də sevə-sevə oxunur, şerlərindəki fəlsəfi fikirlər alimlər - ədəbiyyatşünaslar, dilçilər, filosoflar tərəfindən araşdırılıb öyrənilir. Və bu gün də bu bitməyən ümman haqqında hələ də deməyə yeni fikir, yeni söz vardır.
Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri Luiza Salayeva çıxışında Ulu öndər Heydər Əliyevin Nəsimi irsinin araşdırılmasındakı və onun geniş xalq kütlələrinə daha dərindən tanıdılması sahəsindəki xidmətlərindən danışıb. O qeyd edib ki, dünya miqyaslı mütəfəkkir şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər - 600 illik yubileyinin dünya səviyyəsində keçirilməsi, heykəlinin ucaldılması, əsərlərinin toplu halında nəşri, çoxsaylı ədəbi nümunələrin yaranması məhz onun səyi və qəbul etdiyi qərarlar nəticəsində həyata keçmişdir.
Sonra Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əli İbrahimov “Nəsimi poeziyasında kamil insan məfhumuna fəlsəfi baxış” mövzusunda məruzə ilə şairin şerlərindəki fəlsəfi fikirlərə aydınlıq gətirib.
Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları - Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyev, Fəlsəfə İnstitutunun aparıcı elmi işçi, s.e.f.d. Məmmədağa Sərdarov İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyasından, fəlsəfi fikirlərindən söz açıblar.
Sonda şairin həyat və yaradıcılığı haqqında Coğrafiya İnstitutu İctimai əlaqələr şöbəsinin əməkdaşları Xanım Rzazadə və Murad İsmayılovun hazırladıqları video çarx nümayiş etdirilib.

AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !