Könül ki var, şüşədir - -Təranə Məmmədova yazır

Könül ki var, şüşədir -Təranə Məmmədova yazır

Təranə MƏMMƏDOVA
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin sədri

1.

Harada ağılın gücü tükənirsə, orada qolun gücü işə düşür... İş o deyil ki, kimsə kiməsə şiddət göstərir. Başqasının heysiyyətinə toxunan hər hansı neqativ davranış - bağırtı, xəyanət, paxıllıq... Heç də fiziki təzyiqdən az təhlükəli deyil, hətta daha amansızdır; çünki fiziki şiddətdən dəri, yaxud əzələ zədələnirsə, mənəvi-psixoloji hücumlar qəlb qırır, könül sındırır.
Sınan qol sümüyü bitişir, sınan qəlb isə heç zaman bitişmir.
Bir şeirdə deyildiyi kimi:
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Könül ki, var şüşədir -
Sınsa onu kim yamar!?

İnsanın həyatını zənginləşdirən varlıqlar, davranış örnəkləri hədsizdir. Bir rus yazıçısı (M.Qorki) demişdi ki, səhərlər günəşin çıxmasını seyr etmək dünyanın ən doyulmaz həzzidir. Mən isə indiki düşüncələrim sırasında bu deyimə onu da əlavə edirəm ki, hər gecənin ötüb keçməsi, hər səhərin gəlişi naminə yaşamağa dəyər! Lap heç bolluca sərvətin olmasın, lap heç dünyalarca şöhrətin olmasın, sadəcə sağlam can və sağlam əxlaqla səhərin salamına durursansa, özünü xoşbəxt saya bilərsən! İnsan qəlbindəki bəxtiyarlığın anatomiyası görün nə qədər sadədir?! Məsələ burasındadır ki, bu sadəliyin tel-tel çözümü, onun idrakla incələnməsi mürəkkəbliyi meydana çıxarır. Yəni nəinki mürəkkəb sadələrdən yaranır, əksinə, sadənin özü mürəkkəbdir. Ən sonuncu zərrəciyin bölünməsi sona qədər başa çatmır, çünki kainatın təbiəti sonsuzluqdur. Milyon illər ərzində beşikdən başlayıb məzarda bitən insan yolu, Anadolu türkləri demiş, dirək uçuşdur. Belə çıxır ki, ömrü bir düz xətt boyunca başa vurmaq üçün sadəcə səbrini basıb illərin ötüb-keçməsinə dözüm göstərməlisən... Mən belə yanaşmanı kütlə sindromu adlandırardım. Halbuki insan təkamülün məhsuludur; istər zahiri, istərsə də daxili mənada. Ç.Darvinin ruhu şad olsun, insanın meymundan çevrilməsi xeyli arxaikləşmişdir və belə görünür ki, daha o, müzakirə mövzusu deyil. Müasir dövrdə bir çox humanitar elmlərə məxsus alimləri, bəlkə də onların hamısını insanın daxili təkamülü fasiləsiz düşündürür. 40-12 min il bundan əvvəl indiki qiyafəsini qazanan, kahadan ayrılan, birgəyaşayışa öyrəşən insan görəsən, mənəvi təkamül sahəsində başlanğıc nöqtədən neçə era uzaqlaşa bilmişdir? Başqa sözlə, biz hansı miqyasda kamilləşə bilmişik? Gəlin bu suala müsbət cavab verməyə çalışaq. Arxeoloji dəlillər çox qədimdir, saxsı parçaları, daş, sümük, metal, keramik irs üzərində baş sındırmaq, düşünürəm ki, bizi indiki mövzumuzdan əsaslı şəkildə uzaqlaşdıra bilər. Ən yaxın tarixi, məsələn, üç min illik bir dövrü götürək. Zaman bizə yaxın olduğuna görə inkişafın izləri solmayıb. Hətta mifoloji söylənişlər belə canlıdır və az qala bizim arqumentləri dəstəkləyən dəlillər, sübutlar kimi görünür. Bəli, bəşər tarixinin son 3 min ili onu, yəni insanı dünyanın əşrəfinə çevirmişdir. İnsan yer planetinin hakimidir. Hətta o, kosmosa nüfuz etməyi də bacarmışdır.Təbii sarsıntılar nəzərə alınmasa (hətta bəzən ona da təsir imkanları sərgilənir), cəmiyyətdə, məişətdə, intellektdə, tibdə, estetik fəaliyyətdə mövcud olan bütün proseslər idarə edilir. İnsan dünya sərvətlərindən bəhrələnmək, törəyib-artmaq və yaşamaq üçün fövqəladə arsenala malikdir. Şüur - bacarıqlı əllərlə birləşərək nələr yaramayıb - hava yolu, dəniz yolu, dəmir yolu, dürlü-dürlü nəqliyyatlar, kitab, məişət texnikası, kommunikasiya vasitələri, internet məkanı... Bəşəriyyətin uzaq keçmişi fərziyyələrlə doludur. Amma 3-4 minillik zaman kəsiyində əldə olunmuş nailiyyətlər nisbətən aydın görünür və həqiqətən də fövqəladədir.

2.

Müasir dünyanın müəllifi insandır. Yaratdıqlarının mühafizəsi üçün o, Allahı yaratmaqdan da çəkinməyib. Yaxşı, belə cəsarət və fərasət ortadadırsa, biz cəmiyyətimizi, özümüzü, nəhayət ki, kamil adlandıra bilərikmi? Hələ ki yox! Mənim söhbətim bu barədədir. Daha doğrusu, kamilləşmə yolunda hələ də insanın daxili dünyasına aid neqativin (neqativlərin) qaldığını sübut edən bir psixoloji davranışı oxuduqlarım, bildiklərim, təcrübə və müşahidələrin əsasında izah etmək niyyətindəyəm.
Elə indicə nəzərdən keçirilməsinə zərurət yaranan insan xarakterindəki həmin halın adını da biləcəksiniz: Bu, aqressiyadır!
Psixologiya, hələ ondan çox-çox əvvəl fəlsəfə elmi ilkin başlanğıcın dual təcəllasına (gecə-gündüz, soyuq-isti, xeyir-şər) geniş nəzər salmışdır. Fərz olunur ki, kainat sonsuzluqdakı ilkin partlayışdan yaranmışdır. Mən bu törənişin elmi izahını verməkdə ən azı gücsüzəm. Amma deyək ki, belədir. Partlayış nədir? Yığılmış aqressiyanın yaylım atəşi! Belə çıxır ki, dar mənada lənətlənən aqressiya mifoloji də olsa kainatı yaradan ilk təkandır. Bu kosmoqonik yarımhəqiqətə istinadımızın məqsədi aqressiyanın hələ insanın yaranışından əvvəl də mövcud olduğuna eyham vurmaqdır. Başqa sözlə, aqressiya hadisəsi təbiət əsaslıdır. Hardasa oxuduğum maraqlı əhvalatlardan birində deyilir ki, kainatda, Yer planetindən az qala sonsuz uzaqlıqda ulduz müharibələri gedir. Göylə işimiz yox, əgər mən təbiətdə baş verən dağıdıcı sunamiləri, selləri, qum çovğunlarını (səmum yeli), qlobal istiləşməni, qlobal buzlaşmanı təbiətdə baş verən aqressiv hallar adlandırsam, bilmirəm bu fikirlə razılaşarsınız, ya yox. Atamdan eşitmişəm, yəqin o da bu bənzətməni hansı bir mənbədənsə oxuyub, deyir ki, XII əsrdə Gəncədə baş verən və dəhşətli qırğınlar törədən məlum zəlzələ həm də iki möcüzə, iki kamil gözəllik də yaratdı: Göllər gözəli Göy-Göl və dahi Nizami Gəncəvi! Həqiqətən də həmin zəlzələyə qədər dünya xəritəsində Göygöl adda bir dəryaça olmayıb. O ki, qaldı Nizami Gəncəvinin yaranışı məsələsinə, əlbəttə, bu, obrazlı düşüncənin məhsuludur. Çünki Nizami Gəncəvi dünya ədəbiyyatında Qabriel Qarsia Lorka demişkən, özü bir "duenda"dır (duenda - ispanca zəlzələ deməkdir) və o, bu füsunkarlığa böyük zəhməti, mütaliəsi sayəsində sahib olmuşdur.
Dərk olunan, başqa sözlə, dərk etməyə yararlı şüurun tarixi insanlığın tarixidir. Şüurla bağlı hər şeyin başlanğıcını orada, yaranışın zəmin qatında axtarmaq lazımdır. İnsan həyatında təsadüflər çox azdır və bu, hardasa mexaniki (texniki) məsələdir. Deyək ki, bizim çevrəmizdə, yaxud daxilimizdə hansısa bir hal təzahür edir. Onun xarakterini, təbiətini anlamaqda aciz qalırıq. Dərin fikirlərə qərq olmağa dəyməz. Baş verdiyi anda anlamadığımız ovqat (hal), sizcə, psixoloji yaddaş deyilmi? Niyə övladlar valideynlərə bənzəyir, yaxud ulu babalarından qalma adət və vərdişləri təkrarlayırlar? Bu da yaddaşdır, qan yaddaşı, genetik yaddaş, irsiyyətdir. Bax indi, mənim bütün mülahizələrimin mütləq elmi yanaşmadan daha çox fərdi mahiyyət daşıdığını nəzərə almaqla, deyə bilərəm ki, aqressiya dediyimiz davranış, psixoloji-tibbi-sosial məna verən həmin bu anlayış insanın özü qədər qədim dünyagörüşüdür. Hələ bu da azdır. Bir az irəlidə biz sunami, zəlzələ, daşqın, sel, tufan, istiləşmə, buzlaşma kimi təbii-fiziki hadisələri də kainatın qlobal aqressiya halına bənzətdik. Aqressiyanın izahı baxımından təbiətdəki digər canlılara, məsələn, heyvanların davranışlarına ötəri bir nəzər salaq. Xüsusən kənd yerlərində bəzən kiçik yaşlı oğlan uşaqları arı pətəyinə daş atır, yaxud da ona çubuqla toxunurlar. Əslində, arı pətəyi aqressiya yuvasıdır. Ona toxunan anda səndən neçə yüz min dəfə xırda cücülər üstünə hücum çəkəcək. Çünki sən aqressiv qaydada onun evinə təcavüz etmisən. Aqressiya aqressiya doğurur. Yalandı deyirlər ki, it aya hürür, canavar üzü ay işığına tərəf ulayır. Bu, bir xalq ironiyasıdır. Əslində, mənə elə gəlir ki, hürən it də, ulayan canavar da qorxunu qovur, canından aqressiyanı çıxarır, yaxud maddi ehtiyaclarına qarşılıq tələb edir. Əgər heyvanların ağlı olsaydı, onlar öz tələbatlarını yalnız yırtıcılıq yolu ilə deyil, başqa vasitələrlə də ödəyə bilərdilər. Şüur fövqəladə üstünlükdür. Şüur yox olduqca güc artır, bəlkə buna görə də heyvanların aqressiyası öz titanikliyinə, şiddət dərəcəsinə görə insan aqressiyasından qat-qat güclüdür. Amma insan ağlının gücü də hələ ki, ən azı bizim dünyada mütləq hakimdir və o, tənzimlənəndə Allahın ağlının gücü çatmayan müşkülləri də çözə bilir. Bütün bunlarla yanaşı, insan aqressiyasının hansı şəraitdə, necə bir mühitdə törəməsindən asılı olmayaraq, o, ən azı təcavüzkar səciyəsinə görə təbiətin mahiyyətindəki aqressiya ilə oxşardır. Yeganə fərqliliyi şüur müəyyən edir.

3.

Dini mifologiyaya əsasən, obrazlı mülahizə irəli sürmək istəsək, onda deməliyik ki, bir buğda dənəsi (bəziləri alma deyir) üzündən Adəm babamızla Həvva nənəmiz cənnətdən yerə qovulanda Allah insana qarşı çox qəzəbli və aqressiv idi! Bunu bilməyən yoxdur. İnsan, hər necə olur-olsun, bir az da aqressiyanın övladıdır. Bəlkə elə buna görə hansı bir şəkildəsə radikal hərəkətlər, təcavüz xisləti baş qaldıranda adamı Allahla qorxudur, göylərin qəzəbilə lənətləyirlər.
Sovetlər dönəmində, ictimai aqressiyanın təzyiqinə dözməyib həyatdan vaxtsız gedən (38 yaşda) bənzərsiz şairimiz Əli Kərimin çoxlarına məlum olan möhtəşəm bir şeiri var. O şeir "Daş" adlanır. Səhv etmirəmsə, bu əsər əsasında cizgi filmi də çəkilib. Şair təsvir edir ki, qədim, yarımvəhşi insan bir daş atdı (yəqin ki, ov vurmaq məqsədilə, bəlkə də elə belə anlaşılmazlıqdan) o daş əsrləri, eraları, qalaktikaları, meridianları yara-yara uçdu, uçdu. O daş yaya, oxa çevrildi, qılınc-qalxan oldu, tank oldu, ölüm saçan qırıcı təyyarəyə döndü, o daş atom, neytron oldu... "Daş" adlı şeiri orijinal qaydada misal çəkə də bilərdim, amma yadımda uzun illərdən bəri necə qalıbsa, eləcə xatırladım. Məsələ bunda deyil, məsələ ondadır ki, insanın aqressiyası tarixi mahiyyətini hifz etməklə bərabər, həm də insanın şəcərəsi kimi davam edəndir, tükənməyəndir. Zaman yalnız təsvir formasını dəyişdirə bilir. Qədim, yarımvəhşi insanın, həmin o aqressiv natamamın atdığı daş hələ də müxtəlif növ silahlara çevrilir, qan-qada törədir.
Tarixdə zülmə əsaslanan, baş kəsib qan tökən quruluşlar olmuşdur. İslamdan əvvəl Ərəbistanda cahiliyyə adlanan dövrdə cəmiyyətin qız uşaqlarına qarşı aqressiyası bu gün də hiddət doğurur; o günahsız mələkləri məhz qız doğulduğuna görə diri-diri torpağa basdırırmışlar...
Mifoloji mətnlər sübut edir ki, ən qədim dövrlərdən insan aqressiya və şiddət kabusunun varlığını anlamış, onun mifik obrazlarını yaradaraq şərə qarşı mübarizə aparmış, hətta bir çox hallarda divlərə, cinlərə, təpəgözlərə qalib gəlmişlər.
Aqressiya zülməti nikbinlik işığından yarasa kimi qorxur!
Aqressiya ilə bağlı ümumi yanaşmadan çıxış edərək bu mövzunun ağıllı insana məxsus, yəni sonrakı ictimai-iqtisadi formasiyalardakı təzahürünü izləmək lazım gəlir. Əlbəttə, bizim araşdırmalarımız mövzunun müasir şəkli ilə bağlı olmalıdır. Ona görə də tarixi aqressiyanı burada, ən azı hələlik bir kənara qoyub aqressiya mövzusu ilə bağlı indiki zamanın "exo"sunu dinləməyə çalışaq.

4.

Psixoloji ədəbiyyatda aqressiya sözünün hərfi mənası "hücum etmək" məstəri ilə ifadə edilir. Deyilir ki, zərər vermək məqsədilə bir canlı varlığın digər canlı varlığa fiziki, mənəvi, psixoloji təcavüzü aqressiyadır. Elə hallar olur ki, insanın aqressiyası cansız əşyalar üzərinə də yönlənə bilir... Müasir açılımdan mövzuya dair çoxlu suallar da var; məsələn, mütəxəssislər araşdırıblar görsünlər aqressiya irsidirmi? Yoxsa o, konkret halda götürülən mühitin törəməsidir? İnkardan söhbət gedə bilməz. Müəyyən faiz dərəcəsilə hər iki sualı təsdiqləmək imkan daxilindədir. Xalqda misal var, ət yeyən quş dimdiyindən bilinər. Mən bilən, elmdə irsiyyət fenomeni inkar olunmur. Ən azı ona görə ki, dünyaya göz açan uşaqların fəallıq, hərəkətlilik dərəcəsi müxtəlifdir. Elə uşaqlar var ki, onlar lap körpəlikdən ipə-sapa yatmırlar. Bəzən böyüklər öz təəccüblərini gizlədə bilməyib deyirlər: "Ay Allah, bu uşağın atası-anası ipək kimidir, gülərüz, sakit, mehribandırlar. Bəs belə qaraqabaq, adamayovuşmaz, dəcəlxata övlad hardan peyda oldu?" İrsiyyətin aqressiya halına təsiri bu psixoloji essenin əhatə dairəsindədir, amma indiki halda müəllifin bilgiləri onu davam etdirməyə yetərsizdir. Öncə deyilənlər isə bəlkə düşünmək üçün kimlərəsə ipucu verə bilər.
Aqressiyanın yaranıb formalaşması, gizli bir tufan kimi insan varlığında zaman-zaman yuva tutub qəflətən püskürməsi heç şübhəsiz, mühitdən, cəmiyyətdən kənarda düşünülə bilməz. Aqressiyanın törənməsində, yaxud onun aradan qaldırılmasında mühitin rolu müstəsnadır. Belə deyək, əgər insan rəqib qorxusu keçirməsə, özünə qarşı düşmənlərin mövcudluğunu uydurmasa, ətrafdan, insanlardan zövq almağı bacarsa, tamahdan, xəbislikdən uzaq olsa, kifayət dərəcədə savad qazansa, qonşusunu, bir xalq məsəlində deyildiyi kimi, "iki inəkli" görmək istəsə, ailələrdə qarşılıqlı sevgi, inam, hörmət hökm sürsə, valideynə, yaşlı insanlara ehtiram həyat normasına çevrilsə və s. və i.a. sizcə, insan qəlbində aqressiyaya, şiddət göstərmək düşüncəsinə yer qalarmı? Böyük Nizami Gəncəvi deyir ki:
Elə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə!

Necə düşünürsünüz, hər bir fərdin bütün insani tələbatlarının ödənildiyi bir cəmiyyətdə aqressiyadan söhbət gedə bilərmi?

5.

Mütəxəssislərin fikrincə, aqressiya ikili təbiətə malikdir; birinci halın anlamı şəxsin şiddət vasitəsilə zərər vurmasıdır, ikinci halın anlamı məqsədə çatmaq üçün özünü maksimum yükləməkdir. Belə bölgünün yekunları irəlicədən açıq-aydın görünür; yəni birinci hal şərin timsalıdır, yıxıcı, dağıdıcıdır, buradan müsbət nəticə gözləmək imkansızdır. Bu variant, məncə, əsasən idarə olunmayandır. İkinci haldakı aqressiya, ifrat canatma, qarşıya qoyulan məqsədin xarakterindən, asılı olaraq yekunlaşacaq. Bu hal daha çox yaradıcı insanların, idmançıların, siyasətçilərin, elm adamlarının arasındakı rəqabət, yarışma psixologiyasına uyğun gəlir. Amma bu psixoloji proses də kənar təsirin yox, hər yaradıcı şəxsin daxilində oturmuş idrak hakiminin nəzarəti altında olmalıdır. Yəni sən yaratdığını yarat, görəcəyin işi gör, dəyər verməyi insanların və zamanın ixtiyarına burax! Adətən zəngin biliyə, həqiqi istedada malik, öz yaratdığına peşəkar tərzdə inanan insanlar dedi-qodulara baş qoşmur, həsədi, aqressiv hissləri demək olar ki, unudurlar!
Müasir insanda aqressiya daha nələrdən törəyir? Müşahidə və bilgilərimi bölüşməkdə davam edirəm. Yeri gəlmişkən, psixoloqların ümumi rəyinə görə beyindəki xəstəliklər, qəfil psixoloji sarsıntılar da aqressiyanın meydana çıxmasında fitil rolunu oynaya bilər. Ümumi halda normal insanlara nəzərən;
- Yığılan enerjini boşaltmaq imkanının olmaması;
- Ətrafda baş verən aqressiv nümunələr;
- KİV-də şiddət səhnələrinin total sərgilənməsi;
- Uşağın, yaxud istənilən yaşda bir şəxsin şiddətə məruz qalması;
- Aqressiyya ilə ifrat yüklü mühitlə sıx təmas;
- Şiddətə təhrik (məsələn, sən kimisə aşağılayır, onunla məzələnirsən, bu qarşı tərəfi aqressiyaya çağırışdır);
- Tərəflərdən birinin sevgi ehtiyacının rədd edilməsi (qərarı verən tərəfin kim olmasından asılı olmayaraq, hər iki tərəfdə aqressiya yarada bilər) və s. situasiya vəziyyətinin aqressiya halına təsirləri hətta bizim izahatımız olmadan da göz önündədir.

6.

Psixoloqlar kiçik yaşlı uşaq və aqressiya mövzusuna da tez-tez müraciət edirlər. Bu, təbii ki, əsassız deyil. Axı, uşaqlar çox həssasdırlar, onlar ətrafda baş verənlərə lakmus kağızı kimi dərhal reaksiya sərgiləyirlər. Qeyd olunur ki, qıcıqlandırıcı amillər çox asanlıqla uşaqların halını dəyişir. Yəqin müşahidə etmisiniz, haçansa bir dəfə iynədən qorxmuş uşaq ona iynə vurulacağını, yaxud zədələnmiş əza üzərində həkimin hansısa bir əməliyyat aparacağını hiss edəndə çığırıb ağlayır, özünü hara gəldi çırpır. Deməli, o, şiddətlə üzləşmişdir. Əslində, ona qarşı edilən hərəkət xeyirxah məqsəd daşıyır.Müalicə aparılmasa xəstəlik güclənə bilər. Amma nəzərə alın ki, bu halda uşağın ağrı yaddaşı büsbütün oyanmışdır.
Başqa bir misal, uşaq yad adam görəndə üz-gözünü bozardaraq atasına, yaxud anasına qısılır, yad adamı qəzəblə süzür. Digər bir hal uşaqların özlərinəməxsus olan əşyaların toxunulmazlığı ilə bağlı müşahidə edilən aqressiyadır. Uşaqlar öz oyuncaqlarını, əşyalarını çox sevir və ona yad əlin toxunması ilə barışa bilmirlər. Uşaqlar öz istəklərinə çatmaq üçün də aqressiv davranış sərgiləyirlər. Mağazalarda, oyun zallarında, əyləncə mərkəzlərində istədiyini əldə etmək üçün çığır-bağır salan, ata-anasına qarşı aqressiv davranan uşaqlarla hər birimiz rastlaşırıq. Belə hallarda valideyn güzəşt edib övladının hər istəyini yerinə yetirərsə, heç şübhə etməyin ki, bu davranışlar təkrarlanacaq, vərdiş halını alacaq.
Aqressiyanın mövcudluq coğrafiyası, baş qaldıra biləcəyi ünvan demək olar ki, həyat deyilən bütün çevrəni əhatə edir. Onun doğal səciyyəsindən publisistik baxış bucağından az da olsa danışdıq. Bəs yaxşı, cəmiyyətdə, siyasətdə bu problem konkret şəkildə necə təzahür edir, imkan daxilində mülahizələrimi bildirmək istərdim. Dünya tarixində baş vermiş müharibələri kütləvi aqressiya saymaq olar. Ədalətsiz, digər xalqların məhvinə, torpaqların işğalına yönəlmiş bütün hərbi əməliyyatlar aqressiv təcavüzdür. Ötən əsrin 40-cı illərində tüğyan edən faşizmin törətdiyi faciələrin statistikası dəhşət saçır. Bu müharibədə dünya əhalisinin 80 faizi iştirak edib, müharibə taunu 40 dövlətin ərazisinə yayılıb, nüvə silahından istifadə olunub. Səfərbərliyə alınan 110 milyon insandan 60-65 milyonu öldürülüb. SSRİ vətəndaşı və müharibədə tələf olan 11 milyon insandan 300 min nəfərdən çoxu azərbaycanlı olmuşdu.
Ən yaxın tarixin acı nəticələri də hər birimizi kədərləndirir; erməni aqressorlarının vəhşi hücumu nəticəsində 1992-ci il 26 fevralda Xocalıda 643 nəfər həlak olub, onların 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib. Ümumiyətlə, Qarabağ savaşında 200 uşaq azərbaycanlı olduğuna görə ermənilər tərəfindən öldürülüb. Gördüyünüz kimi, təbiət də, siyasət də, ictimaiyyət də öz aqressiyasını bu və ya digər şəkildə boşaldaraq mövcudluğunu saxlayır, necə deyərlər, yola davam edir. Qlobal və ümumi müstəviləri bir kənara qoyaq. Fərdi dünyamızdakı aqressiyalar gözəgörünməz sehr kimidir. O, bizim çevrəmizdədir, gözümüz qarşısından ötüb keçir, yaxud onu öz içimizdə daşıyırıq. Bəzən onu bir başqası yox, bu və ya digər şəxsin özü körükləyib alovlandırır. Məsələn, insan düzgün qidalanmır, yuxusuz qalır, streslər yaşayır, həddindən çox alkoqol qəbul edir, narkotikaya uyur... Gəlin düşünək; bir insan daim gərginlik altında fiziki olaraq çalışıb nəticə etibarilə istədiyi yekunları ala bilmirsə, haqqı tapdalanırsa, ədalətsizliklə üzləşirsə, ailə içərisində daim şiddət altındadırsa, küçədə, evdə kütləvi informasiya vasitələri elə hey neqativ məlumatları insanları başı üzərinə səpirsə, o zaman aqressiya reallaşmağa doğru daha iri addımlarla irəliləməyə başlayır.

7.

Xüsusən uşaqlara aqressiyanı qadağan etmək olmaz, hirs-hikkə mütləq qaydada candan çıxmalıdır.
Amerika psixoloqları A.Bass və A.Darkın bölgüsünə görə:
- Fiziki aqressiya
- Dolayısı aqressiya - gizli yolla konkret şəxsə yönəlir
- Qıcıqlandırma
- Şifahi (verbal), sözlə hücum
- Neqativizm - qadağalara qarşı passiv, yaxud aktiv aqressiya təfərrüatları mövcuddur.
Cəmiyət elmi təsnifat aparmasa da, aqressiyanın varlığını, həm də təhlükəli olduğunu daim etiraf edir. Aqressiya hansı fəsadlar törədə bilir... Əvvələn, o, bir an içində səmimi insan münasibətlərinə balta vurur, əgər aqressiyanın baş verdiyi anlar salamatçılıqla qurtarsa belə, ortaya çoxillik ədavət toxumu səpilir. O, şəxsiyyəti nüfuzdan salır. Məsələn, sərxoş olub qışqır-bağır salan, toyda rəqs etmək növbəsi üstündə dava salıb bütün məclis əhlini pərt edənlər necə də miskindirlər! Özündən ağıllı və istedadlıya, karyera sahəsində sürətlə yüksələn şanslılara, bir namizədin seçkidə üstünlük qazanan digər namizədə, imkanlı qonşulara, iş yoldaşının uğurlarına qarşı şiddətli və yersiz həsəd hissi düyan və bu pozitiv epizodlara kölgə salmaq istəyən insan necə də ağılsız və yazıqdır.
Çoxdan sübut olunub ki, aqressiya düzgün idarə olunmazsa, bir çox ciddi xəstəliklər, psixoloji, psixiatrik problemlər törədir. Aqressiyanın davamlı tüğyanı immun sistemini zəiflədir, ürək-damar pozuntularına, şəkər xəstəliyinə yol açır.

8.

Dedik ki, aqressiya hər kəsdə ola bilir. Dedik ki, ona qadağa qoymaq olmaz. Bu zaman yalnız bircə tənzimləyici yol qalır: aqressiyanı necə sovuşdurmalı? Söhbətimin ən vacib məqamlarından biri də məhz bu suala tapacağımız cavabdan asılıdır.
Bəli, aqressiya idarə olunandır və idarə olunmalıdır!
Alimlərin fikrincə, aqressiyadan xilas olmanın ən uyğun istiqaməti şəxsin öz qəzəb və hiddətini sosial cəhətdən məqbul sayılan bir formada ifadə etmək, yəni katarsisdir. Yadda saxlayaq ki, vətəndaş cəmiyyəti nə qədər inkişaf etmişsə və yetkindirsə, orada aqressiv risklər azalır. Əgər dairəni daraltsaq, bu formula ailə şəraitində, yaxud fərdlər arasındakı epizodlarda da özünü doğruldur.
Bütün hallarda aqressiyanın alternativi pozitiv əlamətdir; rəhmdillik, mərhəmət, birgə əməkdaşlıq arzusu, üzrxahlıq bacarığı, biliklərin olması, zəhmətkeşlik, sağlam həyat tərzi, ağıllı məsləhətlər, dostlara, ailə üzvlərinə, iş yoldaşlarına, bir sözlə, təmasda olduğumuz hər kəsə sevgi və ehtiram insanı nəinki aqressiyadan, eləcə də həyatın bütün zavallarından xilas edir.
Heç şübhəsiz ki, aqressiya ənənə və mentalitet, ailə mühiti, məktəb, ətraf-mühit və həyat tərzinin səviyyəsi, cəmiyətin bilik potensialı, şəxsi nümunə və s. kimi şərtlər nəzərə alınmaqla tənzimlənə bilər. Aqressiya bir fərdin timsalında baş qaldırdığı halda da lokal olaraq qalmır, partlayış halında kənara sıçrayır və istər-istəməz başqalarına da ziyansız ötüşmür.
Məncə, özünün aqressiv olduğunu etiraf etmək, günahı özündə görmək, baş vermiş anlaşılmazlığı ikilikdə müzakirə etmək kimi davranışlar da aqressiyanı tənzimləyən cəhdlər və şərtlər sırasında yer ala bilər.
Bəzən eşidirik ki, aqressiv uşaqların sayı, yaxud uşaqlarda aqressiya artır. Məncə, insan psixologiyasında baş verən bütün əhəmiyətli, çevrəyə təsir gücünə malik hallar diqqət mərkəzində saxlanılmalı, uyğun təlimatlar, çıxış yollarını canlandıran sistemlər yaradılmalıdır, o cümlədən, uşaqlarla bağlı. Məsələn, valideynlər uşaqlarında müşahidə olunan aqressiv hallara dərhal müdaxilə etməlidirlər. Bu zaman vacibdir ki, sərgilənən davranışa sakit reaksiya verəsən. Belə hallarda aqressiv uşağın şəxsiyyətini yox, hərəkətini tənqid etmək gərəkdir. Uşaqla əvvəlki münasibətlər isə dərhal bərpa olunmalıdır. Övladlarımızın yaxşı hərəkətlərinin hər zaman dilə gətirilib dəyərləndirilməsi onları ruhlandırır, uşaqlar sizin tərifinizə layiq olmağa çalışırlar.

9.

Elə bilirəm ki, mövzu ilə əlaqədar, tam olmasa da müəyyən cəhətlərə nəzər sala bildik. İndi düşünürəm, yaxşı olar ki, psixoloq həmkarlarım, oxucular burada toxunulan məsələlərə münasibət bildirəydilər. Elə bilirəm müzakirə aparsaq, əldə olunmuş yekun müddəalar əsasında aqressiyadan əziyət çəkən kəsimə daha uyğun tövsiyələr təqdim edə bilərik. Sözünü dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından bir parça şeir və ana kitabımız "Kitabi Dədə Qorqud" dastanından bir örnək xatırlama ilə bitirmək istəyirəm. Nizami Gəncəvi yazır:
"Yalnız insan oğlu ac qalan zaman
Şikayət naləsi ucalar ondan.
Əlindən tikəsi çıxsa bir kərə
Başının tüstüsü çıxar göylərə.
Toxunsa damına bir damcı yağış
Buludu töhmətlər, dilində qarğış.
İnsan topa tutar günəşi yerdən
Ona fındıq boyda daş dəysə birdən.
Çalış işıq kimi parlaq olasan,
Qara niyyətlərdən uzaq olasan.
Aləmə, su kimi həyat ver, can ver,
Hər rəngə uyğunlaş, dərdə dərman ver.

Şairin 850 il bundan əvvəl söylədikləri sanki bugünkü insanın hirsinin, qəzəbinin, aqressiyasının cilovlanması naminə qələmə alınmışdır.
O ki, qaldı ulu dastanımızdan örnəyə mövzumuza uyğun olaraq sizə "Dirsə xan oğlu Buğac xan" boyunu xatırlatmaq fikrindəyəm. Əvvəl onu deyim ki, bu dastan V-VII və XI əsrlərdə oğuzların böyük çöldən hərəkətə keçərək tarixi türk coğrafiyasında imperiya qurduqları zamanların doğma dilimizdə olan ana salnaməsidir. Adını çəkdiyim boyda deyilir ki, Dirsə xanın oğlu Buğac öküzə üstün gəldikdən, atası tərəfindən yüksək mənsəbə çatdıqdan sonra tayfanın 40 igidi Buğac xana qarşı paxıllıq duyur və xəyanət yolunu tuturlar. Dirsə xanı inandırırlar ki, bəs Buğac var-dövlətinə sahib olmaq üçün səni öldürməyə hazırlaşır. Yol göstərirlər: o səni öldürməmiş, sən onu öldür. Dirsə xan oğlunu və 40 xaini götürüb ova çıxır. Buğac böyük hünər göstərib çox sayda ov heyvanını atasına tərəf toparlayanda 40 xain Dirsə xanı qızışdırır. Deyirlər ki, bax gör o səsin qarşında öz hünərini göstərir, fürsət düşən kimi səni öldürəcək. Dirsə xan aqressiyasının ən yüksək pikinə qalxır və oğlunu sinəsindən oxlayır...
Necə düşünürsünüz, ən qədim zamanlardan aqressiyanın törətdiyi faciə sərgilənmirmi bu müdrik dastanda?
Yəqin hekayətin davamını da bilirsiniz Buğac necə sağalır? Ana südü, dağ çiçəklərinin şəfqəti ilə. Deməli, aqressiyanın ağır bəlasından qurtarmaq üçün insanların bir-birinə məhəbbəti, sevgisi və şəfqət hissi ən düşərli dərmandır!
525.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !